DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?
Sağlamlıq
23.12.2020 11:13
105

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

Koronavirus infeksiyası dünyada yayılmağa davam edir, 190 ölkədə 77 milyondan çox təsdiqlənmiş yoluxma hadisəsi və 1,7 milyondan çox ölüm halı qeydə alınıb.


Belə görünür ki, epidemiyanın ilkin mərhələlərində infeksiyanın alovlanmasının qarşısını almaqda uğurlu olan ölkələr indi daha ciddi çətinliklərlə üzləşir.


Koronavirusun simptomları hansılardır?


Koronavirusun üç əsas simptomu qızdırma, davamlı quru öskürək, qoxu və ya dadbilmə hissinin itməsidir. Həkimlər davamlı quru öskürəyə fikir verməyi tövsiyə edirlər. Belə öskürək bir saatdan artıq davam edir. 24 saat ərzində üç və ya daha çox öskürək epizodu ola bilər.


Bədən temperaturu 37.8C yuxarı qalxarsa, qızdırma, üşütmə və ya titrətmə hiss edə bilərsiniz. Simptomlar arasında həmçinin, boğaz və baş ağrısı, ishal və iy və dad bilmə hissinin itirilməsi də qeyd olunur.


Bu əlamətlər adətən 5 gün ərzində müşahidə edilir. Lakin bəzi hallarda simptomların üzə çıxması ləngiyə bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.


ÜST-ün saytında xəstəliyin kəskinləşməsi vaxtı müşahidə olunan simptomlar sadalanır.


Bunlar aşağıdakılardır:

•    Nəfəs darlığı

•    İştahsızlıq

•    Narahatlıq

•    Sinə qəfəsində davamlı ağrı və ya təzyiq hissi

•    Yüksək temperatur (38°C-dən yuxarı)


İnsanlar xəstəxanaya nə vaxt getməlidirlər?


Koronavirusa yoluxan insanların əksəriyyətində ağrıkəsicinin qəbulu və istirahətdən sonra sağalma başlayır. Müalicənin xəstəxanada keçirilməsinə ehtiyac tənəffüs çətinliyi ilə bağlı yarana bilər.


Belə halda ağciyərləri skan edib onların hansı vəziyyətdə olduğunu gördükdən sonra, oksigen və ventilyasiya təyin edilə bilər. İnsanlar narahat olduqda birbaşa xəstəxananın təcili yardım bölməsinə getməkdən çəkinməlidirlər.


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, koronavirusa yoluxmuş şəxsin xəstəxanaya göndərilib-göndərilməməsinə "103 xidməti qərar verir”.


Reanimasiyada nə baş verir?


Reanimasiya bölmələri xəstəliyi daha kəskin keçən pasiyentlər üçün xüsusi palatalardır. Koronavirus xəstələrinə burada ya üz maskası, ya da buruna yerləşdirilən boru vasitəsilə oksigen dəstəyi verilə bilər.


Ən çətin prosedur isə ağır halda olan xəstələr üçün nəzərdə tutulub – onlar ağciyərlərin ventilyasiya aparatına qoşulur. Bunun üçün hava ilə oksigen qarışığı, ağız, burun borusu və ya boğazdakı kiçik bir kəsiklə ağciyərlərə ötürülür.


Simptomlarım yüngül olarsa nə etməliyəm?


Yüngül simptomları olan xəstələr ən azı yeddi gün ərzində özlərini evdə təcrid etməlidirlər. Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, COVID-19-un yüngül əlamətləri olan insanların mütləq xəstəxanaya hospitalizasiyası və müalicəsi tələb olunmur, onlar müvafiq qərar verilərsə ev şəraitində də təcrid olunaraq müalicə oluna bilərlər.


"COVID-19-la bağlı ciddi xəstəlik riski olan insanlar hətta xəstəlik yüngül olsa belə, həkimə müraciət etməlidirlər”, Qərargah bildirir.


Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunda keçirilmiş brifinqdə bildirilib ki, çox ağır simptomları yoxdursa, xəstələr evdə qalıb, müşahidə altında müalicə oluna bilərlər.


Özündə koronavirusun öksürək, yüksək hərarət və s kimi əlamətlərini hiss edənlər Covid-19 analizini verə bilərlər. Təcili tibbi yardım briqadası hər çağırışda xəstədən mütləq Covid-19 testi götürmür. 814 Çağrı Mərkəzi yalnız yüksək hərarət kimi əlamətləri olan şəxslərdən Covid-19 analizinin götürüldüyünü bildirir.


Özündə hər hansı əlamət hiss etməyən şəxslər də Respublika ərazisində elan edilən tibb məntəqələrində Covid-19 testi verə bilərlər.


Ən çox riskli qruplar hansılardır?


Yaşı 60-dan yuxarı olan insanlar risk qrupuna aid olunur, ÜST təşkilatının saytında deyilir. Həmçinin qan təzyiqi, ürək və ağciyər problemləri, diabet, piylənmə və ya xərçəng kimi ciddi sağlamlıq problemləri olanlar üçün də riskin daha yüksək olduğu bildirilir.


Risk dərəcəsi həmçinin yaşadığınız bölgə və yaxın zamanlarda səfər etdiyiniz yerlərin coğrafiyasına əsasən müəyyən edilir.


Koronavirus nə qədər ölümcüldür? Və Covid-19-a qarşı immunitet necə əmələ gəlir?


Tədqiqatlar göstərir ki, Covid-19-dan sağaldıqdan sonra əksər xəstələrin qanında spesifik anticismlər əmələ gəlir.


Hətta xəstəliyi simptomsuz keçirənlərdə belə. Bir çox digər hallarda olduğu kimi, xəstəliyi ağır formada keçirənlərdə anticismlərin konsentrasiyası daha yüksək olur. Lakin üç aydan, bəzən də bir neçə həftədən sonra onların həcmi təxminən iki dəfə azalır.


Anticismlərlə yanaşı infeksiya ilə mübarizədə bədənin müdafiə sisteminin digər tərkib mexanizmləri də iştirak edir.


Özümü necə qoruyum?


Ən yaxşısı, əllərinizi sabunla mütəmadi yumaqdır. Koronavirus infeksiyasına yoluxmuş şəxs öskürərkən və ya asqırarkən içində virus olan kiçicik damcılar havaya atılır.


Bu damcılar nəfəslə içəriyə yol tapa bilər. Onların düşdüyü səthə toxunandan sonra əlinizi burun, göz və ya ağzınıza vurarkən infeksiyaya yoluxa bilərsiniz.


Buna görə də, öskürərkən və ya asqırarkən ağzınıza salfet tutmaq, yuyulmamış əlinizlə üzə toxunmamaq və virusa yoluxmuş insanlardan aralı durmaq vacibdir.


Koronavirus simptomları üzə çıxandan sonra o daha yoluxucu olur. Lakin bəziləri bundan əvvəl də virusu yaya bilər.


BBC Azərbaycan

Loading...