Bizim hamımızın bir Vətəni var bu da – Azərbaycandır! -  MÖVQE
Siyasət
31.12.2020 16:38
416

Bizim hamımızın bir Vətəni var bu da – Azərbaycandır! - MÖVQE

"Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb. Bu acı həqiqətlərdən dolayı ölkəmizin səması uzun illər qara buludlarla örtülüb. Uca Tanrı hər əsr üçün öz vətəninə sadəcə bir böyük dahi şəxsiyyət, xüsusilə də xalqı üçün xilaskar olan qəhrəman hədiyyə bəxş edir. Heydər Əliyev də hər bir dahi şəxsiyyət kimi, ona görə tarixdə və qəlbimizdə yaşamaq haqqına sahib olub ki, o, bir tarixi şəxsiyyət olaraq mənsub olduğu xalqı özünün ideyalarında, fəaliyyətində və siyasətində ifadə etməyi bacarıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.


Onun sözlərinə görə, hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən Ümummili Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi: "Tam əminliklə söyləyə bilərəm ki, müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın böyük xilaskarı, ölkəmiz və xalqımız üçün on illik prezidentlik və həmçinin ondan əvvəlki fəaliyyəti illərində də misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman bütün dünya azərbaycanlıları tərəfindən anılır, sevilir və daim anılacaqdır. Məhz 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü kimi hər il qeyd olunması ölkə daxilində və xaricdə yaşayan soydaşlarımızın bir amal uğrunda birləşməsi üçün verilən ən böyük töhfə idi. Bəli, illər öncə "Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" söyləyərək, yaratdığı qüdrətli Azərbaycan Respublikasını Cənab İlham Əliyevə əmanət edən Ulu Öndərin həmin sözlərinə uyğun olaraq, bu gün ölkəmizdə baş verən proseslər, demoqrafik inkişaf, böyük müsbət dəyişiliklər və saysız-hesabsız uğurlar həqiqətən də bu sözləri fəxarət hissi ilə söyləməyə əsas verir. Ulu Öndər Heydər Əliyev uzaqgörən və müdrik siyasəti ilə tanınan böyük tarixi şəxsiyyətdir. Ulu Öndər bilirdi ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında gələcəkdə bütün göstəricilərinə görə yüksək koteqoriyadan olan ölkələr sırasında öz layiqli yerini tutacaq və beyəlxalq səviyyədə tanınacaqdır. Belə ki, ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildən etibarən Prezident kimi fəaliyyətə başlamasından bu günədək olan müddətdə Ulu Öndərin Şah Əsəri olan müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolu keçmiş və uğur zirvəsinin pik həddinə çatmışdır. Belə ki, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənərək, dünyadakı təsir imkanlarımız genişlənib. Bildiyimiz kimi, 2012-2013-cü illərdə Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasında təmsil olunurdu. Biz 155 ölkənin dəstəyi ilə bu haqqı qazanmışdıq. 2015-ci ildə isə Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməklə Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini verib. Azərbaycan ötən 17 il ərzində bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuş, qonşu dövlətlərlə və digər dövlətlərlə səmərəli əməkdaşlıq etmişdir. Bunun nəticəsidir ki, həmin ölkələrlə əlaqələrimiz tam inkişaf etmiş və hazırda çoxtərəfli əməkdaşlıq formatında öz müsbət rolunu uğurla oynayır".


