“Elə bir konsert proqramımız yox idi ki, özü şəxsən gəlib, bizi izləyib, alqışlamasın” - FOTO
Mədəniyyət
12.12.2020 12:43
268

“Elə bir konsert proqramımız yox idi ki, özü şəxsən gəlib, bizi izləyib, alqışlamasın” - FOTO

Ümummilli lider Heydər Əliyev həm də mədəniyyət xadimlərinin ən sadiq dostu idi. Onun anım günündə ən hörmət etdiyi və bütün sənətkarlardan xüsusilə ayırdığı iki böyük sənətkarımızın xatirələrini eşitmək çox xoş olardı. Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” və “Şərəf” ordenli, “Dövlət Mükafatı Laureatı”, sənətkar Xuraman Qasımova özü və bacısı, Azərbaycan və SSri Xalq artisti Fidan Qasımovanın  dahi şəxsiyyət Heydər Əliyevlə bağlı olan xatirələrini Moderator.az - la bölüşüb.
 
“Bu gün 12 dekabr ümummilli lider, ulu öndər, böyük şəxsiyyət Heydər Əliyevin anım günüdür. Mən Xuraman Qasımova və bacım Fidan Qasımova onu heç bir zaman unutmuruq ki, yada da salaq. Lakin onun anım günü bu il bir qədər fərqlidir. İki gün bundan öncə bizim xalqımız Qarabağda qazandığımız  böyük  və tarixi uğurlara görə qələbə paradı keçirdi. Biz hamımız bu parada şahidlik etdik, sevincimizin həddi-hüdudu yox idi. İnanıram ki, ulu öndərimizin ruhu bu gün şaddır. Onun vəsiyyətini Ali Baş Komandanımız, cənab İlham Əliyev söylədi və yerinə yetirdi.. Prezidentimizin “Ata, mən sənin vəsiyyətini yerinə yetirdim və Qarabağı geri aldım” sözləri bizim hamımızı kədərləndirdi və eyni zamanda, sevindirdi.. Heydər Əliyev çox böyük şəxsiyyət idi, bunu bütün dünya bilir. Böyük siyasətçi, görkəmli ictimai-xadim olmaqla yanaşı həm də bütün sahələri dərindən bilən bir rəhbər idi. Çox sevinirik ki, bizim onunla birgə keçirdiyimiz 25 ilə yaxın qiymətli bir xatirələrimiz qəlbimizdə yaşayır. Biz bu xatirələri zaman-zaman mətbuatda, televiziyada, qəzetlərdə bölüşmüşük. Çünki bizim yaradıcılığımız onun ölkəmizə rəhbərlik etdiyi illərdən başlayırdı. Təxminən 1969-1970 ci illərin əvvəlindən.. Biz səhnəyə gələndə hələ çox gənc idik. Nə yaxşı ki, Heydər Əliyev bizim yaradıcılığımızı və uğurlarımızı zamanında izləyib və qiymətləndirmişdi. Ulu öndər mədəniyyət sahəsində çalışan əsl sənətkarlara, istər bəstəkar, istər musiqiçi, istərsə də yazıçı olsun, hamısına böyük dəyər verərdi. Hamının yaradıcılığını diqqətlə izləyirdi, ümumiyyətlə mədəniyyəti çox sevirdi, bizim mədəniyyət tariximizi, musiqi tariximizi çox dərindən bilirdi. Hər bir musiqişünasdan da gözəl.. Onunla söhbət etmək, çıxışlarını dinləmək hər bir Azərbaycanlı üçün böyük bir məktəb idi. Ələxsus da bizim üçün. Biz çox qürur hissi  keçiririk ki, o insanla ünsiyyətdə olmuşuq, onu yaxından görüb, ailəsini tanımışıq” - deyə Xalq artisti bildirib. 
Xalq artisti Xuraman Qasımova daha sonra ulu öndərlə bağlı xatirələrini bölüşüb.
 
“Bizə hər zaman “qızlar” deyə müraciət edərdi. Rəsmi xarici səfərlərə gedərkən o mütləq ziyalılardan ibarət kiçik bir nümayəndə heyətini də özü ilə aparardı. Onların içərisində biz də var idik. Elə bir konsert proqramımız yox  idi ki, o özü şəxsən gəlib, bizi izləyib, alqışlamasın. Xarici səfərlərdə olarkən bizlə yaxından maraqlanırdı ki, səhhətimizlə bağlı özümüzü qoruyaq, soruşurdu ki, oteldən razısınızmı? Hələ Moskvada çalışdığı illərdə, çox nadir hallarda konsertlərimizə özü gələ bilməsə də, mütləq ailə üzvlərini göndərərdi. Bu ilk növbədə bizə böyük hörmət və dəstək idi. Heydər Əliyev Azərbaycan incəsənəti ilə, musiqisi ilə qürur duyurdu. Bəzən xüsusi görüşlərində, şam yeməklərində bizimlə çox gözəl, səmimi, maraqlı söhbətlər aparardı. Azərbaycan bəstəkarlarının, ələxsus da Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Rauf Hacıyevin əsərlərini çox sevərdi və  hətta bizimlə birgə oxuyardı.. Yadımdan heç çıxmaz ki, 1996-cı ildə Fidan xanım və mən onunla birlikdə şam yeməyində görüşmüşdük. Üçümüz birlikdə Niyazinin “Arzu” romansını ifa etmişdik.. İfadan sonra bir az kədərlənib, kövrəlmişdi.. Daha sonra öz həyatı, ömür-gün yoldaşı Zərifə xanım haqda bizə ürək dolusu danışırdı. Ürəyini bizə açırdı. Açıq deyərdi ki, o qədər məşğulam ki, sevdiyim ailəmi, yaxınlarımı heç görməyə vaxt tapmıram. Onu da anlamaq olardı, çünki böyük bir ölkəni idarə etmək heç də asan deyildi. Heydər Əliyevin yaşadığı şərəfli həyat hər birimizə bir örnəkdir. Hamı deyirdi ki, onun  sizlərə xüsusi bir münasibəti, hörməti var. Bəli, tez- tez belə deyirlər. Çünki biz onunla hansı xarici səfərdə olurduqsa ilk növbədə fikirləşirdik ki, hansı ölkəni təmsil edirik. Prezidentimizin nə dərəcədə yüksək şəxsiyyət olduğunu bilirdik və bu nöqteyi nəzərdən mədəniyyətimizin səviyyəsini yüksək tuturduq” - deyə Xalq artisti bildirib. Bakı Musiqi Akademiyasının professoru Xuraman Qasımova bildirib ki, bu gün də hörmətli prezidentimiz cənab İlham Əliyev və I vitse prezidentimiz Mehriban Əliyeva ulu öndərin yolunu şərəflə davam etdirirlər.
 
