Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
İqtisadiyyat
09.12.2020 10:05
186

Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib

2020-ci ilin noyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barrel olub.

Energetika Nazirliyindən MediaBaku.az-a verilən məlumata görə, bunun 587 min barrelini xam neft, 99,2 min barrelini isə kondensat təşkil edib.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında "OPEC plus" üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, "OPEC plus" üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli "OPEC plus" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Cari ilin 3 dekabr tarixində OPEC+ nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC plus" ölkələri tərəfindən 7,2 mln. barrel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barrel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkəmiz üçün təklif olunan gündəlik neft hasilatı 595 min barrel səviyyəsində müəyyən edilib.

Loading...
Loading...