Bizim banklarımız elektron ticarətin inkişafına heç bir əməli töhfə vermək istəmir  - versəydilər,…
İqtisadiyyat
27.11.2020 21:50
113

Bizim banklarımız elektron ticarətin inkişafına heç bir əməli töhfə vermək istəmir - versəydilər,…

Elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Bu fəaliyyət növünə əsasən internet mühitində insanlar müəyyən sistemlərlə ərzaqdan tutmuş, avtomobilə qədər müxtəlif növ məhsulları pul qarşılığında satın alırlar.

Elektron ticarətin inkişafının əsasında müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə dayanır. Dünyanın bir çox ölkəsində tətbiq edilən bu alqı-satqı əməliyyatı ilə istehlakçı evindən, iş yerindən və ya hər hansı digər bir məkandan internetə qoşularaq zaman və məkan fərqi olmadan alış-veriş edə bilər.

Mütəxəssislərin fikrincə, hazırda dünyada elektron ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralarda gedirlər.

Onu da qeyd edək ki, elektron ticarətin inkişafında aparıcı sahə bank sektorudur. Bank hesabının açılması, pul transferləri, investisiya qoyuluşu, ödəmə və kart əməliyyatları internet vasitəsilə komissiyasız həyata keçirilməlidir. Ancaq bizdə bu sahədə vəziyyət fərqlidir. Banklar elektron ticarətin inkişafına maraq göstərmirlər.

“Ölkədə hər il bir neçə bank bağlanacaqsa, insanların banklara inamı itəcək, o zaman bu şəraitdə necə e-ticarətin inkişafını gözləmək olar?"

İqtisadçı-ekspert Vüsalə Əhmədova Baki-xeber.com-a bildirdi ki, bu gün elektron ticarətin inkişafında aparıcı sahə bank sektorudur. Ölkədə internet bankçılığı kifayət qədər inkişaf etməlidir ki, e-ticarət də inkişaf etsin. Bank hesabının açılması, pul transferləri, investisiya qoyuluşu, ödəmə və kart əməliyyatları internet vasitəsilə komissiyasız həyata keçirilməlidir: “Əgər ölkədə hər il bir neçə bank bağlanacaqsa, insanların banklara inamı itəcək. O zaman bu şəraitdə necə e-ticarətin inkişafını gözləmək olar ki?".

Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdə vətəndaşların onlayn ticarətdən istifadə etməmələrinin bir sıra obyektiv və subyektiv səbəbləri var: "Məsələn, ölkədə internet sürətinin aşağı olması, internetdə satılan malların mağazada olandan baha olması, məhsulun çox gec çatdırılması, məhsulun təhvil verilməsi və ya geri qaytarılması zamanı yaşanan çətinliklər obyektiv səbəblərdirsə, məhsula yaxından baxaraq alma istəyi, internet vasitəsilə alış-veriş etmək üçün kifayət qədər informasiyanın olmaması, güvənsizlikdən dolayı kredit kartı və ya şəxsi məlumatları vermək istəməmə subyektiv səbəblərdir. Bütün bunlarla istər Avropa ölkələrində, istərsə də Türkiyədə nadir hallarda rastlaşmaq mümkündür. Avropada Rusiyadan sonra ən sürətlə artan internet bazarı Türkiyədədir. Türkiyədə 2020-ci ilin yanvar-iyun ayları üzrə e-ticarət həcmi 91 milyard 700 milyon lirə oldu. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur. 135 min kiçik və orta sahibkara e-ticarətə daxil olmaları üçün dəstək verildi. Bu ölkədə istər onlayn supermarketlər, istərsə də digər elektron alış-veriş saytlarında istehlakçılara kifayət qədər endirim təqdim edilir. ABŞ kimi inkişaf etmiş ölkədə kiçik və orta sahibkarların 57%-dən çoxu onlayn ticarətlə məşğuldur. Bir çox belə nümunə göstərə bilərik. Ümumiyyətlə, banklara olan inamsızlıq da elektron ticarətin inkişafına mane olur”.

Loading...