Distant təhsilin mənfi və ya müsbət tərəfləri hansılardır? - ÖZƏL MÜNASİBƏT
Cəmiyyət
10.12.2020 22:32
666

Distant təhsilin mənfi və ya müsbət tərəfləri hansılardır? - ÖZƏL MÜNASİBƏT

Distant Təhsil və ya Online təhsil indi ən önəmli təhsil metoduna çevirilməktədir. Çünki dünyanı öz təsir altına alan koronavirus distant təhsili ən populyar mövzulara çevirdi. İllərdir Azərbaycanda mövcud olan qiyabi təhsil siteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət ali təhsil müəsisələrimiz buna hazırdırlarmı? Bu yöndə fikirlər müxtəlifdir. Mütəxəssislər bildirir ki, qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir. Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.


Akademik Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Əliyeva MediaBaku.az-a açıqlamasında distant təhsilin mənfi və müsbət tərəflərindən danışıb.

“Pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Bildiyimiz kimi mart ayından bütün dünyanı bürüyən pandemiya səbəbi ilə Azərbaycanda da təhsil digər ölkələrdə olduğu kimi ənənəvi formadan onlayn tədrisə keçdi. Virusla mübarizə apardığımız bir dövrdə alternativ çıxış yolu onlayn dərslərin keçirilməsi idi. Təhsil alanların təhsildən kənar qalmaması üçün Təhsil Nazirliyinin reallaşdırdığı bir sıra layihələr oldu. Təhsil Nazirliyi qısa zaman içində çox böyük əmək və zəhmətlə ərsəyə gələn "Teledərslərə" start verdi. Bu layihədə iştirak etmiş bir müəllim kimi deyə bilərəm ki, bu layihə şagirdlərimizin təhsildən kənarda qalmaması üçün həyata keçirilən əsaslı tədbirlərdən biridir.


Bu gün  mən və şagirdlərim sinfimizdəki fəal təlim mühiti, canlı ünsiyyət, müzakirələr, müxtəlif səpkili layihələr həyata keçirmək üçün darıxmışıq. Fəal təlim mühitində qazandıqlarımızı heç nə ilə əvəz etmək olmaz. Lakin Nazirlər Kabinetinin xalqımızı düşünərək verdiyi qərarlara dəstək olmalıyıq. Bu gün Təhsil Nazirliyi təhsilin davamlılığını, təhsilalanların təhsildən kənar düşməsinin qarşısını almaq məqsədi ilə "Virtual məktəb"layihəsini həyata keçirir. Bu layihə mövcud vəziyyətdə həyata keçirilən ən əsaslı layihədir. Sistem müəllim və şagirdlər üçün bütün imkanları təqdim edir. Artıq şagirdlərimiz də bu sistemdən rahatlıqla istifadə edə bilirlər. Bu müddətdə Təhsil Nazirliyi müəllimlərimizin bu portalda daha keyfiyyətli dərs təqdim edə bilmələri üçün bu gün də davam edən onlayn təlimlər həyata keçirir.

Doğrudur, onlayn dərslər ənənəvi dərsləri 100% əvəz edə bilmir. İnternet problemi,  mobil vasitə çatışmazlığı həllini istədiyimiz problemlərdəndir. Onlany dərs mühiti xüsusilə ibtidai sinif şagirdləri ilə müəllimər arasında kommunikativ ünsiyyət vərdişləri formalaşdırmaqda çətinlik yaradır. İbtidai sinif şagirdlərinin uzun müddət komputer arxasında keçirdiyi zaman səhhətlərinə də təsirsiz ötüşmür. Lakin bu da bir faktdır ki, onlayn dərslər olmasaydı gələcəkdə təhsilimizdə yarana biləcək problemlərin həlli mümkünsüz olardı. Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar qərar və tövsiyələri ölkəmizdə insan resursuna, onların sağlamlığına yönəldiyi üçün bu müvəqqəti çətinlikdən qorxmaq lazım deyil. Azərbaycan xalqı bu gün zəfər günlərlərini yaşayır. Biz mənfur düşmənə qalib gələrək torpaqlarımızı işğaldan azad etdiyimiz kimi,  Covid-19 virusuna da qalib gələcəyik. Yenidən öz sinif otaqlarımıza qayıdacağıq”, - deyə Vüsalə müəllim bildirib.

 Distant təhsilin uşaqlar üçün psixoloji təsirini nəzərə alaraq uşaq psixoloqu Xəyalə Qafarova ilə həmsöhbət olduq.


