“Kommersant” nəşrinin erməni həmsöhbəti: Каrеgax kəndinin əhalisi Ermənistana köçüb
Siyasət
01.12.2020 09:25
83

“Kommersant” nəşrinin erməni həmsöhbəti: Каrеgax kəndinin əhalisi Ermənistana köçüb

“Kommersant” nəşri Laçın rayonunun ermənilərin məskunlaşdığı Qarıkaha kəndindən (ermənilər bura Karegax adı verib, “Kommersnat” nəşri də Kareqax kimi  təqdim edir –  red) reportaj hazırlayıb. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılmalıdır. Bu səbəbdən ermənilər rayon  ərazisini tərk edirlər. “Kommersant”ın əməkdaşı Qarıkaha kəndindən köçən ermənilərlə həmsöhbət olub.  Onlar nəşrin əməkdaşına bu kəndə sonradan gəldiklərini, əvvəllər bu kənddə kürdlərin yaşadığını deyiblər. İddia ediblər ki, kürdlər buradan qovulmayıb,  özləri kəndi  tərk ediblər, üstəlik ermənilər onların çıxması üçün şərait yaradıb. Hətta ermənilər Qarıkaha kəndində yaşayan kürdlərin Ermənistana getdiyini, hazırda da orada yaşadıqlarını iddia ediblər.

Foto: Kommersant

Saxta.info “Kommersant” nəşrində Qarıkaha kəndində kürdlərin yaşaması və onların Ermənistana köçməsi ilə bağlı ermənilərin adından dərc olunan iddianı araşdırıb.

Əvvəlcə qeyd edək ki, Azərbaycanın Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bir şəhər, 1 qəsəbə və 125 kənddən ibarət rayonun 70 minə yaxın sakini Azərbaycanın təxminən 58 rayon və şəhərində məskunlaşmaq məcburiyyətində  qalıb.   

Əhalinin 2009-cu il siyahıyaalınmasına dair  məlumata əsasən rayon əhalisinin 66 min 671-ni azərbaycanlılar, 1914 nəfərini kürdlər, qalanlarını isə digər millətlərin namayəndələri təşkil edib.  

Ermənilər Laçın rayonununda 1994-cü ilin may ayında Azərbaycanla-Ermənistan arasında atəşkəsə dair sənəd imzalanandan sonra  məskunlaşmağa başlayıblar. Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizini nəzarətdə saxlamaq məqsədilə bu ölkənin hakimiyyəti ermənilərin Laçına  yerləşdirilməsi ilə bağlı göstəriş verib. Əvvəlcə rayonun 4 kəndində məskunlaşma aparılmasına dair qərar verilsə də 1995-ci ildə 12 kənddə erməni ailələri yerləşdirilib. Azərbaycan tərəfi Laçında məskunlaşdırılan ermənilərin sayının 13 minə çatdığını bəyan edib və bununla bağlı beynəlxalq təşkilatlarda,  o cümlədən Avropa Şurası Parlament Assambleyasında (AŞPA) məsələ qaldırıb.  Ermənilərin Laçın ərazisində məskunlaşıdırıldığını ATƏT-in Faktaraşdırıcı Missiyası öz  hesabatına   daxil edib.

Göründüyü kimi, ermənilərin Laçında məskunlaşdıqları ərazilərdən biri də özlərinin də təsdiqlədiyi kimi, Qarıkaha kəndidir. Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşən bu kənd  Abdallar kəndindən (1923-cü ilədək Laçın şəhərinin adı) köçmüş ailələrin Qarakahası adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Azərbaycan Toponimlərinin Ensklopedik lüğətində kəndin adının Qarı kahası adlı mağaranın adı ilə adlandırıldığı qeyd edilir. Toponimin “qoca qadına məxsus mağara” və yaxud “köhnə oyuq, köhnə quyu”  mənaları daşıdığı bildirilir.

Kəndin əhalisinin etnik tərkibinə gəlincə, “Kommersant” nəşrinə müsahibə verən ermənilərin dediyindən fərqli olaraq Qarıkaha kəndində kürdlərin  yaşadığında dair fakt qeydə alınmayıb.  Belə ki, tədqiqatçılar 1957-ci ildə aparılan tədqiqatın  nəticələrinə əsasən Laçın rayonunda həm kürd, həm də qarışıq azərbaycanlı-kürd dilində danışan 12 kənd  olduğunu bildiriblər.  Həmin kəndlərin arasında Qarıkaha kəndinin adı keçmir.

"Ronahi” Kürd Mədəniyyət mərkəzinin rəhbəri Fəxrəddin Paşayev  bildirir ki, Laçın işğal olunan zaman rayonda yaşayan kürdlərin Ermənistana pənah apardığına dair ermənilərin Rusiya mediasına  verdiyi açıqlama  həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etdiyi zaman digər kəndlərdə yaşayan sakinlər kimi rayonun Ağbulaq, Şeylanlı, Katos, Qarakeçdi, Çıraqlı, Kamallı, Minkənd, Qalaça, Bozlu,  Zerti,  Ağcakənd  kəndlərində yaşayan kürdlər də  rayondan köçkün düşüb və Azərbaycanın digər rayonlarında məskunlaşıblar.  Bir nəfər kürd Ermənistana getməyib. Bundan başaqa ermənilər kürdlər yaşayan kəndlərdə daşı-daş üstündə qoymayıb. Cəmiyyət sədri başqa bir arqument də irəli sürüb. Bildirib ki, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar deportasiya ediləndə onlarla bir yerdə təxminən 20 min müsəlman kürdü də əmlakı və var-dövləti əlindən alınaraq qovulub. Onların böyük əksəriyyəti məhz Azərbaycana pənah gətirib, burada məskunlaşıb. Azərbaycan hökuməti fərq qoymadan onlara şərait  yaradıb. Onlara vətəndaşlıq verilib.  

Yeri gəlmişkən, tarixçilərin apardığı tədqiqatlar göstərir ki, 1918-1920-ci illərdə ermənilərin  törətdikləri soyqırımı zamanı 400 min Azərbaycan türkü ilə yanaşı, Zəngəzurda, Qarabağda yaşayan 15 min kürdü də xüsusi amansızlıqla qətlə yetiriblər. 1948-1953-cü illərdə Ermənistandan zorla deportasiya edilən, Azərbaycana pənah gətirən azərbaycanlılar  arasında minlərlə kürd olub. 1988-ci ildə Ermənistanın  azərbaycanlılara qarşı həyata keçirdiyi növbəti deportasiya zamanı da  20 minə yaxın kürd Ermənistanı tərk etmək məcburiyyətində qalıb.  Onlara işgəncə verildiyinə və qətlə yetirildiyinə dair faktlar var. Məsələn, Vedibasar mahalının nüfuzlu ağsaqqallarından olan 74 yaşlı Şamo Süleymanov ermənilərin Azərbaycan ərazilərini zəbt etməsinə, onların işğalçılıq siyasətinə qarşı çıxdığına görə 1990-cı il iyunun 26-da doğmalarının gözü önündə diri-diri tonqalda yandırılıb.

Göstərilən faktlar sübut edir ki, 1992-ci ildə Laçın işğal olunanda rayon ərazisində yaşayan kürdlərin Ermənistana köçməsi mümkün deyildi.

Saxta.info qeyd olunan faktlardan bu qənaətə gəlib ki, “Kommersant” nəşrində Qarıkaha kəndində kürdlərin yaşaması və onların Ermənistana köçməsi ilə bağlı ermənilərin müsahibəsi əsasında dərc olunan iddia həqiqəti əks etdirmir.

Loading...