Ermənistanda ərzaq və qaz da daxil olmaqla zəruri mallar bahalaşmaqda davam edəcək. Bunu “Daşnaktsutyun” (EİF) partiyasının İqtisadi Tədqiqatlar Bürosunun rəhbəri iqtisadçı Suren Parsyan söyləyib.
Saxta.info iqtisadçının proqnozunun nə dərəcədə doğru olub-olmadığını yoxlayıb.
Açıq mənbələrə görə, Ermənistanda kənd təsərrüfatının taxıl, ət və süd məhsulları istehsalı kimi strateji sahələrində ərzaq təhlükəsizliyi problemləri həllini tapmayıb. Hazırda bu ölkədə əhalinin buğdaya olan tələbatının 31 %, toyuq ətinə olan tələbatının isə 23 %-i yerli istehsal hesabına ödənilir.
Ermənistan Dövlət Gəlirlər Komitəsinin məlumatına görə, keçən ilin birinci yarısında Ermənistana 3496 ton pomidor idxal olunub. Ötən ilin eyni dövründə bu rəqəm 20 ton idi. Beləliklə, Türkiyədən Ermənistana 2.756 ton, İrandan - 693 ton, Gürcüstandan - 46.1 ton pomidor idxal edilib. Ayrıca, 2018-ci ilin ilk 6 ayında Ermənistana 1941 ton kartof idxal edilib və bu ilin 6 ayında isə bu rəqəm 4041 ton olub. O cümlədən Rusiyadan - 1590 ton, Hollandiyadan - 1044 ton, Belarusdan - 471 ton, İrandan - 343 ton, Pakistandan 150 ton kartof idxal olunub.
Ermənistanda kənd təsərrüfatı məhsulları istehsalının idxalla müqayisədə əhəmiyyətli dərəcədə kəsirdə olması bu ölkənin Dövlət Statistika Komitəsinin məlumatlarında da təsdiqlənir.
Yeri gəlmişkən, 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan əraziləri azad etməsi, həmçinin 10 noyabrda Dağlıq Qarabağa dair imzalanan bəyanata əsasən təqribən 10 min kvadrat kilometr ərazi Azərbaycanın nəzarəti altına keçib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciətində məlumat verib.
Təbii ki, bu, taxıl tədarükü baxımından Ermənistan üçün böyük itkidir. Keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryanın sözlərinə görə, ölkənin illik taxıl istehlakı təxminən 450 min tondur, bunun 250 min tonu Rusiyadan tədarük olunur. Xaçatryanın dediklərindən belə məlum olur ki, II Qarabağ müharibəsində işğal olunmuş ərazilərin Ermənistanın nəzarətindən çıxamsı nəticəsində bu ölkə xaricdən 20-25% daha çox taxıl almalı olacaq. 2017-2018-cilin məlumatlarına görə, Dağlıq Qarabağda təxminən 135-150 min ton taxıl istehsal edilib ki, bunun da 100 min tondan çoxu Ermənistana göndərilib. Sabiq nazir əlavə edib ki, Ermənistanın özünü taxılla təmin etmək üçün taxıl əkini sahələrini iki dəfə artırmalıdır. Xaçatryan qeyd edib ki, hazırda ölkə 200 min ton taxıl alıb. Amma 450 min tona ehtiyac var. Bunu almaq isə hazırda real görünmür. Bundan başqa Ermənistandakı əkin sahələrinin 40% -dən çoxu əkilmir. Hətta həmin ərazilər tam əkilsə belə taxıl tədarükü 100 min tondan çox olmayacaq. Təbii ki, Rusiyadan buğda idxalına etibar etmək olar, lakin bu məhsulun qlobal bahalaşma tendensiyası Ermənistanda sadə vətəndaşların xərclərini artıracaq.
Qeyd edək ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına əsasən noyabr ayında dünyada ərzağın qiymətləri kəskin şəkildə artaraq son altı ildə ən yüksək səviyyəyə yaxınlaşıb. Belə ki, 2020-ci ilin oktyabr ayından bəri dənli bitkilər 2,5%, keçən ilin noyabrına nisbətən isə 19,9% bahalaşıb. Ardıcıl beşinci aydır ki, taxıl bahalaşır. Buğdanın bahalaşmasının səbəbi, tədarükün proqnozlaşdırılandan az olması və Argentinada məhsul növlərinin pisləşməsidir.
Ermənistanın qida idxalından asılılığı BMT-nin 2019-2024-cü illər üçün Ermənistanda Qida Təhlükəsizliyi Strateji Planında da əksini tapıb. Bu ölkə hələ də qida məhsullarının, xüsusən də dənli bitkilərin və ət idxalından çox asılıdır. Belə ki, buğdanın 50,5%-i, paxlakimilərin 42%-i, quş ətinin 78%-i, donuz ətinin 42%-i və bitki yağı ölkəyə idxal olunur. Bundan başqa Ermənistanın dənizə çıxışı olmadığı və çətin geosiyasi vəziyyətə düşdüyü üçün dörd sərhədindən yalnız ikisi ticarət və tranzit üçün açıqdır. Buna görə də BMT-nin mütəxəssisləri Ermənistanda əsas ehtiyac və qeyri-vacib malların idxalının problem olaraq qaldığını, xüsusilə də fövqəladə vəziyyətdə qida çatışmazlığı ehtimalının artdığını söyləyirlər.