Gənc psixoloq əlavə etdi ki, ilk vaxtlar insanlar yeni davranış modelinə uyğunlaşmağa çətinlik çəksələr də artıq buna alışıblar: “Bir çox ölkələrdə olduğu kimi, bizim ölkədə də karantin rejimi tətbiq olundu. Koronavirus (covid-19) pandemiyası sürətlə bütün ölkələrə yayılaraq, insanların gündəlik rejimini dəyişdirdi. İlk vaxtlar insanlar yeni davranış modelinə uyğunlaşmağa çətinlik  çəksələr də, artıq buna alışıblar. Təbii ki, bütün bunlar böyüklərlə yanaşı uşaq psixologiyasından da yan keçməyib, öz təsirini göstərdi. Valideynlərin karantin dövründə deyil, adi həyatda da uşaqlarının üzərində təsiri vardır. Valideynlərdə olan gərginlik, narahtlıqlar uşaqlara da ötürülür. Bu zaman uşaqlar ailədə yaşanan gərginlikdən əsəb, stress keçirir ki, bu da nəticə olaraq onlarda psixi travmaya gətirib çıxara bilər. Onlarda diqqətin yayınması, təhsildə geriləmə, əsəbilik, ünsiyyət pozğunluğu və.s problemlər müşahidə olunar. Əgər uşağın psixoloji cəhətdən sağlam böyüməsini istəyiriksə, ilk növbədə valideyn psixoloji rahatlıq tapmalıdır ki, övladına neqativ düşüncələri ötürməsin. Karantin müddətində də ailələr özlərinin günlük fəaliyyətini planlamalıdır. Bu, yuxu rejimindən tutmuş, asudə vaxta qədər hər şey öz qaydasında getməlidir. İlk öncə yaş həddinə uyğun yaranmış vəziyyətin səbəbi açıqlanmalıdır. Bu, doğrulara söykənərək olmalıdır. Uşaqlarla güvənli münasibət qurun. Yuxu rejimi, dərs vaxtı, yemək qəbulu, ev oyunları, hətta cizgi film izləmək də qaydasında olmalıdır. Evdə olduğunuz vaxtlarda övladlarınıza daha çox vaxt ayırın. Birgə fəaliyyətlə məşğul olun. Əvvəlki vərdişləri, yeni tərzlə əvəz edin. Məsələn: qonaq getməyi onlayn görüşlərlə əvəz edin, dostlarla görüşü video zənglərlə etməklərinə şərait yaradın. Əyləncə mərkəzlərindəki oyunları, ev oyunları ilə əvəz edin. Bu, həmçinin övladınızla birgə zaman keçirməyiniz dəməkdirdir. Bu çətin zamanı sevdiklərinizlə birgə maraqlı, əyləncəli keçirmək öz əlinizdədir. Sağlam bədən, sağlam düşüncə, sağlam ruh deməkdir. Çalışın sevdiklərinizlə birgə sağlamlığınızı qoruyun, sağlam qalın”.

“Məncə hər hansı mövzu haqqında danışarkən əvvəl onun faydalarından danışmalıyıq”.

MediaBaku.Az-a danışan Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbin müəllimi Aysel Əlizadə mövcud şəraitdə ən yaxşı çıxış yolu distant təhsilin olduğunu vurğuladı.


“Qapanmalar baş verməsə, təhsil ocaqları fəaliyyətini davam etdirsə şagirdlər və müəllimlər arasında kütləvi yoluxmalar baş verərdi. Bunun əyani təsvirini tanıdığım repetitorların  yoluxmasında gördüm. Lakin distant təhsil heç vaxt əyani təhsilin yerini verə bilməz. İlk növbədə qeyd etmək istəyərəm ki, mən kənd məktəbində dərs deməyimə baxmayaraq online dərsə bir şagirdim internet problemi olduğu üçün qoşulmur, digərləri hamısı qoşulur. Lakin bütün kəndlərdə vəziyyət eyni deyil. Elə kəndlər var ki, orada nəinki internet, heç evlərdə komputer, telefon belə yoxdur.Və nəticə olaraq şagirdlər tədrisdən geri qalır. Burada valideyn məsuliyyəti də önəmlidir. Bakı məktəblərində dərs deyən müəllim həmkarlarımdan bütün şərait olmasına baxmayaraq siniflərində cəmi 4-5 şagirdin qoşulmasını eşidirəm. Mənim sinfimin valideynləri isə çox məsuliyyətlidir. Onlar evdə bir növ məktəb şəraiti yaradıblar. Digər bir fəsadı isə şagirdlərlə bağlıdır. Sinifdə elə şagirdlər var ki, onları sinif otaqlarında dərsə cəlb etmək belə çətindir. Fikirləri çox dağınıqdır və ya qavramaqları zəifdir.


Online dərs zamanı da elə şagirdlərim olur hiss edirəm ki, gözləri yalnız mənə baxır, fikirləri evdə iş görən anasının və ya oyun oynayan bacısının yanındadır. Bu səbəbə görə, elə dağınıq şagirdlərin adlarını daha tez-tez çəkirəm və dərsə cəlbə edirəm. Bir dərsə 30 dəqiqə vaxt ayrılıb, lakin bəzən müddət 30 dəqiqəni keçir. Çünki sinifdə 20-dən çox şagird varsa, onların hər birinin həmin zaman çərçivəsində dərsə cavab verməsi, yeni mövzunun izahı çətinlik yaradır. Düşünürəm ki, onlayn dərs bütün müəllimlərin və valideynlərin əsəb sisteminə də güclü təsir edir. Son zamanlar valideynlərin, müəllimlərin yayılmış səs yazılarını buna nümunə göstərə bilərik. Bəzən hər hansı valideyndən eşidir ki, mənim övladım az danışdı. Axı müəllim də super qəhrəman deyil, zaman azdır, indiki proqram isə şagirdlər üçün olduqca qəlizdir. Hazırda bütün şagirdlər, tələbələr, müəllim və valideynlər birlik göstərməlidir, hər kəs bir-birinə qarşı anlayışlı olmalıdır, hər kəs mövcud vəziyyətdə əlindən gələni əsirgəməməlidir”, - deyə Aysel müəllimə fikirlərini tamamlayıb.


Xavər Bayramova

Loading...
Loading...