“Bir-birini dəstəkləməyən xanımlar üçün cəhənnəmdə xüsusi bir yer ayırılıb” - Şəhla Məmmədova ilə müsahibə
Psixoloq
06.05.2022 11:07
2005

“Bir-birini dəstəkləməyən xanımlar üçün cəhənnəmdə xüsusi bir yer ayırılıb” - Şəhla Məmmədova ilə müsahibə

"İT  (İnformasiya Texnologiyaları) adamı daha çox eynəkdə, beli bükük oturmalıdır, öz işi ilə məşğul olmalıdır, xanımlar bu sahə üçün uyğun deyillər.. Təəssüf ki, cəmiyyətdə bu fikirlər mövcuddur. Biz isə yaranmışıq ki, bu stereotipləri dağıdaq". 

MediaBaku.az olaraq bu gün “Fammes Digitales” platformasının həmtəsisçisi, Agile coach, eləcə də patriot Şəhla Məmmədova ilə olan səmimi söhbəti təqdim edirik. 


- Öz sahənizdə yetəri qədər tanınırsınız, ona görə çox danışmaq istəmirəm. Keçək əsas suala. Şəhla xanım, “Fammes Digitales “platforması haqqında məlumat verə bilərsinizmi? Necə oldu ki, bu platforma yarandı?


- “Fammes Digitales “Azerbaijan Woman İn Technology – Azərbaycan qadını texnologiyada klubudur. Klub texnologiya sahəsində özünü tapmış, böyümüş, lider xanımların təşəbbüsü ilə təsis olunub. Biz orada bir neçə xanımıq və təsisçilərdən biri də mənəm. Texnologiya sahəsində adətən belə bir stereotip var ki, bu daha çox kişilərin uğurlu olduğu sahədir. Hətta belə stereotip də var ki, İT  (İnformasiya Texnologiyaları) adamı daha çox eynəkdə, beli bükük oturmalıdır, öz işi ilə məşğul olmalıdır, xanımlar bu sahə üçün uyğun deyillər.. Təəssüf ki, cəmiyyətdə bu fikirlər mövcuddur. Biz isə yaranmışıq ki, bu stereotipləri dağıdaq. Artıq on ilə yaxındır fəaliyyət göstəririk. Biz əsasən ucqar rayonlara gedirik, məktəbli qızlarla görüşürük. Bu qızlar əsasən 7,8-ci sinif şagirdləri olur. Çünki, yuxarı sinif şagirdləri adətən seçimini artıq etmiş olurlar. Onlara İnformasiya Texnologiyaları haqqında məlumat veririk, bu sahənin nə qədər rəngarəng olduğunu danışırıq, wordshoplar, treninglər keçiririk. Biz çalışırıq ki, gənc qızlarımızda bu sahəyə maraq yaransın və onlar bilsinlər ki, peşə dedikdə təkcə müəllimlik, həkimlik kimi bizim bildiyimiz klassik peşələr yox başqa çoxsahəli peşələr də var.Hansıki, onlar bu sahədən məlumatlı olsalar bəlkə də, gələcək karyeralarını o sahədə qura bilərlər.


- Agile coach nədir? İnsanlara nə kimi köməklik göstərirsiz bu sahədə?


- Agile coach. Fikir versəniz iki hissəli sözdü, coach, coaching öz növbəsində insanlara suallar verərək onların daxilindəki potensialı üzə çıxarmaqdır. İnkişafa yönümlü bir sahədir. Agile isə daha çox software development də formalaşan ancaq digər sahələrdə də tətbiq olunan sahədir. Layihələrin idarə olunmasında, proqram təminatlarının işlənməsində, məhsulların hazırlanmasında ənənəvi yanaşma vardı, hansıki uzunmüddətli planla həyata keçirilirdi. Agile isə daha çevik, adaptiv və müştəriyönümlü işləməyə imkan verir. Bu böyük bir fəlsəfədir və metodologiyadır. Mən Agile coach olaraq ölkənin ən iri kooperativ banklarından birində həm Agile həm də rəqəmsal transformasiya üzrə ekspert kimi çalışıram. Orada həm ayrılıqda işçilərin həm də menecmentdə olan nümayəndələrin bu sahə ilə işlərini qurmaqda kömək edirəm. Onları coaching edirəm eyni zamanda rəqəmsal sistemlərin,məhsulların  qurulmasında ekspert dəstəyi göstərirəm. 


