Azərbaycan XİN:  Ayvazyanın Qarabağa qanunsuz səfəri üçtərəfli bəyanata ziddir
Siyasət
06.01.2021 16:13
689

Azərbaycan XİN: Ayvazyanın Qarabağa qanunsuz səfəri üçtərəfli bəyanata ziddir

“Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir”. 


Bu açıqlama ilə Azərbaycan  Xarici İşlər Nazirliyinin  mətbuat xidməti idarəsi çıxış edib.  Açıqlamada qeyd olunur ki,  bu addım hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə uyğun gəlmir. Nazirlik xatırladıb ki,  Ermənistanın baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və  bölgədə vəziyyətin normallaşmasına xidmət etmir. 


Saxta.info Azərbaycan Xarici İşlər Nazirliyinin bu açıqlamasını  şərtləndirən məqamları dəqiqləşdirib, bu reaksiyanın nə dərəcədə əsaslı olduğunu araşdırıb.

Öncə qeyd edək ki,  Ermənistan mediasının məlumatına görə,  yanvar ayının 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan  Dağlıq Qarabağa  işgüzar səfər edib.  O burada qondarma “respublika”nın yeni təyin olunan “xarici işlər naziri” David Babayanla görüşüb,   ona yeni vəzifəsində məhsuldar fəaliyyət arzulayıb. Daha sonra Ermənistanla qondarma “respublika” arasında ənənəvi əlaqələrin gücləndirilməsindən söz açılıb, üstəlik “məsləhətləşmələr planı” da imzalanıb.


Təbii ki, bu görüş daxili auditoriyaya hesablansa da  bu addımın  vəziyyətin normallaşmasının əksinə  atıldığı, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərdən yayındığı da göz qabağındadır.   


Bu məqama toxunmazdan öncə, qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan ordusu bütün cəbhə boyu  əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən müharibədə Azərbaycan   27-28 il ərzində Ermənistanın işğalı altında olan ərazilərinin böyük hissəsini  azad edib.

Müharibənin gedişatında, konkret olraq oktyabrın 4-də Azərbaycan tərəfi döyüşlərin dayandırııması üçün Ermənistan qarşısında şərt qoyub.  Azərbaycan prezidenti İlham Əliyev  xalqa müraciətində  bildirib ki,  Ermənistan tərəfi  işğal edilmiş torpaqlardan  silahlı qüvvələrinin çıxarılması cədvəlini təqdim edərəsə atəşkəs rejimi bərpa oluna bilər. Amma  ilk vaxtlarda Ermənistan bu şərtlə razılaşmayıb, noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra  rəsmi  İrəvan  Azərbaycan tərəfinin şərtinə əməl etməyə məcbur olub. 

Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında müharibənin dayandırılmasına dair üçtərəfli bəyanat imzalanıb. Və bununla da 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə yekunlaşıb. Sənəd Ermənistanın təslimçilik aktını imzalaması kimi qiymətləndirilib.  

Ermənistanın baş naziri Nikol Paşinyan müharibənin nəticələri ilə bağlı açıqlamalarında bu sənədə imza  atmağa məcbur olduğunu özü də etiraf edib. O deyib ki, əgər bəyanat imzalanmasa idi 25 min  hərbçi  Azərbaycan ordusunun  mühasirəsinə düşə, sonra isə ya ölə, ya da əsir götürülə bilərdi.   

Bundan başqa Ermənistan ordusunun silah-sursat, ağır texnika, artilleriya, zenit-raket kompleksləri, radiolokasiya sistemləri  baxımından verdiyi itki artıq  onun müharibəni davam etdirmək imkanlarını sıfıra endirmişdi.  Bunu açıqlanan rəqəmlər və Azərbaycan Müdafiə Nazilriyinin yaydığı görüntülər də sübut edir.

Bu mənada Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabr ayında verdiyi açıqlamda   “sülhdən imtina Ermənistan üçün intihar olardı” deməsi təsadüfi deyil. 


Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan hökuməti  noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatda bir sıra öhdəliklər  götürmək məcburiyyətində qalıb.

