5 ildir axtarışda olan şəxs tutulub
Hadisə
23.05.2022 16:13
593

5 ildir axtarışda olan şəxs tutulub

Uzun illər ərzində axtarışda olan şəxs tutulub.

Baş Prokurorluqdan MediaBakuaz-a  verilən məlumata görə, 30 mart 2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə  odlu silahdan  açılan atəşlə  qəsdən öldürülməsi  faktı ilə bağlı  Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak etmiş  qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham  elan  edilmiş,  həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 24.05.2019-cu il tarixdə   məhkəməyə  göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.

Cinayət əməlinin törədilməsində   təqsirli bilinən  Azərbaycan Respublikasının vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət  Məcəlləsinin  120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər  müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 01.05.2017-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulmuş, 18 may 2022-ci il tarixdə ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.

Loading...
Loading...