Cəmiyyət
19.12.2020 21:49
2806

"Əsgərlərin narazılıqlarını başa düşə bilmirəm, bəziləri az qala sauna da istəyəcəklər”

“Vətən müharibəsinin bitməsindən artıq 1 ay 10 gün keçib, amma yenə də şəhid ailələrindən, müharibədə yaralananlardan diqqətsiz qalanları var. Ortalama hər rayondan 30-35 şəhid, təxminən bir o qədər də yaralı var. 

Görünən odur ki, bu gün də həmin şəhid ailələrinin, yaralananların icra başçısı, yaxud onun işçiləri, həmin rayondan olan millət vəkillləri tərəfindən tanınmayanları da var”.

MediaBaku.az-ın Demokrat.az-a istinadən xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov vəziyyətin çox çətin olduğunun anlayışla qarşılandığını bildirib: 

“İnsanlarımız da buna dözümlü yanaşır. Ancaq şəhid ailələrinə, yaralılara olan bu biganəlik yolverilməzdir. İnsan ən çətin vəziyyəti görəndə deyir ki, "elə bil müharibə olub". 

İndi biz müharibədən yeni çıxmışıq, bölüşmək hamının borcudur və ilk növbədə də vətəndaşların hesabına sərvət toplayanların. Vicdanı olmayan bugünkü duruma biganə qala bilər. Bunların hərəsi öz himayəsinə 3-5 nəfər götürsə, problem də qalmaz”.

“Əgər qanun qarşısında hamı bərabər olsa idi, biz bu günkü günü yaşamazdıq” deyən hüquqşünas bildirib ki, qanun hamının yadına birbaşa ona toxunanda düşür: 

“Silahlı Qüvvələrə ianə üçün yaradılmış hesaba nə qədər pul yığıldığını və hara xərcləndiyini bilmirəm. Əminəm ki, həmin pullar bu gün təyinatı üzrə xərclənsə, bir çox problemlər olmazdı. 

Bundan başqa, məni kimi digər minlərlə insanların həmin hesaba olan köçürmələrinin necə və hara xərcləndiyi barədə hesabat istəmək hüququmuz var. Başqa bir vəziyyətə də münasibətimi bildirməyi özümə borc bilirəm. Şəxsən mən bu gün yayılan bir çox videolarda əsgərlərin olduqları vəziyyətdən narazılıqlarını tam başa düşə bilmirəm. 

Bəziləri az qala xidmət yerlərində hamam, sauna da istəyəcəklər. Hamı anlamalıdır ki, bu müharibədir və orada olan çatışmamazlıqlara dözmək də lazımdır. Bəzi yersiz tələblər haqlı tələblərə də kölgə salır və onsuz da bəhanə axtaran məmur qoşununa vəzifələrinin yarıtmaz yerinə yetirmələrini malalamağa imkan verir”.

Loading...