9 ayda Azərbaycanın növbəti iqtisadi uğuru  - birbaşa cəlb edilən investisiyalar 27 faiz artıb
İqtisadiyyat
16.12.2020 17:48
97

9 ayda Azərbaycanın növbəti iqtisadi uğuru - birbaşa cəlb edilən investisiyalar 27 faiz artıb

Kamran Məmmədli: “Digər ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi vəziyyət yaxşıdır”

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 27% artaraq 3,4 mlrd. dollara çatıb. Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 85,3% təşkil edib.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509,7 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 893,4 mln. dollar) kapitalın repatriasiyası (3 403,1 mln. dollar) arasındakı fərqdən formalaşıb.

Cari il ərzində ölkəyə xaricdən yatırılan investisiyaların həcmi artıb.

“Azərbaycan hər zaman xarici investorlar üçün maraqlı ölkə olub”

İqtisadçı Kamran Məmmədli bildirdi ki, digər ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi vəziyyət yaxşıdır: “Elə ölkələr var ki, orada xarici sərmayələrin payı daxili investisiyalarla müqayisədə daha böyükdür. Pandemiya həmin ölkələrə bu baxımdan daha çox öz təsirini göstərib. Nəticədə iqtisadiyyata sərmayə qoyuluşunun azalması daha böyük rəqəmlərlə ölçülür. Həmin ölkələrdən fərqli olaraq, Azərbaycan iqtisadiyyatında daxili investisiyaların payı daha böyükdür. Daxili investisiyalar əsasən dövlət vəsaiti hesabına təmin edilir.  Çinə qoyulan sərmayənin həcmi orta hesabla 74 milyard dollardır. Birləşmiş Ərəb Əmirliyində bu, 16 milyard dolları ötür. Ancaq həmin ölkələrə qoyulan sərmayələrdə xarici investorların payı böyükdür. Bununla yanaşı, sözügedən ölkələrə qoyulan sərmayə böyük olduğuna görə azalma da böyük rəqəmlərlə ölçülür. Bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına tam inteqrasiya olunmayıb. Elə ölkələr var ki, orada ÜDM-in hardasa 50 faizi xarici ticarət hesabına formalaşır. Bu kimi ölkələrdə sərmayələrin azalması daha çox özünü göstərir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan hər zaman xarici investorlar üçün maraqlı ölkə olub: “Ölkədə sabitliyin hökm sürməsi investorlar üçün əsas şərtlərdən biridir. Bu da bizim ölkədə olduğu üçün xarici sərmayəçilər ölkəmizə yatırım etməkdə maraqlıdırlar”.

Baki-xeber.com

Loading...