Ədliyyə rəisi torpaq alveri ilə məşğuldur? - ŞİKAYƏT
Ölkə
05.08.2021 20:42
1061

Ədliyyə rəisi torpaq alveri ilə məşğuldur? - ŞİKAYƏT

Bir qrup Qusar rayonu sakini adından “AzPolitika.info”-ya daxil olan şikayət məktubunda Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Cavanşir Əvəzovun qanunsuz əməllər törətdiyi iddia olunur.

Məktubda deyilir ki, Cavanşir Əvəzov Ədliyyə Nazirliyinin Analitik İdarəsinin rəisi Elçin Qasımovun dəstəyi ilə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Qusar rayonunda vətəndaşların ümumi istifadəsində olan örüş-otlaq sahələrini zəbt edərək, qanunsuz yollarla mənimsəyib: “Cavanşir Əvəzov işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif vaxtlarda müxtəlif bələdiyyələrə təzyiqlər göstərməklə vətəndaşların ümumi istifadəsində olan qanunla özgəninkiləşdirilməsi qadağan edilmiş örüş sahələrini öz yaxın qohumlarının adına saxta sənədlər vasitəsilə sənədləşdirib. Bu işdə ona Sumqayıt İnzibati-İqdisad Məhkəməsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi İdərəsində köməklik göstəriblər.

Cavanşir Əvəzovun “iş prinsipi” belədir: bələdiyyələrlə sövdələşmələrə girərək köhnə tarixə öz qohumlarının adına qərar yazdırır. Sonra həmin qərarı arxivə təhvil verilmiş kitablara qeyd etdirir. Bundan sonra 2006-cı il tarixə saxta Dövlət Aktı hazırlayır. Bundan sonra DƏDRX-nə çıxarışın verilməsi üçün müraciət edir.

Təbii ki, Dövlət Aktı saxta olduğu üçün DƏDRX çıxarış verilməsindən imtina edir. İmtina olunmuş qərardan məhkəməyə şikayət olunur. Nəticədə, məhkəmə çıxarışın verilməsi ilə bağlı qərar qəbul edir və məhkəmə qərarı əsasında satılması qanunla qadağan edilmiş və insanların ümumi istifadəsində olan torpaq sahələrinə çıxarış əldə olunaraq, digər şəxslərə yüksək məbləğə satılır. Təkcə bir nümunəni qeyd edək: Qusar rayonu Qullar kəndində 25.95 hektar torpaq sahəsini ilkin olaraq qohumu Xudaverdiyev Gəncəli Əhəd oğlunun adına sənədləşdirib, sonra Sumqayıt ASAN Xidmətinin notariat kontorunda 4Ə-1280 nömrəli sənədlə Abbasov Xaliq Nəriman oğluna 270.000 (iki yüz yetmiş min) manata satıb. Bu, yalnız bir ərazidir”.

Daha sonra məktubda C.Əvəzovun qanunsuz yolla ələ keçirdiyi iddia olunan ərazilərlə bağlı konkret ünvanlar və adlar göstərilir: “Cavanşir Əvəzov Qusar rayonu Samur Bələdiyyəsinin sabiq sədri Albina Muradxanovaya müxtəlif vasitələrlə təzyiqlər göstərib və bunun nəticəsində əhalinin otlaq sahəsi kimi istifadə etdiyi 17 hektar torpaq sahəsini mənimsəyərək qohumu Zeynalov Ziyadxan Balay oğlunun adına sənədləşdirib. Qeyd olunan 17 hektar torpaq sahəsi guya 01.12.2005-ci il tarixdə bələdiyyə qərarı ilə Zeynalov Ziyadxan Balay oğluna satılıb. Bunun nəticəsində 319 nömrəli 12.05.2006 saylı Dövlət Aktı saxta yollarla çap edilib. Keçmiş tarixə tərtib edilmiş sənədlər Dövlət reyestrində olmadığı üçün həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilib. Bundan sonra Cavanşir Əvəzov öz nüfuzundan istifadə edərək, məhkəmə orqanlarına təzyiq göstərib, Sumqayıt İnzibati-İqdisad Məhkəməsinin qərarı əsasında torpaq sahəsinə çıxarış əldə edib. Cavanşir Əvəzov Zeynalov Ziyadxanla arasında olan qohumluq əlaqəsi səbəbi ilə torpaq sahəsini uzun illər yanında sürücü kimi işləyən Şirinov Saleh Sərdar oğlunun atası Şirinov Sərdar Əkbər oğlunun adına alqı-satqı edərək arada olan əlaqəni itirməyə çalışıb”.