Dünya bazarındakı faktiki vəziyyət artıq Ermənistanın daxili bazarına təsir göstərib. İdxal məhsullarının - şəkər, kərə, günəbaxan yağları, unun, həmçinin yumurtanın qiyməti qalxıb, çünki bu məhsullar üzrə idxalın payı təxminən 60%-dir.
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayanda Ermənistanın İqtisadi Rəqabəti Qoruma Dövlət Komissiyası ölkənin böyük ticarət şəbəkələrində zəruri malların gündəlik monitorinqini həyata keçirib. Monitorinq nətcəsində şəkərin pərakəndə satış qiymətində 6-7%, əsas kərə yağı növlərinin qiymətində 1%, günəbaxan və qarğıdalı yağının dəyərində isə 2-7% artım qeydə alınıb. Komissiya bu nəticəyə gəlib ki, qiymət artımı obyektiv səbəblərdən qaynaqlanır. Belə ki, bu malların dünya bazarında qiyməti artıb və bununla yanaşı valyuta bazarındakı ajiotaj səbəbiylə dramın məzənnəsi düşüb. Buna görə də idxal olunan mallar bahalaşıb.
Göründüyü kimi, qiymət artımı tendensiyası davam edəcək. Kütləvi İnformasiya Vasitələrinin yazdığına görə, 2019-cu ilin sonunda Avropada bir ton buğda istehsal bölgəsindən asılı olaraq 180-190 avroya satılıb. Fevral ayının sonunda kotirovkaların dəyəri 200-210 avroya çatıb. Bu bahalaşmada iki səbəb əsas rol oynayıb. Birincisi, bir çox ölkə, xüsusilə də idxaldan asılı ölkələr, “qara gün” üçün taxıl ehtiyatı yaratmaq istəyib. İkincisi, investorlar gözləyirdilər ki, ənənəvi ixracatçılar daxili bazarda qiymət artımlarından qorunmaq üçün ixracı məhdudlaşdıracaqlar.
Qeyd edək ki, may ayında əsas taxıl bitkiləri ixracatı üçün 7 milyon ton kvota tətbiq edən Rusiyanın Vyetnamdan düyü tədarükünü dayandırmasının ardından, Rumıniya bütün taxıl ixracını qadağan etdi. Ukrayna isə əsas ixrac məhsulu olan qarğıdalının ixracını məhdudlaşdıracağını açıqladı. Bu məhdudiyyətlərdən bəziləri sonradan götürülsə də, dünyada belə bir tendensiyanın inkişafı müşahidə olunur. ABŞ-da panika artır, insanlar ət çatışmazlığından narahatdır. Bu ölkədə qəssabxanalar koronavirusun yayılma mənbəyinə çevrildiyindən bağlıdır.
Ümumiyyətlə, 50-dən çox ölkə idxal rüsumlarını azaldıb, 80-dən çox ölkə tibbi mal və qida məhsulları ilə bağlı ixrac maneələrini gücləndirib. Bu barədə "Rossiyskaya Gazeta" Beynəlxalq Ticarət Mərkəzinin (BTM) hesablamalarına əsasən məlumat verib. Eyni zamanda, Meksika, Monqolustan, Afrika və Yaxın Şərqdəki bir çox ölkə xarici ticarətin tənzimlənməsi istiqamətində heç bir tədbir görməyib.
Dünyada xüsusi narahatlıq doğuran digər məqam Cənub-Şərqi Asiya ölkələrindən düyü ixracına qoyulan qadağalardır. Qeyd edək ki, Kamboçya, Myanmar, Filippinin bəzi əyalətləri düyü ixracını qadağan edib. Vyetnam düyü ixracına qadağa qoysa da, 11 apreldə ixrac kvotasını tətbiq edilən tədbirləri yumşaldıb. Yeri gəlmişkən, Misir paxlalı bitkilərin ixracına qadağa qoyub, Türkiyə daxili tələbin artması səbəbindən ölkədən limon ixracatına nəzarəti gücləndirib. İndoneziya isə soğan və sarımsağa artan təlabat səbəbindən bu məhsulların məcburi sertifikatlaşdırmasını ləğv edərək idxal məhdudiyyətlərini yüngülləşdirib.
Qeyd edək ki, dünya bazarındakı qiymət dalğalanmaları kimi obyektiv faktorlarla yanaşı, siyasi qeyri-sabitlik, əhalinin intensiv xaricə çıxması və iqtisadiyyatın bir çox sahəsinin fərdi sahibkarlar və siyasətçilər tərəfindən inhisara alınması kimi spesifik problemlər də Ermənistanda qiymətlərin artımına təsir göstərir. Bu barədə Saxta.info-da dərc olunan digər məqalədə söhbət açılır.
Beləliklə hətta obyektiv səbəblər Ermənistanda zəruri malların qiymətinin qaçılmaz olduğunu düşünməyə əsas verir. Nəticə etibarilə iqtisadçı Suren Parsyanın Ermənistanda ərzağın qiymətinin artacağına dair proqnozu gerçəkliyə uyğundur.