Fərid Şahbazlı:  “Təhsil haqqına görə, istedadlı tələbələrin təhsilini dayandırmasına imkan verməməliyik”  - MÜRACİƏT
Cəmiyyət
21.12.2020 19:15
142

Fərid Şahbazlı: “Təhsil haqqına görə, istedadlı tələbələrin təhsilini dayandırmasına imkan verməməliyik” - MÜRACİƏT

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı universitetlərdə təhsil haqlarını ödəməkdə çətinlik çəkən tələbələrin qarşılaşdığı problemlərlə bağlı sosial şəbəkələr üzərindən Təhsil nazirliyinə, rektorlara və digər rəsmi qurumlara müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Təhsil Nazirliyimizdən, rektorlarımızdan və digər əlaqəli rəsmi qurumlardan xahiş edirik…

Hər gün sosial şəbəkələrdə və digər elektron informasiya resurslarında tələbələrin təhsil haqlarının ödənilməsi məsələsində ciddi problemlərlə qarşılaşdığı haqqında xəbərlər oxuyuruq. İl boyu davam edən pandemiya və onun gətirdiyi məhdudiyyətlər aztəminatlı ailələrin maddi vəziyyətini də obyektiv olaraq çətinləşdirib.

Digər tərəfdən, mövcud vəziyyət görə, dərslər də onlayn rejimə keçib. Avtomatik olaraq, artıq minlərlə tələbəni universitet auditoriyalarında qonaq edə bilməyən ali təhsil ocaqlarının da bir çox xərcləri azalıb.

Amma universitetlərimiz təhsil haqları ilə bağlı hər hansı endirimə getmək istəmir… Tələbələrə edilən güzəştlər ya yoxdur, ya da çox nadir hallarda rast gəlinir… Hətta kiçik məbləğlərdə təhsil borclarına görə, tələbələr dərslərə, imtahanlara buraxılmır…

Bəli, biz təhsil iqtisadiyyatı deyirik… Amma bu iqtisadiyyat başqalarına bənzəməməlidir… Təhsil ocaqları müqəddəs yerlərdir… O ünvanlara biznes kimi baxmamalıyıq.

İstedadlı gənclərimizi qorumalı, təhsil haqqına görə universitetləri tərk etməsinə imkan verməməliyik…

Axı onlar Azərbaycanın gələcəyidir…

Loading...
Loading...