İlin ilk uşağı Goranboyda şəhid ailəsində dünyaya göz açıb  - FOTO
Cəmiyyət
01.01.2021 23:56
275

İlin ilk uşağı Goranboyda şəhid ailəsində dünyaya göz açıb - FOTO

Təqvim yenilənən zaman Azərbaycanda ilk dünyaya gələn uşaq Goranboyda doğulub. Saat 00:01-də Rayon Mərkəzi Xəstəxanasında rayonun Zeyvə kənd sakini Rühəngiz Qədimova qız uşağı dünyaya gətirib.

Bu, həm rayonda, həm də ölkədə ilk doğuş kimi qeydə alınıb. Ailəyə sevinc bəxş edən uşağa Gülay adı verilib. Qızcığazın anası R.Qədimova sevincinin hədsiz olduğunu, övladının 2021-ci ilin ilk dünyaya gələn uşağı kimi tarixə düşməsinə sevindiyini bildirib:

“İkinci övladımdır, birinci uşağım oğlandır. 2021-ci ildə dünyaya gələcəyini bilirdik, amma ilk uşaq olacağı bizi daha çox sevindirdi. Babası ona Gülay adını verib. Çəkisi 3 kq 300 qramdır. Sağlamdır. Çox sevincliyəm. Qeyd etmək istiyirəm ki, Gülay şəhid Elxan Rəsulovun qardaşı qızıdır. Yoldaşımın qardaşı E. Rəsulov Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.”, - deyə o, bildirib.

Goranboy Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri İradə Həsənova Sputnik Azərbaycan-a uşağın və ananın vəziyyətlərinin normal olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi 2021-ci ildə Azərbaycanda doğulan ilk körpənin qız olduğunu bildirmişdi. Məlumatda qeyd olunurdu ki, ilin ilk doğumu saat 00:48-də 4 saylı doğum evində qeydə alınıb. Körpənin çəkisi 2 kq 700 qramdır.


Loading...