“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”  - Heydər Əliyev
Siyasət
26.07.2021 16:55
425

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” - Heydər Əliyev

Hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət azad seçkilərlə şərtlənir. Məhz bu strateji seçimin nəticəsi olaraq hər bir xalq müəyyən zaman kəsiyində milli inkişaf yolunu, tərəqqi yönümünü müəyyən edir.Respublikamızın heç bir dövlətdən asılı olmayan iqtisadi inkişaf modeli onun uzunmüddətli, hərtərəfli, həmahəng tərəqqisinin ən bənzərsiz tərəfidir.

Belə keyfiyyət dünyanın hətta ən qabaqcıl ölkələrinə də müyəssər olmamışdır. Bu cəhətdən Azərbaycan hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə nisbətən daha mükəmməl və etibarlı iqtisadi sistemə malikdir. Ölkəmiz yüksək iqtisadi göstəricilərə və digər üstünlüklərə malik dövlət kimi ümumi tərəqqiyə və əmin-amanlığa xidmət edən əməkdaşlığı daim genişləndirmək əzmindədir. Dövlət başçımız cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkəmizin bütün regionlarının inkişafına yeni imkanlar açmışdır.  Həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində ərzaq təhlükəsizliyi məsələsi həllini tapır. Respublikamız indi əsas kənd təsərrüfatı məhsulları ilə öz tələbatını ödəyir. Lakin bu cəhətdən ölkənin imkanları hələ xeyli böyükdür.

Azərbaycan bir çox mühüm ərzaq məhsulları ilə ixrac imkanlarını artıra bilər. Bunu deməyə əlbəttə ki, böyük əsaslar var. Artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edilib. Ümumi ərazilərimizin 20%-ni təşkil edən həmin ərazilər hər tərəfli zəngin resurslara malikdir. Burada həm kənd təsərrüfatı, həm də sənaye üçün böyük imkanlar vardır. Aparılan sürətli, geniş miqyaslı meqa layihələr nəticəsində oradakı resurslardan dövlətimizin ən yüksək səviyyədə yararlanacağına şübhə yoxdur. Normal insan davranışı nümayiş etdirməyən, oradakı infrastrukturu barbarcasına dağıdan, resurslarımızı məhv etmək dərəcəsinə qədər istismar edən mənfur düşmən əlbəttə ki, zamanla hüquq müstəvisində cavab verəcəkdir. Çünki, bizə məxsus həmin resurslar bu günə qədər xalqımıza, iqtisadiyyatımıza xeyir verə, böyük gəlir gətirə bilərdi. Bütün bunlara rəğmən son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar 
tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft sektoru inkişaf etdirilmiş, xalqın sosial rifahı yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmışdir.

Ötən əsrin sonunda yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, dövlətçilik ənənələrini əldə rəhbər tutan Ulu Öndər Heydər Əliyev respublikamızda dövlət quruculuğunun və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratmışdır. Bu istiqamətdə həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində AXC-Musavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəni bürümüş iqtisadi tənəzzülün qarşısı alınmış, ictimai-siyasi sabitliyi təmin etmək mümkün olmuşdur.

Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin dərin düşünülmüş, gələcəyə hesablanmış, planlı, məqsədli siyasəti nəticəsində bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir. Düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını davam etdirmişdir. Qeyd etməliyik ki, düşmən üzərində parlaq qələbədən sonra azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb.İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal, təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımız ölkə iqtisadiyyatının inkişafında xüsusi çəkiyə malik olacaqdır. Bu isə əlbəttə ki, ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına, tərəqqisinə səbəb olacaqdır.

Telli İbadova

Neftçala rayon sakini

Loading...
Loading...