3 xəstəxana koronavirusa yoluxmuş şəhid ailəsinin üzvünü qəbul etmədi:
Cəmiyyət
14.12.2020 02:35
314

3 xəstəxana koronavirusa yoluxmuş şəhid ailəsinin üzvünü qəbul etmədi: "Deyirlər ki, yer yoxdur"

Ölkəmizdə koronavirusa yoluxma sayı artır. Lakin xəstələr çox vaxt müalicə olunmaq üşün xəstəxana tapa bilmirlər. Belə ki, xəstəxanaların baş həkimləri müəssisədə yer olmadığını bildirirlər. Belə problemlə Vətən müharibəsində şəhid olmuş Dünyamin Tağızadənin ailəsi də üzləşib.

Belə ki, şəhidin babası Şirin Quliyev COVİD-19-a yoluxub və ağır vəziyyətdədir. Bərdə Diaqnostika Mərkəzində xəstənin diaqnoz nəticəsinə əsasən təcili xəstəxanaya yerləşdirilməli olduğu bildirilib. Lakin Bərdə xəstəxanasında yer olmadığı üçün xəstənin yaxın məsafədə olan Tərtər və ya Goranboy rayon xəstəxanalarına yerləşdirilməsi tövsiyə olunub.

Şirin Quliyevin qızı Ziyafət Quliyevanın dediyinə görə, atasını Tərtər rayon Xəstəxanasına aparsa da, xəstəxana rəhbərliyi onun müraciətinə məhəl qoymayıb. Ona görə də son çıxış yolu kimi Ziyafət Quliyeva Cebhe.info-ya müraciət edib:

“Atam çox ağır vəziyyətdədir. Artıq qida da qəbul edə bilmir. Hara müraciət edirəmsə, baxmırlar. Oğlum şəhid olub, heç olmasa, atamı da eyni vaxtda itirməyim (ağlayır). Bərdədə xəstəxanada yer olmadığını dedilər. Ona görə də atamı Tərtər rayon Xəstəxanasına apardım. Burada da bizə baxan yoxdur. Analizlərin nəticəsinə görə, atam təcili xəstəxanaya yerləşdirilməlidir. Təcili Tibbi Yardıma zəng edirəm, deyirlər ki, biz gələ bilmərik. Məcbur olub xəstəni özüm xəstəxanaya apardım, onda da qəbul etmədilər. Artıq evdə gəlinimiz də yoluxub, yəqin ki, mən də yoluxacağam. Xahiş edirəm, bizə kömək edin”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Tərtər rayon Xəstəxanası ilə əlaqə saxladıq. Baş həkiminin müavini Sevda Əliyeva vəziyyətdən xəbərdar olduğunu, şəhid anasının müraciətini dinlədiyini, lakin xəstəxanada yer olmadığı üçün Goranboy rayon Xəstəxanası ilə maraqlanmağı tövsiyə etdiyini bildirdi. Hətta bizi Goranboy rayon Xəstəxanasının Baş həkimi İftixar Zeynalovla əlaqələndirdi.

Baş həkim öz növbəsində bizi xəstəxanın koordinatoru Şubay Hacyevə yönləndirdi. Şubay həkim isə bildirdi ki, hazırda xəstəxananın reanimasiya şöbəsində bir nəfərlik yer qalıb ki, ora da Gəncədən gətirilən xəstə yerləşdiriləcək: “Heç cür mümkün deyil”.

Beləcə koronavirus xəstəsi ağır vəziyyətdə Allah ümidinə qalıb. Maraqlıdır, üç rayon ərazisində şəhid ailəsinin üzvü beləcə ölümə tərk edilməlidir? Necə ola bilər ki, ölkənin səhiyyə sistemi insan həyatına bu qədər laqeyd yanaşsın?

Ziyafət xanımın sözlərinə görə, Şubay Hacıyev onunla telefon danışığında atasının vəziyyətini öyrənəndən sonra xəstənin oksigen aparatına ehtiyacı olduğunu deyib: “Dedi ki, onlarda oksigen aparatı yoxdur, xəstəni necə qəbul etsinlər? Apteklərdən nəinki qanduruldan antiviral dərmanlar, heç vitamin C tapmaq olmur. Xəstəxanalarda yer, apteklərdə dərman yox, Təcili Tibbi Yardım da gəlmir. Nə edək?”

Ümid edirik ki, aidiyyəti qurumlar heç olmasa, şəhid ailələrinin probleminə biganə qalmayacaq.

Loading...
Loading...