Avropalı alimlərin Xəzər dənizi ilə bağlı qorxunc proqnozuna AMEA-dan REAKSİYA
Cəmiyyət
24.12.2020 13:49
135

Avropalı alimlərin Xəzər dənizi ilə bağlı qorxunc proqnozuna AMEA-dan REAKSİYA

"Bu bütün Xəzər dənizi ətrafı üçün böyük faciəyə səbəb olacaq. Şimali Qafqaza, Azərbaycana, Orta Asiya, İrana öz mənfi təsirini göstərəcək”.


Bu sözləri Sfera.az-a açıqlamasında alman və niderlandlı tədqiqatçıların 2100-ci ilə qədər Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyilə bağlı proqnozuna münasibət bildirərkən, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib:


"Böyük əraziləri səhralaşma prosesi bürüyəcək, yağıntının miqdarı azalacaq. Bu da öz mənfi təsirlərini kənd təsərrüfatında göstərəcək. Dəniz təsərrüfatı indiki səviyyəyə hesablandığından həmin olay baş verərsə, deməli o da dəyişməlidir. Buruqlar, limanlar, başqa-başqa tikililərin yeri dəyişməlidir ki, bu da milyardlarla dollar vəsait deməkdir.


Proqnozlar doğrularsa, dəniz ətrafında yaşayan çoxsaylı insanlar həmin əraziləri tərk etməli olacaq. Həmin vəziyyət ona görə də xüsusən ölkəmiz üçün arzuolunan deyil. Çünki ölkə əhalisinin və sənayenin mühüm hissəsi Xəzər hövzəsi ətrafında cəmlənib”.


Lakin institut rəhbərinin dediyinə görə, sözügedən təhlükənin baş vermə ehtimalın gerçəkləşməsi 0-0,1 faiz əmsalı ilə ölçülə bilər:


"Geoloji dövrdə belə hallar olub. 50-100 min il bundan əvvəl bu sayaq dəyişikliklər baş verib. Amma 50-100 ilə belə dəyişikliklərin olması mümkün deyil. Proqnoz verənlər tək su balansına və iqlim dəyişikliyinə görə bunu iddia edirsə, burada real coğrafi faktoru nəzərə almırlar. Xəzər dənizinin səviyyəsi qalxırsa, deməli suyun səviyyəsi artır.


Bu zaman buxarlanma sahələri çoxalır. Nəticədə səviyyənin qalxması dayanır. Əksinə, dənizin səviyyəsi kəskin aşağı düşürsə, buxarlanma səthi azalır, yağıntılar nəticəsində çaylardan gələn su hesabına suyun səviyyəsi qalxır. Yəni cazibə səviyyəsi deyilən anlayış var ki, o da təxminən 28 metrə bərabərdir.Proses məhz bu ətrafda rəqs edir.Ona görə də qarşıdakı 100 ilə Xəzərin səviyyəsinin 18 metrə qədər enəcəyi proqnozu inandırıcı deyil”.

Loading...