Ermənistanda Azərbaycana qaytarılacaq ərazilər açıqlanıb:
Müharibə
07.04.2021 21:38
494

Ermənistanda Azərbaycana qaytarılacaq ərazilər açıqlanıb: "Türklər haranı istəyirlərsə, götürürlər" -FOTO

"Sabahdan etibarən Sünik (Zəngəzur - red.) vilayətinin Şurnux kəndində yoldan istifadə problem olacaq",- deyə Şurnux kəndinin bələdiyyə sədri Akop Arşakyan Gorus meri Aruş Aruşanyanla görüşü zamanı bildirib.

 

MediaBaku.az Bizimyol.info-a istinadən xəbər verir ki, sərhədlərini dəqiqləşdirilməsi zamanı bu kəndin bir hissəsi və əsas yolu Azərbaycana qaytarılıb.

Kənd bələdiyyə sədri deyib ki, həmin yoldan o yana keçmək problem olacaq: "Əgər oradan o tərəfə mal-qara keçərsə, geri qaytarılması mümkün olmayacaq. Türk (Azərbaycanı nəzərdə tutur - red.) general açıq şəkildə dedi ki, "bizim sərhədçilərimiz mal-qaranın ikinci dəfə Azərbaycana tərəf keçməsinin qarşısını almağın yollarını bilir". Bu dəfə mal-qaranı geri almaq mümkün olmayacaq".

Gorus meri isə bildirib ki, yanvarın 8-dən etibarən burada heyvandarlıq və otlaq sahələri ilə bağlı problemlər yaranacaq. Bu sahədə yaranacaq çətinliklərdən danışan mer Aruşanyan yenə də hökuməti ittiham edib: "Baxmayaraq ki, bizim hökumətimiz yoxdur, bu yükü sizin çiyinləriniz üzərinə qoyacağımızı düşünməyin. Hökumətimiz olmasa da, biz hələ ölməmişik".

Media eksperti Tiqran Koçaryan isə bildirib ki, proses hələ davam edəcək: "Bu proses fasiləsiz olaraq davam edəcək. Növbəti addım əhalinin Sünikdən (Zəngəzur - red.) çıxarılması olacaq."

Sərhədlərin dəqiqləşdirilməsindən sonra başlayan etirazlar isə davam edir. Ermənistan paytaxtında oturaq mitinqlərə ara verilmir. Mitinq iştirakçılarından biri yerli mətbuata deyib ki, Paşinyan onları müdafiəsiz qoyub: "Biz Paşinyanı seçdik ki, bizi müdafiə etsin, amma o, bizi müdafiəsiz qoydu. Türklər (Azərbaycan türklərini nəzərdə tutur - red.) haranı istəyirlərsə, götürürlər".

"Hayastan" Fondunun direktoru Ara Vardanyan isə Ermənistan üçün daha pessimist proqnozlarla çıxış edib. Onun dediyinə görə, yanvarın 11-də Paşinyan Moskvada kredit sazişlərinə imza atacaq. Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulur.

Ara Vardanyan bəzi məlumatların gəldiyini deyib: "Belə məlumatlar gəlir ki, yanvarın 11-də Nikol Paşinyan əməliyyatlar dövründə alınmış silah-sursata görə kredit sazişinə imza atacaq". Onun hesablamalarına görə, Ermənistan Rusiya qarşısında əlavə olaraq 500 milyondan 1,5 milyard dollara qədər aralıqda borcu öz üzərinə götürəcək. Qayıdan kimi də bu kredit sazişini ortaya atıb parlaq Rusiya-Ermənistan münasibətlərindən danışacaq. Amma siz o silahların hansı işə yaradığını gördünüzmü?

Əgər hökumət bu məlumatı təkzib edərsə, mən də bunları dediyimə görə üzr istəməyə hazıram."

"Vətəndaş şüuru" İctimai Birliyinin rəhbəri Narek Samsonyan da hələ sərhəd prosesinin davam edəcəyini proqnoz edib: "Biz deyirdik ki, Paşinyan Qarabağı verəcək, inanmırdınız. Biz deyirdik ki, Nikol Sünikin (Zəngəzur - red.) kəndlərini Azərbaycana verəcək, amma siz yenə də inanmırdınız. Nəticədə Şurnux kəndini və Gorus-Qafan yolunu itirmişik. İndi də deyirik ki, Nikol Tavuş rayonunun bir neçə kəndini (Qazax rayonunun 7 kəndini nəzərdə tutur - red.), Ararat rayonu və Mehrinin bir kəndini (Naxçıvanın Kərki kəndi nəzərdə tutulur - red.) də Azərbaycana verəcək. Proses çox da uzanmayacaq, yəqin ki, yanvarın 11-də bu mövzuda Əliyevlə saziş imzalayacaq".


Loading...
Loading...