Bahar Muradovanın “Əsgərə məktub”u
Siyasət
24.11.2020 14:37
180

Bahar Muradovanın “Əsgərə məktub”u

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Əsgərə məktub” yazıb:

“Salam, Azərbaycan Əsgəri. Bu gün bu söz hər birimiz üçün çox əziz və doğmadır. Sən bizi əsrlər boyunca gözlədiyimiz zəfərə qovuşdurdun. 27 illik məğlubiyyətin acısını cəmi 44 günə çıxarmağa müvəffəq olan cəngavər kimi ad qazandın. Ana, bacılarımızı, gələcəyimiz üçün övladlarımızı qorumaqla kişilərimizin qeyrət rəmzi olduğunu sübut etin. Bir an belə arxaya boylanmadan, Qarabağın baş tacı Şuşaya qədər uzanan şərəfli zəfər yolunu birnəfəsə getdin. Bununla sübut etdin ki, sən öz xalqına hüdudsuz qürur hissini yaşadan, yenilməz sərkədəmizin, Ali Baş Komandanımızın istənilən əmrini anındaca, tərəddüd etmədən yerinə yetirməyə qadir olan Müzəffər Azərbaycan Ordusunun Əsgərisən.

Azərbaycan Əsgəri, sən çox xoşbəxtsən ki, böyük qələbə duyğusunu yaşayan və yaşadan bir nəslin nümayəndəsisən. Bu gün şəhidlərimizin də ruhu şaddır. Çünki qanları yerdə qalmayıb. Uğrunda həyatlarını qurban verdikləri Qarabağ torpağı düşmən tapdağından azad edilib.

Sağol ki, başımızı uca etdin. Varol ki, qəddimizi dikəltdin. Yaşa ki, qələbə bayrağını illərlə həsrətini çəkdiyimiz, əsl sahibləri üçün gözü yollarda qalmış doğma Qarabağ torpaqlarında dalğalandırdın. Ona yeni, əbədi və xoşbəxt bir ömür bəxş etdin. Sən elə bir qəhrəmansan ki, şücaət və mərdliyinlə xalqın nisgilli ümidlərini cin etdin. Şah İsmayıl Xətainin, Cavad xanın canları qədər sevdikləri, Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Azərbaycan adlı məmləkətin ad-sanının, şan-şöhrətinin özünə qayıtması üçün bağlı yolları açdın. İndi artıq kimsə bizə bəd-nəzərlərlə baxmağa cürət belə etməyəcək. Çünki artıq hər kəs gördü ki, Azərbaycan xalqının malik olduğu böyük səbr və təmkindən daha çox, həm də düşmənə qarşı dəmir yumruğu və onda birləşən möhkəm birliyi vardır. Bu gün sənin qəhrəmanlığın sayəsində bütövləşmiş Vətən Torpağı azad və rahat nəfəs alır. Və inanıram ki, tezliklə üzümüzə yeni bir görkəmdə açılacaq ilk bahar günlərində, Qarabağ torpağında boy verəcək Xarı bülbül, onu azadlığa qovuşdurmaq üçün canından keçən şəhidlərimizin qanı ilə yenidən doğulacaq.

Eşq olsun, “Qarabağ Azərbaycandır!” ifadəsini sözdən əmələ çevirən Azərbaycan Əsgərinə. Var olsun, qalib Azərbaycan Ordusu. Yaşasın, yenilməz xalqımızı ləyaqətlə təmsil edən İlham Əliyevə.

Tanrı hamınızı qorusun!”.

Loading...
Loading...