Ermənistan tərəfi Azərbaycanı Cəbrayıl rayonunda 2017-ci ildə işğalçı qüvvələr tərəfindən tikilən erməni mədəni irsinə aid kilsəni dağıtmaqda günahlandırır. Bu barədə bir çox erməni telegram kanallarında məlumatlar əksini tapıb.
Saxta.info erməni tərəfinin bu iddiasının əsaslı olduğunu öyrənməyi öz üzərinə götürdü.
Biz Azərbaycan tərəfinin bu tikilini həqiqətən dağıdıb-dağıtmadığını araşdırmayacağıq. Çünki qarşı tərəf öz açıqlamasını faktiki olaraq əsaslandırmır, yalnız birində çınqıl dağıdılmış boş yer, digərində o qədər də böyük olmayan, üzərinə xaç quraşdırılmış kilsə olmaq şərtilə iki foto nümayiş etdirir.
Biz sözügedən tikilinin açıqlamada iddia edilən dini və ya tarixi əhəmiyyəti ilə bağlı məqamı araşdıracağıq. İlk növbdə xristian ənənələrində ibadətgahın kilsələrdən fərqləndiyini, xüsusilə ölçüsünə görə kiçik olduğunu, mehrabının olmamasını, sadəcə dua etmək üçün bir yerdən ibarət olduğunu qeyd etmək lazımdır.
Söhbət Cəbrayıl rayonundan getdiyindən, xatırladaq ki, 1979-cu ilin siyahıya alınmasına əsasən bu rayonda əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edib (42.415 (98.5%)). Rayon 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və nəticədə əhali öz ata-baba yurdundan didərgin düşüb. Həmin vaxtdan da rayon erməni separatçıları tərəfindən idarə edilirdi. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın inzibati ərazi bölgüsündə rayon Jrakan və ya Mexakavan adlandırılırdı. 2020-ci ilin oktyabrında Azərbaycan ordusu rayonu işğaldan azad edib. Bu mənada ermənilərin Cəbrayıl rayonu ərazisində mədəni irslərinin olmasına dair iddiasını sağlam düşüncə kimi qəbul etmək çətindir.
1917-ci ilin dekabr ayının əvvəllərində erməni işğalçı qüvvələrinin Cəbrayıl ərazisindəki hərbi hissəsinin əsgərləri üçün ibadətgah tikildiyinə dair məlumatlar verilib. Hətta o zaman açılış mərasimində iştirak edən yepiskop Vrtanes Abramyan qeyd etmişdi ki, bütün dünya Cəbrayılın qədim Azərbaycan torpağı olduğunu bilir.
“2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk Qrupu həmsədrləri Cəbrayılda tikilmiş qanunsuz ibadətgahı ziyarət etdilər”. Bu açıqlamanı ermənilərin iddiasını şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşıb. O bildirib ki, həmsədrlər buranın əsgərlərə xidmət üçün hərbi kompleks ərazisində inşa edilmiş ibadətgah olduğu qənaətinə gəliblər. Hikmət Hacıyev əlavə edib ki, zəbt olunmuş torpaqların dini-mədəni mahiyyətini dəyişdirmək cəhdləri qanunsuzdur.
Əsgər ibadətgahının dağıdılması ilə bağlı ermənilərin iddiasının əksinə olaraq, hər bir insan yaradıcılığının dünyada mədəni irs obyekti kimi kvalifikasiya olunmadığını da bilmək vacibdir.
YUNESKO-nun «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına görə mədəni sərvətlər anlayışına mənşəyindən və sahibindən asılı olmayaraq hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyət kəsb edən obyektlər daxildir və bura dini və dünyəvi memarlıq, incəsənət abidələri, yaxud tarixi abidələr, arxeoloji qazıntı yerləri, tarixi və bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları, incəsənət əsərləri, əlyazmalar, kitablar, bədii, tarixi və ya arxeoloji əhəmiyyətli digər əşyalar, həmçinin elmi kolleksiyalar və ya mühüm kitab və arxiv materialları daxildir.
Bununla yanaşı YUNESKO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-cil Konvensiyasının 1-ci maddəsində də mədəni irs anlayışı oxşar şəkildə təsbit olunub.
Belə olan halda istər-istəməz sual yaranır: məhdud bir əsgər kontingentinin ehtiyacları üçün nəzərdə tutulan kazarma ibadətgahı belə obyekt hesab oluna bilərmi? Təbii ki, hesab edilə bilməz.
Sonda qeyd edək ki, sözügedən tikilinin inşa edildiyi Cəbrayıl rayonu Azərbaycanın beynəlxalq səviyyədə inzibati ərazi vahidi kimi tanındığından burada hər hansı təsərrüfat fəaliyyəti də Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Xüsusilə yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət səlahiyyətinə aid edilən və Torpaq Məcəlləsi ilə tənzimlənən torpaq münasibətlərinin bir elementidir.
Torpaq Məcəlləsinin 6-cı maddəsində dövlətin aşağıdakı səlahiyyətləri sadalanır:
Beləliklə, qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, işğalçı qüvvələrin özbaşına olaraq Azərbaycanın zorla ələ keçirdiyi ərazisində tikdiyi ibadətgahın heç bir mədəni, tarixi və ya başqa bir dəyəri yoxdur, buna görə də sökülə bilər.
Saxta.info bu qənaətə gəlib ki, sadalananlar erməni tərəfinin faktlarla manipulyasiya etdiyini deməyə əsas verir və 2017-ci ildə Cəbrayıl rayonu ərazisində tikilən əsgər ibadətgahının mədəni isr adlandırılmasına dair iddiaları həqiqəti əks etdirmir.