- Sizi motivasiya edən nədir? 


- Çox yaxşı sualdır. Mən deməzdim ki, mənim müəyyən bir kumerim var və ona baxıb ilhamlanıram. Mən kimlərisə görüb ilhamlanıram. İT (İnformasiya Texnologiyaları) sahəsində uğurlu xanımları, eləcə də bəyləri görüb ilhamlanıram. Məsələn İlon Muskı görəndə məncə hər kəs ilhamlanır. Məsələn, ucaq rayonlarda potensiallı gəncləri görəndə çox sevinirəm. Biz robotics üzrə onlarla bir saatlıq bir wordshop keçiririk və onlar artıq bir saatın sonunda robotu proqramlaşdırmağı bacarırlar. Onları görəndə çox fəxr edirəm.  İngilislər bright mind deyilər, yəni mən görürəm ki, gələcəyimiz necə parlaq zəkalı insanların əlindədir.  Bütün bunları kənara qoysam, anamı görəndə çox motivasiya alıram. Mən düşünürəm ki, əzm, güc mənə ondan genetik olaraq keçib. Birdə qeyd edim ki, callange deyirlər, yeni çağırışlar, yeniliklər, yeni şeylər yaratmaq məni motivasiya edir. Rutinə düşəndə mən sönürəm. Bu şeylər məni daha böyük işlər görməyə motivasiya edir.


- Şəhla xanım sevdiyi işlə məşğuldur yoxsa maddi tələblər  onu buna vadar edir? Çünki, mən bilirəm ki, çox ağır və gərgin iş rejimində çalışırsız.


- Çox aktual sualdır. Çünki hazırkı dövrdə insanların işinin arxasında bir madiyyat ehtiyacı dayanır ki, çalışım, müəyyən gəlir mənbəyim olsun, ailəmin, özümün, və digərlərinin ehtiyacını ödəyə bilim. Balans olmalıdır mütləq. Mən ona da inanmıram ki, sevdiyim işi görürəm, qalan şeylər mənə maraqlı deyil və.s. yox müəyyən balans mütləqdir. Gördüyün iş həm sənin potensialını göstərə bildiyin, yaxşı bacardığın, sevdiyin iş olmalıdır, həm də sərf etdiyin enerji sənə gəlir olaraq dönməlidir. Mən əlbəttə ki, sevdiyim işlə məşğulam. Artıq on beş ildir bu sahədəyəm. Ölkənin ən iri, qadınları texnologiyada birləşdirən platformasının həmtəsisçisiyəm, ölkənin ən perspektivli kooperativ bankının komandasının aparıcı üzvüyəm. Rəqəmsal sahəni çox sevirəm. Mən Azərbaycanda da bu işlə məşğulam, Orta Asiyada da məşğul olmuşam.Hətta qeyd edim ki, bizim periodik olaraq həm işlə həm də qeyri- işlə bağlı digər ölkələrə də səfərlərimiz olur. 2017 ci ildə mən Amerikada olmuşam Azərbaycanı Women in STEM sahəsində, qadınlar texnologiyada, science  mübadilə proqramlarında təmsil etmişəm. Bilirsiniz ki,İT sahəsi həm dünyada həm Azərbaycanda çox gəlirli sahədir. Bu iki meyar birləşir, həm sevdiyin həm də gəlirli sahə olduqda sən həvəsli, uğurlu olursan. Dünya durmadan inkişaf edir, yenilənir, dəyişir. Gənc xanımlara da tövsiyyə edərdim ki, seçdikləri sahədə həm həvəsli olduqlarına, həm sevdikləri sahə olduğuna, həm də nə dərəcədə perspektivli sahə olduğuna diqqət etsinlər ki, gələcəkləri daha parlaq olsun.


- Biznesdə riskə getmək nədir? Ən böyük risk sizə görə nədir?


