Cəmiyyət
02.06.2021 17:54
266

"İcra başçısı sadə xalqın ümidlərini doğrulda bilmədi" - İsmayıllıda nə baş verir?

Azərbaycan turizm potensialı böyük olan ölkələrdəndir. Lakin təəssüflər olsun ki, biz bu potensialımızdan tam istifadə etmirik. Etmirik desək bir qədər yanlış olar. Əslində biz öz potensialımızdan istifadə edə bilmirik. Bunun səbəbləri də hamıya bəllidir. Kimsə özünə kiçik biznes qurmaq istəyən kimi məmurlar dörd bir tərəfdən başını üstünü qara duman kimi alır. Turizm potensialı olan bölgələrimizin böyük bir qismi monopoliya altındadır. 


Bu bölgələrdən biri də İsmayıllıdır. Uzun illər idi ki, məmur özbaşınalığından əziyyət çəkən İsmayıllı camaatı yeni icra başçısının gəlişi ilə nələrinsə düzələcəyinə inanırdı. Çünki yeni icra başçısı gənc kadr idi. Daha əvvəllər Turizm Assosiyasının idarə heyətinin sədri vəzifəsində çalışan, ötən ilin mart ayının beşində rayonun İcra Başçısı vəzifəsinə təyin olunan Nahid Bağırov təəssüf ki, nə Prezidentin, nə də sadə xalqın ümidlərini doğrulda bilmədi. Əksinə bu müddət ərzində rayonda sosial narazılıq daha da artıb. Məmurların özbaşınalığı İsmayıllı camaatını onsuz da cana doydurmuşdu. Nahid Bağırov da onlardan heç bir xüsusiyyəti ilə seçilmir. Bunun nəticəsidir  ki, vəzifəyə gələndən cəmi ay yarım sonra Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzaladı. Töhmət almasının səbəbi isə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə elan edilib. 


Deyirlər qanun şahdır, şah qanun deyil. Sərt karantin qaydalarının tətbiq edildiyi bir vaxta hamını bu qaydalara əməl etməyə çağıran məmurlar niyəsə bu qaydalara özləri riayət etmək istəmir. Sanki onlar üçün həmişə yaşıl işıqdır. Karantin dövründə hiking turuna çıxan Nahid Bağırov da yüzlərlə belə məmurdan biridir. Bir ildən çoxdur ki, vəzifəyə təyin olunsa da bir il müddətində İsmayıllıda dəyişən ciddi əsaslı heç bir dəyişiklik yoxdur. Bir il ərzində görülən tək iş isə bio smart dayanacaqlarınının quraşdırılması olub. Yəni həqiqətən də İsmayıllı kimi hərtərəfli imkanı olan bir rayonda ən vacib məsələ bio smart dayanacaq idimi? Təbii ki, icra başçısının hiking turlarından bunu düşünməyə nə vaxtı var, nə də həvəsi…


Mənbə: APress.az

Loading...