Ermənilərin Xudavəng monastırı ilə bağlı daha bir yalanı  - FOTO
Siyasət
25.11.2020 10:54
359

Ermənilərin Xudavəng monastırı ilə bağlı daha bir yalanı - FOTO

Ermənilərin nəzarətində olan teleqram kanallarında  Dadivəng (Xadavəng) monastır kompleksinin Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşdiyi iddia  olunur.  Bildirilir ki, keçmiş SSRİ-nin 1940-cı ilə qədər olan inzibati xəritələrində monastır  Muxtar  Vilayətin  ərazisində  göstərilib.  İddianı əsaslandırmaq üçün Dağlıq Qarabağa aid xəritə də nümayiş etdirilir.

Saxta.info bu iddianın doğru-olub olmadığını araşdırıb.

Dadivəng (Xadavəng)  monastırı Kəlbəcər rayonunun Bağlıpəyə kənd inzibati ərazi dairəsində yerləşən Vəng kəndinin ərazisindədir. Kəndin adının da elə buradan qaynaqlandığı bildirilir. Vəng kəndi yaşayış məntəqəsi kimi 1942-1943-cü illərdə rayonun keçmiş Mələslər kəndindən gələn ailələr tərəfindən formalaşdırılıb.

Mələslərin kökü isə Kolanı türk tayfasına  gedib çıxır.  (Bu tayfanın yaşadığı ərazilərlə bağlı Azərbaycan Toponimləri Enskopedik Lüğətdə  ətraflı məlumat verilib – 405-ci səhifə). 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı bu kənd də ermənilərin nəzarətinə keçib.

Rəsmi mənbələrdə Kəlbəcər rayonunun heç vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) daxil olmadığı əksini tapır. Belə ki, 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə  muxtar vilayət yaradılanda tərkibində  Ceraberd,  Vərəndə, Xaçın,  Dizaq və Şuşa rayonları olub.  1930-cu ildə yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik aparılıb.  Vilayətin ərazisi yenə də 5 rayona bölünüb. Bura Ceraberd, Martuni (Keçmiş Vərəndə), Xankəndi (əvvəlki Xaçın rayonu isə Xankəndinə aid edilir),  Dizaq və Şuşa daxil olub. 1939-cu il avqustun 17-də isə Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılıb. Ötən əsrin  80-90-cı illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində isə bu rayonlar olub: Əsgəran 1978-ci ildə (Stepanakert rayonu əsasında təşkil edilib),  Hadrut, Mardakert (1991-ci ildən Ağdərə), Martuni (1991-ci ildən Xocavənd), Şuşa rayonları və vilayət tabeli Stepanakert (indiki Xankəndi).    

Bu faktlar təsdiqləyir ki, Kəlbəcər rayonu heç vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi ərazisinə daxil olmayıb. Muxtar Vilayətin tərkibində olan Ağdərə rayonu (keçmiş  Mardakert rayonu)  Azərbaycan Milli Məclisinin  13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra bu rayonun 23 kəndi, Çərəktar,  Qozlu,  KotavanYuxarı Oratağ,  QızılqayaYayıcı,  Dəvədaşı,   DrombonÇıldıranMehmana,  DovşanlıHəyat,  Bazarkənd,  Şahmansurlu,  Vəngli,  Çormanlı,  İmarət Qərvənd,  Zardaxaç,  Çapar,  Həsənriz,  Narınclar,  Damğalı,  Kolatağ  Kəlbəcərin inzabati ərazi dairəsinə daxil edilib.   Vəngli  kəndində qədim Alban məbədi,  1238-ci ildə tikilmiş  Gəncəser  monastırı  yerləşir.

Yeri gəlmişkən, ermənilər özləri tərtib etdikləri məlumatlarda Vəng kəndinin Kəlbəcər rayonu ərazisində  yerləşdiyini  təsdiqləyirlər.  Hətta qondarma respublikının xəritəsində belə Dadivəng (Xadavəng)  alban monastırı Kəlbəcərin ərazisində göstərilir.   Ermənilər  sadəcə olaraq Kəlbəcəri “Qondarma Dağlıq Qarabağ Respublikası”nın tərkibində, Şaumyan rayonunun ərazisinə daxil ediblər.  Amma rəsmi mənbələrdə Şaumyan rayonunun da  heç vaxt Dağlıq Qarabağ coğrafiyasına daxil olmadığı  bildirilir.  Bu barədə saxta.info  geniş  araşdırma yazı təqdim edib.  

Ermənilərin teleqram kanallarda təqdim etdikləri Dağlıq Qarabağ Muxtar Viləyətinin 1939-40-cı illərə aid xəritəsində  sonradan işarə etdikləri yerdə  məhz Dadivəng (Xudavəng) monastırının yerləşib-yerləşmədiyi isə məlum olmur.

Ermənilərin  erməni monastırı, erməni apostol kilsəsi kimi təqdim etdiyi  və Dadivank  adlandırdığı  Dadivəng (Xudavəng) monastır kompleksi Qafqaz Albaniyasına aid memarlıq abidəsi hesab olunur.   Kompleksin əsas tikilisi  VIII-IX əsrlərə aid edilir. Həmin tikilinin  İsa peyqəmbərin  12 həvarisindən biri olan Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün göndərilən Dadinin məzarı üzərində inşa edildiyi  ehtimal olunur. Ermənilər  də məhz  bu addan çıxış edərək monastıra Dadivəng adı veriblər. Kompleksin digər tikilisi, Arzu xatun kilsəsi isə 1214-cü ildə Alban Xaçın hökmdarının həyat yoldaşı Arzu Xatun tərəfindən inşa etdirilib. Bəzi  tədqiqatçılar isə  “Tanrı kilsəsi” mənası daşıyan  Xudavəng monastrının  yerli türk boylarının qədim ibadətgahlarından biri üzərində inşa olunduğunu bildirirlər. Qeyd olunur ki,  Alban xristian abidələrinin əksəriyyəti 7 türk boylarının dini məbədləri üzərində inşa edilib.  

Xatırladaq ki, 44 günlük ikinci Qarabağ müharibəsinin nəticəsində  10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya liderlərinin və Ermənistanın baş nazirinin imzaladığı  bəyanata  əsasən  1993-cü ildən işğal altında olan Kəlbəcər rayonu  noyabrın 15-dək Azərbaycan tərəfinə təslim edilməli idi. Sonradan Ermənistan tərəfinin Rusiya vasitəçiliyi xahişi nəzərər alanaraq bu müddət 25 noyabrədək uzadıldı. Həmin müddət də sabah başa çatır. Məlum sənədə əsasən ermənilər Kəlbəcər ərazisini tərk etməlidirlər.  Görünür ermənilərin məqsədi  monastırı  Dağlıq Qarabağ ərazisində göstərməklə  əraziyə  sülhməramlı qüvvə göndərən  rəsmi  Moskvanın diqqətini çəkmək və bu yolla Kəlbəcər ərazisində qalmaqdır. Xatırladaq ki, bir müddət öncə,  ermənilərin  sözügedən  monastırın zənglərini, xaç daşlarını və digər qiymətli əşyalarını qeyri-qanunu olaraq Ermənistana daşıdığına dair məlumat yayılmışdı.

Saxta.info bu qənaətə gəlib ki, ermənilərin Dadivəng (Xadavəng) monastır kompleksinin Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşdiyinə dair iddiası yalandır və bu,  ərazini  tərk  etməmək üçün  manipulyasiya cəhdidir.        

Loading...
Loading...