Siyasət
04.05.2021 18:18
28

"İkinci Qarabağ müharibəsi ermənilərin Dağlıq Qarabağın gələcək statusu ilə bağlı absurd xülyalarını tarixə gömdü"

44 günlük müharibədə qazandığımız parlaq Qələbəmiz yeni reallıqlar yaratdığı kimi bir çox məsələlərə yeni baxış prizmasından yanaşmanın zəruriliyini də ortaya qoydu. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin bu günlərdə iclas keçirərək özünü buraxması da məhz bu zərurətdən doğub. Odur ki, biz bu qərarın qəbul edilməsini tamamilə düzgün atılmış addım kimi dəyərləndiririk.

İkinci Qarabağ müharibəsi məlum “status-kvo”nu da, qondarma “dqr”-i də, ermənilərin Dağlıq Qarabağın gələcək statusu ilə bağlı absurd xülyalarını da tarixə gömdü. Prezident İlham Əliyevin məşhur ifadəsi ilə desək, bütün bunlar hamısı gorbagor oldu. İndi nəinki qondarma “dqr” rejimi, uydurma “Artsax Respublikası” yoxdur, ümumiyyətlə, “Dağlıq Qarabağ” anlayışı da bütövlükdə gündəmdən, dövriyyədən çıxıb. Artıq erməni icması, azərbaycanlı icması kimi bölgülərə də heç bir ehtiyac qalmır. İndi sadəcə Qarabağ var və oranın erməni əsilli, Azərbaycan əsilli sakinləri var, vəssalam. Odur ki, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətini dayandırması və onun yerində “Qarabağa dönüş” adlı yeni İctimai Birliyin yaradılması düzgün düşünülmüş məntiqli qərardır.

Yeri gəlmişkən, “Qarabağa dönüş” təşkilatının yaradılması erməniləri əməlli-başlı narahat edib. Ermənistan KİV-ləri və siyasətçiləri, ekspertləri bu təşkilatın yaradılması barədə müxtəlif şərhlər yazır, açıqlamalar verirlər. Təşkilatın yaradılması deyəsən, düz hədəfə dəyib. Çünki ermənilər bunu gözləmirdilər. Onlar azərbaycanlıların Xankəndinə, Xocalıya, Xocavəndə qayıtmasına psixoloji cəhətdən hazır deyillər. Ancaq hazır olsalar da, olmasalar da, fərqi yoxdur, onlar reallıqla barışmağa məcburdurlar. Azərbaycanlılar birmənalı olaraq öz yurd yerlərinə qayıdacaqlar. Bunun alternativi yoxdur. Yaxşı olar ki, Rusiya sülhməramlıları və Ermənistan hakimiyyəti də vaxt itirmədən Xankəndidəki mülki erməniləri separatçı hisslərdən, revanşist şüarlardan əl çəkib azərbaycanlılarla birgə yaşamağa hazırlaşdırsın.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Loading...