“AzerGold”un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib  - FOTO
Ölkə
08.01.2021 17:02
548

“AzerGold”un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüş keçirib - FOTO

“AzerGold” QSC-nin kollektivi ordu sıralarından tərxis olunmuş həmkarları ilə görüşüb, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşlarından biri olan baş leytenant Muxtar Qasımlının məzarını ziyarət ediblər. Füzuli rayonun azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin, Çovdar Filiz Emalı Sahəsinin əməkdaşları Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilən Cəmiyyətin digər əməkdaşı baş leytenant Rauf Əsgərovun məzarını ziyarət edərək xatirəsini anıblar.

MediaBaku.az xəbər verir ki, İdarə Heyətinin sədri Zakir İbrahimov görüşdə hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki,  müzəffər Ali Baş Komandanın hərbi və siyasi müstəvidə atdığı qətiyyətli addımlar, xalqımızın həmrəyliyi və ordumuzun hünəri sayəsində Azərbaycan düşmən üzərində tarixi zəfərə imza atıb.


İdarə heyətinin sədri xatırladıb ki, şəhid olmuş igid oğullarımızın sırasında “AzerGold”un qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər ikisi “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları, Rauf Əsgərov həmçinin “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib”.


Zakir İbrahimov bildirib ki, “AzerGold” QSC-nin əməkdaşları kapitan Ruslan Muradov Xocavənd, Qubadlı və Şuşa isqamətlərində, baş leytenant Tələt Tağıyev Gədəbəyin müdafiəsində, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov,  Elmir Verdiyev, Sehran Əliyev Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər. Sədr mənfur düşmənə qarşı igidliklə vuruşan əməkdaşlar, eləcə də bu mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərlə qürur duyduğunu vurğulayıb.


Daha sonra Cəmiyyətin döyüşlərdə iştirak etmiş əməkdaşları öz təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolundan bəhs ediblər. Bildirilib ki, Azərbaycan ordusunun əzmkarlığı, ordumuzun ən müasir hərbi texnika ilə təmin olunması və şəxsi heyətin yüksək döyüş hazırlığı düşmənin məğlub edilməsinə öz layiqli töhfəsini verib.


Loading...
Loading...