“Bu sözümə görə mənim özümü də verilişlərə dəvət etmirlər”
Maqazin
11.10.2021 16:39
262

“Bu sözümə görə mənim özümü də verilişlərə dəvət etmirlər”

"N-brothers" qrupunun rəhbəri Namiq Qafarov Moderator.az-ın suallarını cavablandırdı. 22 ildir ki, rəhbərlik etdiyi qrupun Azərbaycan şou-biznesində ən qocaman qruplardan olduğunu dilə gətirərək hazırda onları efirlərə dəvət etmədiklərindən gileyləndi. 

- Uzun müddətdir ki, efirlərdə görünmürsünüz.

- Toylar başlayanda uşaqlar gedib 5-10 manat çörək pullarını qazanırlar. Mən heç vaxt efirə çıxıb yalvarmamışam ki, bizi efirə çağırın. Amma dəvət edilən yerlərə gedirəm. Bizi efirlərə çox gec çağırırlar. Çox vaxt qrupu deyil, mənim özümü dəvət edirlər. Mən onlara deyəndə ki, “qrupu da çağırın” bu sözümə görə mənim özümü də verilişlərə dəvət etmirlər. Qrupu da efir məkanında yer az olduğu üçün çağırmırlar. Çünki bəzi verilişlərdə qonaq sayı məhdud olur. Belə olan halda da, bir məntiqə, bir nöqtəyə hədəflənirik. Bizim də fikirlərimiz, zövqlərimiz eynidir. Telekanallara da ayrı-ayrı adamları dəvət etmək sərf edir. Fərqli qonaqlar olanda söhbət də maraqlı olur. 

- Sizcə bizim şou aləmində niyə yaranan qruplar tez dağılır? 

- Mən həmişə demişəm ki, komandadan kimsə gedəndə qrup dağılmır. Qrupa gələrlər də, gedərlər də. İfaçı qrupa gəlir, bir az tanınan kimi keçir solo oxumağa. Bunun da səbəbi odur ki, bizdə soloya daha çox üstünlük verilir. Solo oxuyanda gəlir daha çox olur. Misal olaraq deyim ki, qrupla da oxuyanda iki min manat alırsa, tək olanda da. İndi özünüz təsəvvür edin. Hansında daha çox gəlir əldə olunur? Tək olanda onun xərci təkcə köməkçisinə, prodüserinə çıxır. Qalanı da cibində qalır. Biz isə o pulu dörd yerə bölürük. Buna görə də, solo oxuyan düşünür ki, gedib tək oxuyaram, qrupdan qat-qat çox qazanaram. Həm də görürlər ki, qruplarda verilişlərdə də az yer verilir. Ona gör də, soloya üz tuturlar. Bizdə ən böyük problem budur.

- Bəs siz qazancı necə bölürsünüz?

- Mən həmişə demişəm ki, əgər qrupda oxusaydım, 5-6 il işləyib çıxardım. Bunun da günahı rəhbərlikdə deyil. Aldığım pulun 50 faizini götürməyə tam ixtiyarım var, amma bunu etmirəm. Nə qazanırıqsa tam bərabər bölürəm. Toylara, tədbirlərə öz maşınım ilə gedirəm, benzini özüm vururam, ofisin arenda pulunu belə özüm verirəm. Bununla belə qrupla solo arasında çox fərq var. 

- Pandemiya dönəmində, xüsusən də toyların olmadığı zamanda necə dolandınız? 

- Pandemiyada bir az çətinliklər oldu. Uşaqlardan kimisi telefonunu, kimisi də qızılını satdı. Özüm də əlimdə olanları xərclədim. Dostların, şirkətlərin dəstəyi ilə müharibə vaxtı yardımlar edirdim. Bir sözlə boş dayanmadım, vətənpərlik borcumu yerinə yetirdim.

- 22 ildir ki, bu qrup fəaliyyət götərir. Qrupdan çıxan ifaçılarla hazırda münasibətiniz necədir? 

- 18 tələbəm var və onların hər biri ilə fəxr edirəm. Hamısı da hörmətimi tutur. Öz işləri olsa da mənə vaxt ayırıb, maraqlanırlar. Bir çox məşhur müğənnilər elə qrupdan çıxıb. Buna misal olaraq, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Emil, Əbdül Xalid, Elçin və.s Dünya aləmində də belə müğənnilər çoxdur. Dima Blan, Maykl Cekson, Janna Friski və sair kimi tanınmışları misal gətirmək olar. Qruplara qiymətləndirmə, baxış düzgün deyil. Buna görə də belə problem yaranır.   

- “N Brotehrs” qrupunun adının dəyişdiyi deyilir. Buna səbəb nə idi? 

- Əslində qrupun adı dəyişməyib. Bizim  həmişə iki adımız olub. İngilis dilində bilənlər “N-Brothers”, bilməyənlər isə “N qardaşları” deyir. Əksinə, “N qardaşları” deyəndə daha çox sevinirəm. Çünki milli dilimizdə olması daha yaxşıdır. Artıq 22 ildir “N-Brothers” olaraq fəaliyyət göstəririk. Hazırda Azərbaycanda ən qocaman qrup bizik.
Loading...
Loading...