Bu şirkətlər dövlətin qanunlarına məhəl qoymur  – AİB sədri
Ölkə
02.02.2022 00:01
2672

Bu şirkətlər dövlətin qanunlarına məhəl qoymur – AİB sədri

“Texnoloji məhsullarla bağlı birliyə hər gün şikayət daxil olur. Təkcə bu gün 3 şikayət mənə zəng edilərək bildirilib, ərizə şəklində də göndəriləcək. İstehlakçılar daha çox bu sahədə fırıldağın qurbanı olurlar”.


Bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.


AİB sədri bildirib ki, hazırda elektronika məhsullarının satışı ilə bağlı çox böyük hərc-mərclik var: “Texnoloji məhsullar satan şirkətlər istehlakçıları aldatmaq üçün sanki yarışa giriblər. Hazırda məşhur elektronika mağazaları “Kim birinci olacaq?” yarışı aparırlar. Xüsusilə də “Baku Electronics” istehlakçı hüquqlarını pozan şirkətlər sırasında öndədir və bu şirkətdən AİB-ə çox sayda şikayət daxil olur. Elə kampaniyalar keçirirlər ki, müştəriyə saxta məhsul sataraq onu qaytarmaq hüququnu əlindən alırlar. Bir sözlə, elektronika mağazaları dövlətin qanunlarına məhəl qoymur və vətəndaşları aldatmağın müxtəlif yollarından istifadə edirlər”.


E.Hüseynov qeyd edib ki, son bir ayda birliyə çörək və ətlə bağlı da müraciətlər daxil olub: “İnsanlar düşünürlər ki, qiymətlərin artması keyfiyyətin aşağı düşməsinə səbəb olur. Ancaq nəzərə almaq lazımdır ki, hansısa məhsulun qiyməti artırsa, bir daha enmir. Bu, dünyada da belədir. Hazırda zavod çörəyinin qiymətinin sabit saxlanması ilə bağlı hökumət iş aparır. Burada ciddi nəzarət var. Ətlə bağlı da qiymət artımı mövcuddur. Bu, taxılın qiymətinin qalxması ilə əlaqədardır. Qiymət artımı quş ətinə də aiddir”.

Loading...
Loading...