Siyasət
15.12.2020 02:03
193

"Atamı girovluqdan azad edəcək yeganə şəxs Prezident idi” - Dilqəm Əsgərovun oğlu

"Atamın azad edilməsi xəbərini yeni almışam. Çox sevincliyəm. Sözlə ifadə edə bilməyəcəyim hisslər keçirirəm".

MediaBaku.az xəbər verir ki, bunu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının girovluqdan azad edilərək vətənə gətirilməsindən danışarkən deyib.

"6 il bundan öncə atamgil Kəlbəcər rayonunda girov götürüləndə demişdim ki, onları azad edib, Azərbaycana qaytaracaq tək insan Ali Baş Komandan İlham Əliyevdir. Prezidentimizə dərin təşəkkürümü bildirirəm".

K.Əsgərov atası ilə hələ görüşə bilmədiyini bildirib.

"Mən rayondayam, xəbəri yeni aldım. Hələ atamla danışmamışam".

Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Loading...
Loading...