Siyasət
27.11.2020 13:34
135

"Biz öz genetik faktorumuzu bu savaşla dirildə bildik"

II Qarabağ savaşını biz 30 ildir gözləyirdik. İlk Qarabağ savaşından sonra millət, xalq olaraq bizim sanki bir əzginliyimiz var idi. Hər kəs bu əzginliyi öz psixologiyasına uyğun yaşayırdı. Qürursuzluq, qorxaqlıq kimi hisslər özü-özlüyündə insanlarda bir özgüvənsizlik yaratmışdı.

Bunu Milli.Az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, bu müharibə itirdiyimiz torpaqlarla yanaşı, özgüvənimizi, qürurumuzu, millət, xalq olaraq birliyimizi bizə qaytardı:

"Biz xarici ölkələrə səfər edəndə, həmin ölkədə özünü, kim olduğunu xarakteristika etmək istəyərkən, mənsub olduğun xalq haqda xarakteristika etmək istərkən istəsən də, istəməsən də Qarabağ münaqişəsi ifadəsini işlədirdik. Qarabağ münaqişəsi ilə bağlı o qədər faktorlar sadalayırsan ki, əcnəbiləri inandırasan ki, həqiqətən, Qarabağ bizimdir və biz Qarabağı bir gün azad edəcəyik. Özümüzün olan bir şeyi sübut etməyə çalışarkən gətirdiyimiz faktlardan utanırdıq ki, insan nə qədər özünü yadlara sübut etməyə çalışar. 30 il əvvəl torpaqlarımızın işğal edilməsi bizi dünya qarşısında bu kimi hallarla üz-üzə qoydu. Amma II Qarabağ savaşı itirdiyimiz torpaqlarla birlikdə, özgüvənimizi, qürurumuzu, millət olaraq birliyimizi bizə qaytardı.

Bu gün dünya bizdən, bizim liderdən danışır

Bu gün biz geridə qalan 30 ilə baxanda istər iqtisadi durumda, istər mənəvi dəyərlərdə, istər bir-birinə sıx bağlılıqda daha möhkəm, daha özgüvənli olacağıq. Bu özgüvən bizi daha inkişaf etmiş ölkələrin sırasına qata biləcək. Çünki nə qədər yaxşı olsan da, özünü nə qədər inkişaf etdirsən də, əgər daxilində bir özgüvənsizlik varsa, bu, səni həmişə arxaya çəkəcək. Necə ki, ilk Qarabağ müharibəsi bizi arxaya çəkmişdi. Bu gün isə biz qalib xalq kimi daha özgüvənli, daha qürurluyuq. Sabah biz dünyanın harasında olmamızdan asılı olmayaraq artıq torpaqları işğal olunmuş bir ölkənin vətəndaşı yox, öz hüquqlarımızı, öz haqlarımızı, öz torpaqlarımızı, öz keçmişimizi qoruya biləcək bir xalq kimi qürurla qəhrəmanlığımızdan danışa bilərik. Bu gün zatən hiss edirik ki, dünya bizdən, bizim liderdən danışır. Bu nüans bizim inkişafımıza daha da təkan verəcək.

Özümüz də öz gücümüzdən xəbərsiz idik

Bu müharibə ilə əsas da biz xalq olaraq bir-birimizin dəyərini bildik, bir-birimizin arxasında durmağı öyrəndik. Əslində, biz bunları bilirdik, xatırladıq desək, daha doğru olar. Çünki istəsək də, istəməsək də 70 il sovet hakimiyyətinin tərkibində olmaq, ardınca müstəqillik qazandıqdan sonra 30 il torpaqları işğal altında olan dövlətin vətəndaşı olmaq bizə bəlkə də bir-birimizin qədrini bilməyi unutdura bilərdi, amma biz yenidən xatırladıq. Biz öz genetik faktorumuzu bu savaşla dirildə bildik. Əslində, bizə aydın oldu ki, mərdlik bizim qanımızda var və o damar basıldığı zaman bir birləşə bilərik. Bizdə vətən, bayraq, torpaq adı gələndə biz bir olmağı bacardıq. Biz bu birliyi göstərməsəydik, bir-birimizi "yesəydik", bu gün bu qalibiyyəti də yaşamayacaqdıq. II Qarabağ savaşı bizə bunu bəxş etdi, milli dəyərlərə hörmət etməyi yenidən aşıladı, türkçülüyümüzü xatırlatdı bizə. Bunlar, əslində, bizim üçün bildiyimiz, amma arxa planda qalmış məsələlər idi. Özümüz də öz gücümüzdən xəbərsiz idik. Bu gün biz nəyə qadir olduğumuzu da bildik. Biz arxa cəbhədə bir olsaq, əsgər düşmənlə üz-üzə özgüvənli dayanar. Çünki bilər ki, arxada qoyduqları daha mərddirlər və onun arxasındadırlar. Bu məsələ ona psixoloji ruh yüksəkliyi verir. Məhz bu amil savaşda qalib gəlməyimizin səbəblərində biridir".

Loading...