“Onlar mədəniyyət xadimlərinə daim dəstək olur, yaradıcılıqlarını izləyirlər. Cənab prezident özü demişdi ki, mən hər bir Azərbaycanlının prezidentiyəm və illər boyu da bunu təsdiq etdi. Mehriban xanım ilk olaraq 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” fondunu təsis etmişdi və bu fondun yaradılması ilə Azərbaycan mədəniyyətininin dünya ölkələrində təbliğini qarşısına məqsəd qoymuşdu. Sonra isə 2004 cü ildə o Heydər Əliyev Fondu yarandı və Mehriban xanım həmin fondun prezidenti oldu. Eyni zamanda  Yuneskonun xoşməramlı səfiri, bu gözəl, zərif qadın şərəfli missiyasını layiqincə həyata keçirirdi: Bizim mədəniyyətimizi, bizim mədəni irsimizi, muğamımızı, mədəni tariximizi bütün dünyaya tanıdaraq əbədiləşdirirdi. Həm İlham Əliyev, həm də Mehriban xanım tərəfindən bir çox mədəniyyət xadimlərimiz fəxri adlara, mükafatlara, mənzillərə layiq görülüb. Biz Qasımova bacıları bu gün də onlardan böyük diqqət və qayğı görürük. Belə ki, Fidan xanım iki il bundan öncə ölkənin ən nüfuzlu “İstiqlal” ordeninə layiq görülmüşdü. Azərbaycanın qədim, əzəli torpaqları işğaldan azad olunandan sonra indi bizim tək bir arzumuz var. O da həmin ərazilərdə olan mədəni abidələrin bərpa olunması, orada həyatın canlanması və məcburi köçkünlərin yenidən öz doğma yurdlarına qayıtmasıdır. Arzu edirik ki, Qarabağ bölgəsi öz keçmiş, gözəl və möhtəşəm həyatına qovuşsun” - deyə sənətkar bildirib. Xalq artisti daha sonra qələbə paradından və bu vətən müharibəsində qardaş ölkə Türkiyənin Azərbaycana dəstəyindən danışıb.
“Qarabağı qazanmaq, müharibədə qalib olmaq elə də asan deyildi. 28-30 ildir ki, bizim torpaqlarımız işğal altında idi. Biz neçə ildir o bölgələri yenidən geri qaytarmaq üçün çalışırdıq. Cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin siyasəti və rəşadətli ordumuzun gücü sayəsində buna nail olduq. Bu vətən müharibəsində qardaş ölkə Türkiyə də tam gücü ilə bizim yanımızdaydı. Qələbə paradında da hörmətli prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın, Türkiyədən bir çox vəzifəli siyasətçilərin səmimi iştirakı bizi bir daha sevindirdi. Fidan xanımla birgə qələbə paradını televiziya vasitəsilə izlədik. Bu çox böyük bir bayram idi. Cənab prezidentimizi hər zaman olduğu kimi bu gün də dəstəkləyirik. Hər bir müharibədə qələbə ilə yanaşı itkilər də olur. Şəhid olan əsgərlərimizin ailələrinə baş sağlığı diləmək istəyirəm. Onlar həqiqətən də böyük qəhrəmanlıq göstərərək həlak oldular. Bu gün isə ruhları şad olsun...Şəhidlərimizin  qanı heç bir zaman yerdə qalmayacaq, necə ki, qalmadı. Allah bilir ki biz nə çətinliklərlə qarşılaşaraq torpaqlarımı geriyə qaytardıq. Bəzən xəbərlərdə o çətin döyüş meydanında əsgərlərimizin gülər üzünü, mahnı oxumaqlarını, rəqs etməklərini görəndə çox təəcüblənib, eyni zamanda onlarla qürur duyurduq. Böyük cəsarət göstərərək, torpaqlarımızı qarış-qarış azad edərək irəli gedirdilər. Onlar qəhrəmancasına döyüşüb Şuşanı bizə qaytardılar. Biz inanırıq ki, gün gələcək ki, xalqımız Cıdır düzündə əl-ələ tutub, yallı rəqsini oynayacaq, simfonik orkestrimizin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasının “Üvertüra”sı səslənəcək. Allah prezidentimizi və xalqımızı qorusun. Qarabağ Azərbaycandır” - deyə Xalq artisti müsahibəsini bu sözlərlə bitirib.
Loading...
Loading...