Ermənistana dost deyən müsəlman ölkələri Qarabağdakı məscidlərin gününü görürmü...
Siyasət
25.12.2020 21:51
341

Ermənistana dost deyən müsəlman ölkələri Qarabağdakı məscidlərin gününü görürmü...

“Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar gəlib bizim məscidimizi dağıdıblar, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik.


Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilanda düşmənin dağıtdığı məscidin önündə çıxışı zamanı söyləyib.


Dövlət başçısı deyib: “İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu”.


Azərbaycan Prezidenti qeyd edib ki, bu məscid də bərpa olunacaq, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.

  • ...daimi dostları yoxdur, daimi maraqları var”


AVCİYA-nın vitse-prezidenti, siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bidirdi ki, bəzi müsəlman ölkələri öz maraqlarını dini həmrəylikdən, din qardaşlarının ədalətli mövqeyini dəstəkləməkdən üstün tutduqlarını ortaya qoyublar. “Prezdent çox düzgün olaraq bəzi müsəlman dövlətləri ilə bağlı iradlarını səsləndirdi. Həqiqətən də bəzi müsəlman dövlətləri ermənilərin Azərbaycan ərazisində müsəlman məscidlərinə, dini inanc ocaqlarına qarşı törətdikləri vandalizm aktlarına, islam dünyasının müqəddəs ocaqlarının təhqir olunmasına səssiz qaldılar, bu azmış kimi, Ermənistanla münasibətlərini davam etdirdilər. Çox təəssüf ki, bəzi dövlətlər özlərini “islam ölkəsi” adlandırsalar da, Çörçilin dediyi kimi, onlar öz maraqlarından çıxış edirlər. Yəni bu müsəlman dövlətlərinin daimi dostları yoxdur, daimi maraqları var, islamı da bir pərdə kimi istifadə edirlər. Bilirsiniz ki, islam müqəddəs dindir. Əgər bu dövlətlər islamın təməl prinsiplərinə, onun qayda və qanunlarına əməl etməyəcəklərsə, onda “islam” adını daşımağa haqları yoxdur. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad edib. İşğaldan azad edilən torpaqlarımızda məscidlərin, dini inanc yerlərimizin vəziyyəti, onların ermənilər tərəfindən məhv edilməsi, təhqirə məruz qalması müsəlman dövlətləri tərəfindən kəskin pislənilməli olduğu halda, müəyyən istisnaları nəzərə almasaq, biz bunu görmürük. Biz həmin müsəlman ölkələrinin islam dinini, məscidləri təhqir edən Ermənistanla əlaqəni kəsmək əvəzinə, islamofob ölkə ilə əməkdaşlıq etdiyini, dosluq yolu tutduğunu görürük”.

M.Zülfüqarlının sözlərinə görə, düzdür, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, daim dəstəkləyib, erməni vandalizmi ilə bağlı bəyanat da yayıb, amma bəzi müsəlman dövlətləri ayrıca bu məsələyə reaksiya verməyiblər: “İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ermənilərin məscidlərimizə qarşı törətdikləri vandalizm, təhqir aktlarını pisləyən bəyanat yayılıb, amma bəzi müsəlman ölkələrinin səsi çıxmır. Onlar öz dövlət maraqlarına uyğun olaraq, Ermənistanla dostluq siyasəti yürüdürlər. Buna yalnız təəssüflənmək olar”.

Loading...
Loading...