Sosial
24.06.2022 16:29
33

"İntensiv yağıntılar və sel suları Ballıqaya su mənbəyinə ziyan vurub" - "Azərsu"

Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Ballıqaya su mənbəyinə ciddi ziyan vurub.


Bu barədə MediaBaku.az-a "Azərsu" ASC-dən bildirilib.


Məlumata görə, sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil sutəmizləyici qurğunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Nəticədə Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb. Eyni zamanda sel suları Ağcakənd qəsəbəsini içməli su ilə təmin edən magistral su kəmərinin bir hissəsini yararsız vəziyyətə salıb.


“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” müəssisəsinin, 7 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri su mənbəyinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb.


"Artıq əraziyə xüsusi texnika və maşınlar (3 ədəd ekskavator, 3 ədəd özüboşaldan yük maşını) cəlb olunub, təmizləyici qurğuda təmir-bərpa işlərinə başlanılıb.


Ballıqaya su mənbəyindən qidalanan yaşayış məntəqlərinin içməli suya olan tələbatını ödəmək üçün anbar ehtiyatlatından istifadə edilir, eyni zamanda 5 ədəd sudaşıyan nəqliyyat vasitəsi səfərbər olunub. Mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar", - "Azərsu"dan bildirilib.

Loading...
Loading...