Ana foto göstərib
Cəmiyyət
20.10.2021 20:40
50

Ana foto göstərib "Yaxşı qızdır, bununla evlən" dedi, oğlu həmin xanımı qaçırdı

Azərbaycanda əvvəlcədən əlbir olaraq qız qaçıran şəxslərə hökm oxunub.

Oxu.Az 2021-ci ilin may ayında baş verən hadisənin təfərrüatını təqdim edir.

1993-cü il təvəllüdlü, Şəmkirdə yaşayan İlham fərdi əməklə məşğuldur.

Onun anası oğlunun evlənməsi üçün qız seçimini öz üzərinə götürür. Oğluna bir qız fotosu göstərir və İlhamı həmin xanımla ailə həyatı qurması üçün dilə tutur. "Yaxşı qızdır, bununla evlən" - deyə, ana oğluna bildirir.

Qız haqqında qısa məlumat

Aynur (şərtidir) Şəmkirdəki "Rafik Optika"da təcrübəçi kimi işə düzəlib. Burada təcrübə keçdikdən sonra xəstəxananın önündəki apteklərin birində eynək ustası işləməyi qarşısına hədəf qoyub.

Aynur 2003-cü il təvəllüddür, yəni, İlhamdan düz on yaş kiçikdir.

Oğlan qızı görür

İlham anasının məsləhətindən sonra Aynur işləyən yerə gəlir, eynək düzəltmək adı ilə Aynurla ünsiyyət yaradır.

Qızdan xoşu gəlir və onunla evlənmək qərarını qətiləşdirir.

Bir neçə dəfə həmin məkana gəlir, axırda ürəyini qıza açır, onu sevdiyini və ailə qurmaq istədiyini bildirir.

Qız isə onunla ailə qurmaq arzusunda olmadığını izhar etdikdə, İlham "sənin istədiyin oğlan var?" sualını verir. Aynurun bu suala cavabı "yox" olur, ancaq İlhamla da nikaha girmək niyyətinin olmadığını bildirir.

2021-ci ilin mayın 17-də İlham Aynuru evlənmək məqsədilə qaçırmaq qərarına gəlir. Yeznəsi Orxan və tanışı Zahiddən bu niyyətini həyata keçirmək üçün yardım istəyir.

Qaçırılma anı

İlham "Rafik Optika"ya daxil olur, Aynurla salamlaşır və onunla getməsini tələb edir. Aynur buna razı olmur, bu zaman İlham "B" planını işə salır.

Aynurun qolundan tutub özünə çəkir, Aynur isə onu aparmaması üçün yalvarır.

Qızın iş yoldaşı olan digər xanım İlhamın qarşısını almaq üçün Aynurun qolundan tutub özünə doğru çəkməyə başlayır.

Bu zaman Zahid içəri daxil olur, digər xanımı kənara itələyir, fürsətdən istifadə edən İlham Aynuru qucağına götürüb avtomobilə əyləşdirir, qaçmaması üçün onu qucaqlayıb bərk-bərk sıxır.

Aynur şokdadır

Avtomobildə onlar arasında mübahisə yaşanmır, Aynur hadisənin təsirindən ayılmamış İlham onun qarşısında şərt irəli sürür. "Sən valideynlərinin mənimlə evlənməyinə razılıq vermədikləri üçün mənimlə qaçdığını bildir. Yoxsa, səni daha uzaq yerlərə aparacağam".

Aynur bununla razılaşır. İlham Aynuru əvvəlcədən planlaşdırdığı yerə gətirir, qız anasına öz yazdığı məktubu ünvanlayır və hər şeyin yaxşı olduğunu bildirir.

Anasının narahatlığını başa düşərək ona İlhamın telefonu ilə səsli mesaj da göndərir. Ancaq Aynurun anası qızın dediklərinə inanmır.

Bakıya doğru

İlhamla Aynur Bakıya yollanırlar. İlham Binə qəsəbəsində qalan tanışının evinə gedir, lakin tanışı İlhamın Aynuru qaçırdığını bildikdə əsəbləşir. Bununla belə onlar bir gün burada qalırlar. Bu müddətdə Aynurun anası polisə şikayət etdiyindən polis araşdırmalara başlayır və bir gün sonra İlhamı, Orxanı və Zahidi saxlayır.

Hökm

İstintaq materiallarında İlhamla Aynurun ifadələri eyniyyət təşkil edir. Aynur İlhamla barışır və ona qarşı heç bir tələb və şikayət irəli sürmür.

Məhkəmə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxsin adam oğurluğu) əsasında hökm çıxarıb.

İlhama, Orxana və Zahid 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Məhkəmə bu hökmü çıxararkən Cinayət Məcəlləsinin 70-ci maddəsini (şərti məhkumetmə) tətbiq edib.

Beləliklə, İlhama 3, Orxan və Zahidə hərəsinə 2 illik sınaq müddəti tanınıb. Yəni, onlar həbs edilməyiblər.


Loading...
Loading...