Bu çağırış gəncliyimizin tarixi missiyasına çevrildi  - Şahin İsmayılov
Ölkə
29.07.2021 10:19
81

Bu çağırış gəncliyimizin tarixi missiyasına çevrildi - Şahin İsmayılov

“Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra ölkəmizdə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından biri məhz “Gənclər və İdman Nazirliyi” idi. Nazirliyin yaradılması, gənclərlə mütəmadi görüşlər və bu sahədə  görülən çoxsaylı əməli işlər Ümummilli Liderin gənclərə olan inamının göstəricisi idi. Ulu Öndər 1996-cı il fevralın 2-də onun təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin I Forumunda çıxışı zamanı gənclərin qarşısında tarixi bir vəzifə qoyaraq demişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu çağırış gəncliyimizin tarixi missiyasına çevrildi və onlar bu missiyanın öhdəsindən gələrək uğurla həyata keçirdilər”.


MediaBaku.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.


Millət vəkilinin sözlərinə görə, Azərbaycanda gənclərlə bağlı baş verən yaddaqalan hadisələrə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildən 2 fevral tarixinin Gənclər günü kimi qeyd edilməsi, “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanının icrası ilə bağlı görülən işlər, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsi, 2005, 2011 və 2017-ci illərdə üç dəfə 4 illik Dövlət Proqramlarının qəbul edilməsi, bölgələrdə onlarla Gənclər Mərkəzləri və Olimpiya İdman Komplekslərinin yaradılması, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrası, Gənclərin xaricdə təhsil alması üçün hökümətlərarası mübadilə proqramlarının keçirilməsi, 2007-ci ilin Gənclər İli elan edilməsi, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın təsdiq edilməsi ilə bağlı sərəncamın imzalanması, hər il Gənclər Paytaxtının seçilməsi, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi, Gənclər Fondunun yaradılması, Gənclərin fərdi layihələrinin dəstəklənməsi üçün qrant müsabiqələrinin keçirilməsi, Gəncə şəhərinin 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülməsi, Gənclərin xaricdə keçirilən müxtəlif tədbirlərdə ölkəmizi təmsil etməsi üçün imkanların yaradılmasını, istedadlı gənclərin inkişafına dəstək verilməsi və ümumilikdə ölkə gəncliyinin inkişafına yönəlmiş geniş bir faəliyyət proqramını aid edə bilərik.


“Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin əvvəllərindən bu günə qədər Gənclər sahəsini əhatə edən çox sayda normativ hüquqi aktların və görülən işlərin şahidi olmuşuq. Bütün bunlar ölkə gəncliyinin inkişafı ilə ümumilikdə Azərbaycanımızın güclü dövlətə çevrilməsinə hesablanıb”, – o qeyd edib.


Millət vəkili əlavə edib ki, məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan gəncləri beynəlxalq yarışlarda qələbə qazanaraq bayrağımızı qaldırdı, ölkəmizi müxtəlif tədbirlərdə layiqincə təmsil etdi, Azərbaycan həqiqətlətini dünyaya çatdırdı, maarifçilik işi ilə məşğul oldu və ölkəmizin inkişafında mühüm rol oynadı: “Azərbaycanda düşmənə diz çökdürən qəhrəmanlardan ibarət gənclik yetişdi. Çəkinmədən deyə bilərik ki, Azərbaycan gəncliyinin uğurları özünü bir çox sahələrdə əks etdirir. Bunlardan ən önəmlisi 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi igidlik, şücaət idi. Yaxın keçmişi nəzərdən keçirdikdə aydın şəkildə görə bilirik ki, Azərbaycan gəncliyi hansı inkişaf yolu keçib. İllərlə gənclərin maarifləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması, elm və hərb sahəsində inkişafı öz bəhrəsini verdi.


Cənab Prezident İlham Əliyev 2019-cu ildə gənclərlə görüşü zamanı “Gənclər, mən sizə inanıram, güvənirəm” deyə qeyd etmişdi. Biz xoşbəxt gənclərik ki, Ali Baş Komandan hər məsələdə bizə güvənir. Eyni zamanda gənc kadrlara böyük etimadın olduğunu görürük. Hər birimizin öhdəsinə düşən başlıca vəzifə odur ki, bu güvən və  etimadı doğrultmaq üçün hər zaman fəaliyyətdə olmalıyıq. Hesab edirəm ki, Azərbaycanda vətən eşqi ilə böyüyən güclü gənclik yetişib və nəticə göz qabağındadır”.

Loading...
Loading...