Gəlişimiz Qarabağdandır…
Ölkə
19.09.2021 22:08
447

Gəlişimiz Qarabağdandır…

Yazıya Ulu Öndərimizin Ağdam haqqında dediyi sözləri ilə  başlamaq  istəyirəm: “Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.”

***

12 sentyabr  2021-ci il.  28 il əvvəlki Ağdamdan indiki Ağdama qayıdırıq. Qürur , sevinc, həyəcan, xoşbəxtlik...İllərlə xatirələrdə yaşayan Ağdamımıza gedirik, dostlar! Hər kəsin içində bir təlatüm...Yol yoldaşlarımdan fərqli olaraq, mən lap kiçik yaşımda ayrılmışam  bu şəhərdən. Xatırlamıram, amma, valideynlərimin və yaxınlarımın danışdığı  xatirələrdən  yaratmışam surətini  evimizin, doğma yurdumuzun... Ağdamın fəxrləri:  elm adamları, incəsənət  və  din xadimləri, həkimləri, idmançıları, media nümayəndələri ilə gedirəm Ağdama. Bir gənc kimi  mənim üçün  bundan  qürurverici nə ola bilər?...


Yol boyu dəyərli insanlarla keçən zaman çərçivəsində, bir də gizlədə bilmədiyim həyəcanla dərin düşüncələrə dalıram. Ağdamı ziyarət edəcək insanların bu şəhərlə bağlı  xatirələri var,  bəs mənim necə? Görəsən küçəmizi, yollarımızı, abidələrimizi doğru əzbərləmişəmmi? Tapa bilərəmmi valideynlərim üçün  çəkəcəyim fotoşəkildə, yadigar qalacaq kiçik bir xatirə?... Sevindirə bilərəmmi illəri özündə yaşadan fotoşəkillərdən  təsəlli  tapan insanları ???...

***

 ...Çatırıq  işğaldan azad olunan  ərazilərimizə. Bu doğma, məşəqqətlərə təkbaşına sinə gələn torpaq, sanki öz dərdini unudub, övladlarına  qucağını açır. Boynunu qucaqlamaq   üçün tələsirəm ana torpağın. Həyəcanla avtobusun pəncərəsindən çölə baxıram. Yol boyu keçirdiyim sevinc, xoşbəxtlik hissi buz kimi dondu  yanaqlarımda...Haradadır mənim  Ağdamım? Yox, yox...  televiziyada göründüyü kimi deyil, daha dəhşətlidir. Gördüyüm mənzərəyə  bir daha, bir daha  baxıram dayanmadan. Təəssüflə, təəccüblə... Bura  ağ damları viranə qalmış  Ağdamdır. Bu görüntülər qarşısında özümü  təmkinlə  dayanmağa məcbur edirəm. Çünki Ağdam övladını belə görməməlidir. Çünki, bu dəfə biz,  Ağdamın yarasına məlhəm olmağa gəlmişik  və  əbədi olaraq qayıtmışıq.


Nəhayət,  o  möhtəşəm an çatır. Bir azdan “DƏMİR  YUMRUQ” gücü hesabına  işğaldan azad olunan Ağdam torpağına ayaq basırıq...Dayandım bir anlıq, tərəddüd etdim avtobusdan enməyə. Yenə fikir məni apardı...Bu torpağa ilk  dəfə  qədəm qoyacam. Görəsən uşaqlığımın, gəncliyimin keçdiyi, Ağdama qardaş olan doğma  Bərdədə  böyüyüb, boya - başa çataraq, təhsilimlə, fəaliyyətimlə layiqli gənc ola bilmişəmmi bu Vətənə? Görəsən Ağdam  əsarətdə qalanda onun üçün edə biləcəklərimi  etmişəmmi?  Cəmi bir neçə saniyədə yüzlərlə fikir keçdi beynimdən.  Asta – asta qapıya yaxınlaşdım və ilk dəfə  bu torpaqlara  ayaq basdım.


Bölünməz  Vətənimizin bir parçası olan AĞDAMIMIZ, xoş gördük səni,  doğulduğum  torpaq! 


İllərlə həsrətin qəlbimizi parçaladı, çox uzun çəkdi qayıtmağımız, amma bax, biz gəldik, evimizə gəldik...


Sanki qollarım uzanıb, nəinki Ağdamı, bütün Qarabağı qucaqlayıram. Dərindən  nəfəs alıb, Qarabağın havasından uduram. Buranın havası da, ətri də başqadır. Pambıq kimi buludlar, mavi göy üzü, tər - təmiz hava. Dostlar, Qarabağın dağ çəkilən  halı belə cənnətmiş...  

***

Ağdama çatanda bizi  ilk olaraq Prezidentin Ağdam  şəhəri üzrə  xüsusi nümayəndəsi  Emin Hüseynov qarşıladı. Emin müəllim bizə Ağdam şəhərinin baş planı haqqında geniş və ətraflı  məlumat verdi. Bu  möhtəşəm planla  tanış olmaq  biz  ağdamlılara böyük sevinc bəxş edir.  Emin müəllim sakinləri  maraqlandıran suallara cavablandıraraq, Ağdamda  yaradılacaq  İşğal muzeyi və Zəfər Muzeyi haqqında söz açdı.  Maraqlı bir faktı da sizlərlə bölüşüm ki, Emin Hüseynov artıq  bir neçə gündür Ağdamda daimi  yaşamağa  başlamışdır.  


Cənab Prezidentimiz  İlham Əliyev doğma  Qarabağımızı yenidən cənnətə çevirmək üçün bütün imkanları səfərbər edib. Ali Baş Komandanımızın qətiyyəti sayəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə “Böyük  Qayıdış”  planı həyata keçirilir.  Biz  gənclər də, Möhtərəm Prezidentimizin  ətrafında sıx birləşərək, Qarabağın inkişafı üçün var gücümüzlə   çalışacağıq.  