Məktubda yerli əhalinin C.Əvəzovun hərəkətlərinə etiraz etdiyi bildirilir: “Cavanşir Əvəzov Qusar rayonu Quxur-oba kəndi ərazisində 9.57 ha torpaq sahəsini saxta bələdiyyə qərarı və saxta Dövlət Aktı hazırlayaraq şəxsi sürücüsü Şirinov Salehin atası Şirinov Sərdar Əkbər oğlunun adına sənədləşdirib. Sənədlərin saxta olması səbəbindən həmin torpaq sahəsinə daşınmaz əmlak reyestrindən çıxarış verilməsindən imtina olunub. Bundan sonra Cavanşir Əvəzov yenə məhkəmə orqanlarına müraciət edərək həmin torpaq sahəsinə dair çıxarışın alınmasına çalışıb. Nəticədə, Sumqayıt İnzibati Məhkəməsi Cavanşir Əvəzova lazım olan qərarı qəbul edib (13.03.2020, 2-1(118)633-2020, hakim Ceyhun Məmmədov)

Hakim Ceyhun Məmmədov

Lakin Quxur-oba kənd sakinləri və Quxur-oba Bələdiyyəsi buna etiraz bildirərək, qərardan Apellyasiya şikayəti verib. Vəziyyətin pis olduğunu görən Cavanşir Əvəzov vəkili vasitəsi ilə iddianı geri götürüb və nəticədə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2-1(118)633-2020 saylı qərar ləğv edilib. Qeyd olunan 9.57 ha torpaq sahəsinin satılmasına dair saxtalaşdırılmış 19.09.2004-cü il tarixli 11 saylı bələdiyyə qərarına Səfərov Muqmin Aydabəy oğlu adında şəxs imza atıb. Lakin bu adda şəxs Quxur-oba bələdiyyəsində ümumiyyətlə işləməyib. Həmçinin, Cavanşir Əvəzov qeyd olunan torpaq sahəsinə ağır texnika göndərərək burada şumlama işlərinin aparılmasına cəhd edib. Bu zaman Quxur-oba kənd sakinləri və bələdiyyə üzvləri toplaşaraq buna mane olublar”.

İddia olunur ki, bölgədəki digər ərazilərdə də eyni üsuldan istifadə olunub: “Cavanşir Əvəzov çox yaxın dostluq əlaqəsində olduğu Xaçmaz rayon Hülovlü Bələdiyyəsinin sədri Allahverdiyev Hənifə Nadir oğlunun adına köhnə tarixə Qusar rayon Samur qəsəbəsi ünvanında 30.66 hektar torpaq sahəsinə saxta sənəd əldə edib. 10.03.2006-cı il tarixli JN006 kod 30102018 kimi qeyd olunan torpaq sahəsi güya 2006-cı ildə Allahverdiyev Hənifəyə satılıb.

Cavanşir Əvəzov, həmçinin qohumu Zeynalova Əsmər Nəcməddin qızının adına Şabran şəhəri ərazisində 150 hektar otlaq sahəsi əldə edib və bundan sonra həmin torpaq sahəsini atası Zeynalov Məhərləm Balay oğlunun adına rəsmiləşdirib (07.08.2019-cu il Şabran notariat kontoru N106)”.

Şikayətçilər qeyd edirlər ki, rəisin əməllərilə bağlı Ədliyyə Nazirliyinə dəfələrlə şikayət etsələr də, bunun heç bir faydası olmayıb: “Cavanşir Əvəzov dövlətin ona verdiyi səlahiyyətdən istifadə edərək məhkəmə orqanlarına təsir göstərir və bələdiyyələrdən aldığı qeyri-qanuni torpaq sahələrini sənədləşdirməklə məşğuldur. Ona haqq verməyən və onun dediyi ilə razılaşmayan bələdiyyələrə müxtəlif təzyiqlər edir onlara qərəzli audit yoxlamaları təşkil edərək, süni problemlər yaradır. Bununla bağlı Ədliyyə Nazirliyinə dəfələrlə şikayət edilib. Lakin bütün müraciətlər nəticəsiz qalıb. Cavanşir Əvəzov və onun havadarı Elçin Qasımov bütün müraciətlərin lazımi yerlərə çatmasına mane olurlar”.

Babayev Elvin, Hacıxanov Salman, Rəhmanov Osman, Mürsəlov Mürsəl, Dövlətxanov Amin və digərlərinin daxil olduğu 100-ə yaxın Qusar sakininin adından ünvanlanan məktubda idarə rəisinin hərəkətlərinin əhali arasında kütləvi narazılığa səbəb olduğu qeyd edilir və xahiş olunur ki, Cavanşir Əvəzova qarşı qanun çərçivəsində tədbir görülsün: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə, DTX-nin rəisi cənab Əli Nağıyevə səslənərək baş verən qanun pozuntuları ilə bağlı ölçü götürülməsini və Qusar rayonunda torpaq sahələrinin qanunsuz şəkildə sənədləşməsinin qarşısının alınmasını xahiş edirik”.

Məktubda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq

Loading...
Loading...