- Mən həm də, business coaching’ lə məşğulam. Biznesdən danışanda daha çox imkanlara fokuslanmağa çağırıram insanları, nəinki risklərə. Mən bankda çalışıram və o özü bir maliyyə institutudur. Hansıki qaydalarla işləməlidir. biz ancaq bu risklərə, qanunlara fokuslansaq ki, bunu etsək belə bir maliyyə riski yaranır və.s heç vaxt yeni innovativ həllər yarada bilmərik. İnnovativ həllərə fokuslanmaq lazımdır ki, bir risk varsa onu necə həll edə bilərik. Biznesi kənara qoyaq, həyatda da belədir. O insan ki qorxur, bu addımı atsam uğursuz olaram düşüncəsi ilə yaşayır, onlar daha az uğurlu olurlar. İnamla addım atanlar isə daha uğurlu olurlar. Müsair Biznesdə belə bir yanaşma var daha tez uğursuzluğa düçar olmaq.. Nə qədər tez uğursuz olsan bundan dərs çıxarıb ayağa qalxıb yenidən cəld hərəkətə keçə bilirsən. Ancaq qorxmaq, ideala yönümlü olmaq biznesi qabağa aparmağa kömək etmir. Uğursuzluğa hamı düçar ola bilər, uğursuz oldun, it’s okay, əsas odur ki, ordan nə dərs çıxarırsan, nə dərəcədə cəld və sürətli davam edirsən. Özüm üçün biraz çətin olar demək çünki, dediyim kimi risklərə yox, imkanlara fokuslanan insanam.


- 5 rəqəmi həyatınızda hansı rolu oynayır?


- Məşhur 5 rəqəmi.. Arada danışanda, public speaking’ lərimdə deyirəm, maraqlı bir təsadüf alınıb ki,  həyatımda qlobal dəyişikliklər 5 ildən bir baş verir. Amma yəqinki, bundan sonra daha tez – tez baş verəcək. 5 ildən bir işimi dəyişirəm, ev, texniki qurğular dəyişir. Şəxsi həyata gəlsək, 5 il tanışlıqdan sonra ailə həyatı qurmuşam, 5 ildən sonra övladım dünyaya gəlib.. Belə bir maraqlı tendensiyalar var həyatımda 5 rəqəmi ilə bağlı.


- Bildiyimiz kimi qadınlar çox böyük uğurlara imza atıblar. Bunun bariz nümunəsi kimi sizi göstərmək olar. Nəyə görə qadın bacarmaz tendensiyası hələ də bitmir cəmiyyətdə?


- Uzun müddət həm gender balansı üzərində, həm də qadınların uğurlu olması üzərində çalışan bir adam kimi deyə bilərəm ki, çox vaxt səbəbi özümüzdə axtarmağımız lazımdır. Nəyə görə bizə belə bir münasibət var? Özümüz bunu dərk etməli və bununla mübarizə aparmalıyıq nəinki digərlərindən gözləyək bunu. Zərif qalmaq şərti ilə güclü olmaq vacibdir. Biz heç də əks cins nümayəndələrindən geri qalmırıq. Ailəmizdə, məktəbdə, universitetdə, iş yerində  müəyyən stereotiplərlə üzləşirik. Yerindəcə buna qarşı mübarizə aparmaq lazımdır. Biraz daha ambisiyalı olub göstərməlisən ki, mən qadınam, zərifəm amma görün bu işi necə gözəl bacarıram. Tək Azərbaycanda deyil bu disbalans bütün dünyada var. Lakin mən bilirəm ki, mənim kimi onlarla, yüzlərlə uğurlu qadınlar var Azərbaycanda. İnanıram ki siz də, ətrafınızdakı xanımlar da onlardan biridir. Öyrənək, böyüyək, inkişaf edək, bir-birimizi dəstəkləyək.  Məşhur Amerika siyasətçisi deyir ki, bir birini dəstəkləməyən xanımlar üçün cəhənnəmdə xüsusi bir yer ayırılıb. Biz həmrək olsaq, dəstəkləsək bir- birimizi ölkə olaraq da daha çox nailiyyətlər əldə edəcəyik..


Jalə Quliyeva

Fammes Digitales
Psixoloq
Kouç
İnformasiya Texnologiyaları
Azərbaycan
Klub
Loading...
Loading...