***


Səfərimiz  “QARABAĞ”-ın   “İMARƏT”-i   ilə başladı. “Qarabağ” FK-a  qələbələr qazandıran stadion – İmarətdəyik.  İllərdir  səbirsizliklə gözlədim  bu günü. Çünki  Ağdamda, uğrunda minlərlə can verilən  bu torpaqda  əzəmətli  bayrağımızı  daşımaq ən böyük arzularımdan olub. Çatan kimi  “İmarət”   stadionunda müqəddəs   bayrağımızı  açdım. Azərbaycan gənci  olmaqdan və üçrəngli  bayrağımızı Ağdamda daşımaqdan qürur duyuram. Bu bütün Azərbaycan gəncliyinin qüruru idi.


Növbəti ziyarətimiz  Ağdam Cümə Məscididir. Asta  səslə, yavaş addımlarla daxil olduğumuz ibadətgah  - Məscidə qarşı necə vəhşilik törətmək olar İlahi?... Axı bizlər başqa  dinlərə mənsub olan insanların  ziyarətgahlarını da  öz ziyarətgahlarımız kimi  müqəddəs bilmişik, hörmətlə yanaşmışıq. 


İçəri daxil oluram...Dağıntıları gördükcə daha da diqqətli, yüngül addımlarla hərəkət edirəm. Axı  illərlə ağrı-acı görmüş bu torpağı incidə bilərəm.


Birdən Məscidin  qoşa  minarələrindən Azan səsi eşidildi. Qeyri -ixtiyari  əlimi göyə tutub, Rəbbimizə bu günümüzə, bu müqəddəs ziyarətimizə görə şükür etdim. Tarixi anlar, bir ömür  yaddaşlardan silinməyən  dəqiqələr yaşayırıq. Allah xalqımızın  Dualarını qəbul etdi.


İllərlə əsarətdə qalan doğma Qarabağımızın başına gələn müsibətləri  dünyaya çatdırmaq üçün Azərbaycan gəncliyi olaraq  əlimizdən gələni etdik. Bu gün isə  o vəhşiliyi  əyani şəkildə  görən gənclik kimi,  bu istiqamətdə işlərimizi  davam etdirəcəyik, törədilən vandalizmi  dünyaya çatdıracağıq.


Dağıntılar o qədər  qəddarlıqla törədilib ki...Bu  şəhərdə bir küçə, küçədə bir döngə, döngədə bir ev, evdə bir nişanə  tapa bilmirsən. Düşmənin törətdiyi bu vəhşiliyin adı heç  bir lüğətdə  yoxdur.  Şəhər yerlə yeksan edilib, şəhərin mərkəzində səngərlər qazılıb, kəndlər də eyni vəziyyətdə, hətta qəbrləri belə dağıdıb bu mənfur düşmən... Bir sözlə, Ağdamda nəinki yerin üstü, yerin altı belə salamat qalmayıb.

 ***

Son dayanacaq - əzəmətli  Şahbulaq Qalası. Gözəlliyi dillər əzbəri olan cənnətməkandayam...Yaşıl ağaclar, sərin sulu bulaq, başgicəlləndirici təmiz hava... Çox sevincliyəm... Amma “sevincliyəm”  kəlməsi yetməz....Xoşbəxtliyin sirridir  VƏTƏN. 


Televiziyalara müsahibə verərkən,  yaşadığım anları,  sevincimi ,  təəsüratlarımı bölüşürəm.  Bir gənc  kimi,  gənclərimizi  Qarabağdan salamlamaq olduqca qürurvericidir. 


Bu müqəddəs torpaqlarımızın azadlığı uğrunda  canından keçərək, illərlə  köksü yaralı olan  Azərbaycanı bütövləşdirən şəhidlərimizə  Allahdan rəhmət diləyirəm..


Müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində canlarını belə əsirgəməyən,  düşməni  “iti qovan” kimi  qovan  qazi qardaşlarımıza Uca Tanrıdan şəfa diləyirəm. 


Başda Ali Baş Komandanımız olmaqla, dünya hərb tarixində öz sözünü demiş, xalqımıza qələbə  sevinci yaşadan Ordumuz var olsun!


Qürur duyuram!  


Azərbaycanlı  olmaqdan qürur duyuram! 


Qarabağı azad edən gəncliyin bir  parçası olmaqdan qürur duyuram!


Qarabağda olmaqdan qürur duyuram! 


Bu gün bir daha başı dik, alnı açıq, qürurla sözünü deyir  AZƏRBAYCAN GƏNCİ!

***

...Müqəddəs torpaqlara ziyarət yekunlaşır. Sonda  bir ovuc torpaq  götürürəm ovcuma. Uşaqlığı, gəncliyi  bu doğma torpaqda keçən valideynlərimə  aparmaq üçün...


Gəlirəm... Doğma  Ağdamdan,  doğmalaşan Bərdəyə gəlirəm. Dəyərli ziyalımız  Əli  Əliyevin  bir şerindən bir misra  yadıma düşür  bu anda:  


Qarabağ həyatım, varlığımdır bil, 


Ağdam bir gözümdür, Bərdə bir gözüm.


Bütün dünya şahid olsun, duysun  səsimi istəyirəm: 
                    

Biz Qarabağdan gəlirik!


QARABAĞ AZƏRBAYCANDIR!  


Nəsirli  Fidan Elbrus qızı

Ağdam rayon sakini,  

Bərdə rayon Gənclər və  İdman İdarəsinin baş məsləhətçisi

Loading...
Loading...