“Erməni dəstələri işğaldan azad olunmuş ərazilərdə bazalar qurub”  – Polkovnik AÇIQLADI
Siyasət
21.12.2020 20:56
541

“Erməni dəstələri işğaldan azad olunmuş ərazilərdə bazalar qurub” – Polkovnik AÇIQLADI

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində düşmən üzərində sarsıdıcı qələbə qazandı. Amma buna baxmayaraq, işğaldan azad olunmuş. ərazilərdə erməni quldur dəstələrinin, diversiya qeruplarının hücum cəhdləri barədə məlumatlar daxil olur.


Xüsusən, Xocavənd rayonu ərazisində erməni silahlı dəstələrinin əsgərlərimizə hücumu barədə Müdafiə Nazirliyi xüsusi məlumat yaymış, ərazidə xüsusi əməliyyat keçirilmişdi.


Modern.az xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov işğaldan azad olunmuş ərazilərdə qanunsuz silahlı birləşmələrin olduğunu bildirib. Onun fikrincə, həmin dəstələr rəsmi Yerevana tabe deyil.


“10 noyabr Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatdan sonra ermənilər yenə də öz təxribatlarından əl çəkmədilər. Azad olunmuş ərazilərimizin bəzilərində gizlənən erməni terrorçular Azərbaycan əsgərləri tərəfindən aşkar edilir, zərərsizləşdirilir. Lakin hər kəsə qaranlıq qalır ki, bir aydan çoxdur müharibə bitdiyi halda meşələrdə gizlənmiş ermənilər necə sağ qala bilirlər? Onlara dəstək çıxıb, qida, geyim, silahla təmin edənlər kimlərdir? Lakin ayrı-ayrı terrorçu qrupları, muzdlular, bu qərarla razı olmayanlar var. Onları mən hərbçi yox, hansısa quldur dəstəsi hesab edirəm. Çünki onlar hərbi struktura, dövlətə bağlı olan qüvvələr deyil. Onların məqsədi orada təxribat törətmək, vəziyyəti qarışdırmaqdır. Hamısı tərki-silah olunmayıb. Ermənilər ancaq özlərinə məxsus hərbi hissələri Ermənistana köçürüblər. Halbuki orada terrorçu qrupları, muzdlular, PKK-çılar, qanunsuz silahlı insanlar çoxdur. Hazırda Ermənistanda qarışıqlıqdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkələrinin daxilində olan problemləri həll edə bilmir, qaldı ki, Azərbaycanda olan hansısa erməni muzdlu və terrorçu qruplarına nəzarət etsinlər. Həmin dəstələr nəzarətdə deyillər. Onlar quldurluqla, terrorçu əməllərlə məşğuldurlar. Onların orada quldurluq və terrorçuluq etməsi üçün geniş imkanlar var. Əvvəlcədən həmin yerlərdə müəyyən bazalar qurulub. Həmin bazalar zirzəmilərdə, dağların içində və ya hansısa gizlin yerlərdəki təminatla təmin olunmuş yerlərdə qurulub. Onlar qrup şəklində də ola bilərlər”.


Ekspertin fikrincə, onlar hərbi hissə, alay və ya tabor kimi qurumlar deyil, ayrı-ayrı şəkildə silahlanmış quldur dəstələridir:


“Onlar əsir götürüləndə də əsir yox quldur və terrorçu hesab olunurlar. Quldur və terorçulara açılan Cinayət Məcəlləsindəki maddələr də onlara şamil olunacaq. Həmin maddələrlə qanun qarşısında cavab verəcəklər. Bu təbii bir haldır. Çünki oralar boşluqdur. Nəzarətsiz qalan ərazilər çoxdur. Digər tərəfdən də həmin ərazilərdə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. O əraziləri daha çox onlar nəzarətdə saxlayırlar. Düşünmürəm ki, ruslar onlara dəstək göstərsinlər. Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycanın əlaqələri yeni başlayıb. Heç bir ay keçməyib. Azərbaycan ilə Rusiya sülhməramlılarının güc strukturları birgə fəaliyyət göstərmək üçün müəyyən bir addımlar atırlar. Bu məsələlər yerini tutduqca, təxribatlar üzə çıxdıqca onların izlənməsi, məhv edilməsi, tərki-silah olunması bunlar həm Azərbaycanın güc strukturlarının öhdəsinə düşən öhdəçiliyi yerinə yetirəcək, həm də ki, Rusiya sülhməramlı qüvvələri ilə birgə müəyyən bir əlaqələr olaraq bu fəaliyyət daha da genişlənəcək. Təhlükəsizliyimizi nə qədər keyfiyyətli və səmərəli yerinə yetirsək, o qrupların da, ayrı-ayrı şəxslərin də fəaliyyəti məhdudlaşacaqdı. Bizim güc strukturlarımızda yetərli qədər professional kadrlar var. Hər şeylə təmin olunublar ki, qrupların və ya ayrı-ayrı qanunsuz silah gəzdirən şəxsləri izləsinlər və məhv etsinlər”.

Loading...