İlk növbədə Azərbaycan tərəfinin işğalda olan bölgələrinin qaytarılmasına dair qrafik təqdim edib.  Belə ki,   İrəvan  15 noyabrda Kəlbəcəri, 20 noyabrda Ağdamı, dekabrın 1-də isə Laçın rayonunu qaytarmağı öhdəsinə götürüb.  Sonradan Kəlbəcərlə bağlı  vaxt noyabrın 25-dək uzadılsa da ümumilikdə  Ermənistan silahlı qüvvələri qrafikə uyğun olaraq adıçəkilən rayonlardan çıxıb.


Bundan başqa sənədə   sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinə dair  bənd salınıb.  Yəni Ermənistan rusiyalı sülhməramlıların  yerləşdiyi ərazilərdən öz ordusunu çıxarmağı da öhdəsinə götürmüş olub. Ermənistanın başqa bir öhdəçiliyi isə  Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Mehri dəhlizinin bərpası və  bu dəhlizin təhlükəsilziyi ilə bağlıdır.


Bu kontekstdə Ermənistan xarici işlər nazirinin Qarabağa səfəri rəsmi İrəvanın öhdəliklərə əməl etməməsi və bölgədə gərginliyin daha da artmasına rəvac verməsi kimi qiymətləndirilə bilər.


Əslində Ara Ayvazyanın səfərinə qədər bu müstəvidə  bir sıra təxribatçı hərəkətlərə yol  verilib.

Belə ki, bəyanatın  4-cü bəndinin əksinə olaraq   erməni silahlı birləşmələri  Dağlıq Qarabağ ərazisini tərk etməyib, üstəlik bununla bağlı Rusiya sülhmərmalı qüvvələrinin çağırışlarına da məhəl qoyulmayıb.  Hətta  Ermənistan tərəfinin “azmış” adlandırdığı silahlılar bir neçə dəfə Azərbaycan ordusuna və mülki şəxslərə qarşı hücumlar  təşkil edib.  Azərbaycan Müdafiə Nazirliyinin  məlumatına görə,   bu hücumlar  noyabr ayının 26-da, dekabrın 8-də və dekabrın 27-də  Xocavəndin Sur kəndində,  Hadrut qəsəbəsi yaxınlığında və Ağdam kəndi ətrafında təşkil olunub. Nətiəcədə Azərbaycan ordusunun 5 hərbi qulluqçusu həlak olub,  3-ü hərbçi, biri mülki  şəxs  olmaqla 4 nəfər də yaralanıb. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan ordusu və xüsusi xidmət orqanları  ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb, həmin silahlılar məhv edilib, bəziləri isə əsir götürülüb.

Ermənistan tərəfinin  üçtərəfli  bəyanata zidd davaranışları bununla yekunlaşmayıb. Belə ki, Dağlıq Qarabağda separatçılıq meylləri başlayan ilk gündən əlinə silah götürüb Azərbaycana qarşı döyüşən Vitali Balansanyanın ötən il dekabrın əvvəllərində qondarma  “respublika”da  təhlükəsizlik şurasının katibi kimi  peyda olması bu davranışın nümunəsi hesab oluna bilər.  Bu  “təyinat”dan bir müddət sonra Balsanyan   “Azərbaycanın nəzarətinə keçən əraziləri qutaracağıq” bəyanatı ilə çıxış  edib.  


Təbii ki,  bu bəyanat  Azərbaycanın  beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə  və suverenliyinə  qarşı  təhdidir və özünü düşünülmüş bir planın tərkib hissəsi kimi biruzə verir. Bir neçə gün öncə  David Babayanın qondarma DQR-ə “xarici işlər naziri” təyinatı  da  bu  qəbildəndir. 

Ermənistan tərəfinin bu davranışları, xüsusilə də  Dağlıq Qarabağa və əksinə təşkil olunan səfərlər  rusiyalı sülhməramlıların istər Laçın dəhlizi, istərsə də müyyən olunmuş digər ərazilərdəki fəaliyyətini də şübhə altına alır, onların nüfuzuna kölgə salır.  Bu dolayı yolla həm də  Dağlıq  Qarabağın  birmənalı olaraq Azərbaycanın tərkib hissəsi olduğunu söyləyən Rusiya prezidenti Vladimir Putinin mövqeyinə  qarşı çıxmaqdır.    


Saxta.info qeyd olunan fakt və arqumentləri nəzərə alaraq bu qənaətə gəlib ki,   Azərbaycan Xarici İşlər Nazirliyinin Ara Ayvazyanın Qarabağa “işgüzar səfəri” ilə bağlı  açıqlaması əsaslıdır.

Loading...
Loading...