Deputat bildirib ki, xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır: "Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə; siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz. Bütün bunlar ölkə Başçısının həyata keçirdiyi güclü strategiyanın məntiqi nəticəsidir. Digər önəmli hadisələrdən biri də dövlətimiz üçün prioritet olan qeyri-neft sektorunun hər il yüksək faiz dərəcəsində artmasıdır. Ölkə iqtisadiyyatına yüksək sərmayə qoyulmuşdur. Bu gün dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Müasir Azərbaycanda da sərmayə qoyuluşu yüksək səviyyədədir. Buna əsaslanaraq əminlikə söyləyərdim ki, davamlı şəkildə hər il belə olacaqdır. Ölkəmizdəki makroiqtisadi vəziyyət sabitdir, yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enmişdir. Həmçinin dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar yaşanan gərginliklərə baxmayaraq, Azərbaycan sabitlik adası kimi nümunəvi bir ölkəyə çevrilmişdir. Eyni zamanda cənab Prezident tərəfindən Azərbaycan xalqının təhlükəsizlik şəraitində yaşaması və ildən-ilə xalqımızın rifah halının yaxşılaşması üçün müvafiq tədbirlər davamlı olaraq uğurla həyata keçirilir. Sosial siyasətin icrası bütün dövrlərdə dövlətimiz üçün əsas vəzifə olmuşdur. Hər il Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük vəsait qoyulur, çox sayda tibb ocaqları, məktəblər və uşaq bağçaları tikilir əsaslı təmir edilir, yenidən qurulur. 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması tarixi bir hadisədir və “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. “Şahdəniz-2”, “TANAP” və “TAP” Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdəndir və uzun illər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcəkdir. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirir. Dövlət Başçısının göstərişi ilə yaradılan "ASAN xidmət” ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi yeddi il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola bilmişik. Azərbaycan, eyni zamanda müasir və modern bir ölkə kimi yüksək texnologiyalara da böyük investisiyalar qoyur. Bizim indi üç peykimiz vardır. "Azerspace 1” telekommunikasiya, “Azersky” müşahidə və “Azerspace 2” peykləri kosmik sənayemizin inkişafının göstəricisidir. Və Azərbaycan kosmik ölkələr klubuna üzv ölkə kimi öz milli maraqlarını, təhlükəsizliklə bağlı maraqlarını tam şəkildə təmin edən inkişaf etmiş bir ölkədir".


İ.Məmmədov vurğulayıb ki, Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır: "Hətta ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Bu gün başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunur və o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapmaqdadır. Cənab Prezidentin həyata keçirdiyi müsbət fəaliyyətləri onun öz ölkəsinə, xalqına olan yüksək qayğısının və məhəbbətinin təzahürüdür. 2020-ci il dünyada baş verən qlobal problemlərdən biri də "COVİD-19" pandemiyası idi ki, Azərbaycanda bu problemə qarşı bu gündə yüksək səviyyədə mübarizə aparır. Koronavirus xəstələri üçün modul tipli xəstəxanaların və klinikaların tikilməsi, tibbi-gigiyenik məhsullar istehsal edən müəssisənin açılması Dövlət Başçımızın xalqına olan xüsusi qayğısının göstəricisidir. 2020-ci il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı "Koronavirus Pandemiyası" ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstəribdir. Ölkə başçısına hər zaman yaxın silahdaş, sadiq dost, Ulu öndərin yaratdığı və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən etibarən partiyanın üzvü, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısı olan Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva daim xalqımız üçün böyük sevgi və rəğbət göstərir. Mehriban xanım Əliyevanın bütün fəaliyyətində mərhəmət və ülvilik hissi dayanır. Mehriban xanımın bu fikirləri də həmin sözləri təsdiq edir: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”. Xüsusilə qeyd etmək olar ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu kimi öz xeyirxah missiyaları ilə hər zaman xalqına, dövlətinə bağlılığını, cənab Prezidentə olan sadiqlik hissini eyni ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycanın Qələbə ilə sonlanan 44 günlük Zəfər müharibəsində də yüksək səviyyədə nümayiş etdirmişdir. Azərbaycan 2020-ci il tarixində əsrlər sonra, böyük bir ilkə, möhtəşəm və əbədi uğura imza atdı. Belə ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz düşmən Ermənistan üzərində Böyük Qələbə qazandı. Təxminən 20 faizə yaxın torpaqlarımızın işğaldan azad olunması, yaxın gələcəkdə məcburi köçkünlərimizin öz doğma dədə-baba yurdlarına geri qayıtması üçün tədbirlərin görülməsi, həmçinin soydaşlarımızın cənab İlham Əliyevin apardığı siyasət ətrafında sıx birləşməsi və ölkə başçısını birmənalı olaraq dəstəkləməsi, 2020-ci il tarixində əsl həmrəylik ehtiva edən bütün dünyada yaşayan azərbaycanlıların yalnız bir amal uğrunda “İlhamla parlaq gələcəyə doğru” şüarı altında birləşdiyinin bariz nümunəsi olmuşdur!".

Loading...