İki ölkənin mədəni irsinə töhfə  - FOTO
Mədəniyyət
22.04.2021 11:16
134

İki ölkənin mədəni irsinə töhfə - FOTO

Günay Zebic: “Gənclərin bu istiqamətdə maarifləndirilməsi vacib və bir o qədər də önəmli faktordur”


Pandemiyanın dünyanı cənginə aldığı bir müddətdə mədəniyyət, incəsənətlə məşğul olub, onun təbliğatçısına çevrilmək böyük cəsarət və hünər tələb edir.


Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami ili” elan edilib. Qardaş Türkiyədə isə bu il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illi qeyd edilir.


Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib. Bu kompozisiya əsasında Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Nizami hikmətlərindən və Yunus Əmrədən olan seçmələri səsləndirib. Türkiyədə tanınan rəssam, kurator Günay Zebiç (Mehdizadə) və Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşanın məşqini bu günlərdə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində izləmək imkanı qazandıq. İki hissədən ibarət tamaşanın birincisi Yunus Əmrəyə, ikincisi Nizamiyə həsr olunub.


Layihənin rəhbəri, tamaşanın ssenari müəllifi Günay Zebic bizimlə söhbətində Yunus Əmrə İnstitutu ilə birgə hər iki dahinin əlamətdar ildönümlərinə töhfə olaraq belə bir layihəni hazırlamaq qərarına gəliyini bildirdi: “İstər döyüş meydanında, istər iqtisadi sahədə, istərsə də mədəniyyət aləmində qardaş ölkə Türkiyə ilə Azərbaycan öz həmrəyliyini, möhkəm şəkildə bağlı olduqlarını dünyaya bir daha sübut etdi. Biz də mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və mədəniyyət körpüsünün daha sağlam tellərlə bağlanması üçün hər iki ölkənin dəyərli sənətkarlarını bir araya gətirdik. Fərqli kompozisiya şəklində onu nümayiş etdirməyə çalışdıq. Düşündük ki, bunu tamaşa şəklində hazırlayıb, təqdim etsək, daha çox kütləyə çatmış olar. Bunu şagirdlərlə etməkdə məqsəd isə məhz onların təqdimatında məktəblilərə, şagirdlərə və gənclərə hər iki ölkənin dahi şairini tanıtmaq, əsərləri ilə tanış etmək onların mədəni irsimizdəki rolunu göstərməkdən ibarətdir. Çünki yetişən gənclik bizim dövlətimizin gələcək qurucularıdır. İlkin təməl bu işdə əsas rol oynayır.
Bunun üçün maarifləndirməyə məhz onlardan başlamağı uyğun bildik.


Tamaşalarda hər iki dahinin yaradıcılığına toxunmuşam. Nizami Gəncəvinin “Xəmsə”si, Yunus Əmrənin “Divan”ı və şeirlərindən istifadə etdik. Tamaşanın aktyor heyəti İncəsənət Gimnaziyasının şagirdləridir. Bu qrupla artıq beş ildir
ki, çalışıram. Kollektivlə Türkiyə və Azərbaycanın qardaşlığına həsr olunan layihələr həyata keçirmişik. Bunlardan 2017-ci ildə Bursa şəhərində “Qardaş məktəb”, Azərbaycan Cümhuriyyətinin 100 illiyi və Qafqaz İslam ordusunun Bakıya gəlişi, 2019 Türkiyənin Kayseri şəhərində Nəsimi 650 teatrı ilə Beynəlxalq XIV teatr festivalında iştirak etmişik. Bundan başqa  2020-ci ildə Qobu 3 parkında Xarı Bülbül İncəsənət mərkəzində Covid 19 Biz Birlikdə Güclüyük" tablomun açılışı və Xarı Bülbül kiçik tamaşasını uğurla nümayiş etdirdik. Bir rəssam kimi mənə tablolarda gördüyüm kompozisiyaları səhnələşdirmək, onları ssenari şəklində yazmaq və səhnə geyimlərini yaratmak böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Nizami Gəncəvisi və Türkiyənin Yunus Əmrə kimi böyük şairlərinin şeir və poemalarını canlandırmaq mənə qürür hissi verir. İndi iş prosesimizin demək olar ki, yarısından çoxunu bitirmişik. May ayının əvvəllərində tamaşaçılara bu layihəni televiziya vasitəsi ilə təqdim edəcəyik”.


Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç qe
yd etdi ki, Türkiyənin böyük şairi Ynus Əmrənin nüfuz, təsir sahəsi o qədər geniş və dərindir ki, onu Anadoluya sığdırmaq mümkün  deyil: “Böyük ruhların fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Niyə Yunus Əmrə səkkiz yüz ildən sonra da xatırlanır və dildən dilə ötürülür? Yunus Əmrəni böyük bir sənətkar edən və onu universal bir dilə gətirən əsas səbəb, dünyanı eyni anda anlamaq və şərh etmək bacarığı idi. Böyük ruhların ən fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Onun Türkiyədə çox sevilməsi, ayrıca hər dövrün özündə əks etdirməsi və davamlı istinad edilməsi sənətkarın dərinliyini, böyüklüyünün göstəricidir. Hacı Bektaşi Vəli, Mövlana, Yunus Əmrə kimi türk dərvişləri, Asiya içindən gələrək Anadoluda tarixin ən əzəmətli təşkilatın quruluşunu imzaladılar, Türkiyə də qurulan belə bir universal dövlətdir”.


Səlçuk Karakılıç Yunus Əmrənin Anadolunun həqiqi memarlarından biri olduğunu, böyük sənətkarların dar mühitin deyil, daha geniş bir dünyanı izah etməyə çalışanlardan olduğunu bildirdi: “Yunus Əmrə Türkiyədə olduğu kimi, Azərbaycanda da diqqətlə oxunur, haqqında araşdırmlar edilir.
Bu il Yunus Əmrənin vəfatının 700-cü il dönümüdür, böyük şairimizi Azərbaycanda daha geniş kütlələrə izah etmək məqsədi ilə bir tamaşa ərsəyə gətirdik. “Yetmiş iki millətə bir gözlə baxmaq” Ümumdünya bəşəri dəyərlər prinsipi üzərində qurulmuş fəlsəfəsi ilə bütün bəşəriyyətlə danışan Yunus Əmrənin və Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin xatirəsini anmağın uyğun olduğuna qərar verdik. Günay Zebiçin hazırladığı mövzunu əhatə edən tamaşanın bu günlərdə gənc nəsil üçün daha faydalı olacağını düşünürəm. Şübhəsiz ki, həm Yunus Əmrə, həm də Nizami Gəncəvi Türk dünyasının ortaq dəyərləridir. Bizim vəzifəmiz Yunus Əmrə və Nizami Gəncəvi kimi dövrünün böyük sənətkarlarını dəqiq təsvir etmək və bu onları yaşatmaqdır”.


Qeyd edək ki, sözügedən layihənin nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə, Xorvatiyada festivallarda iştirakı da gözlənilir.


Loading...