Könüllülərin tərxis olunması ilə bağlı  – Müdafiə Nazirliyindən AÇIQLAMA
Siyasət
21.12.2020 18:31
143

Könüllülərin tərxis olunması ilə bağlı – Müdafiə Nazirliyindən AÇIQLAMA

Vətən Müharibəsinin başlaması ilə əlaqədar könüllü şəkildə səfərbərliyə yazılan şəxslərin ailələri “MediaPost”a müraciət ünvanlayıb.


Vətəndaşlar bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalanmasına baxmayaraq, hələ də bəzi şəxslərin tərxis edilmədiyini bildiriblər.


MediaBaku.az xəbər verir ki, “MediaPost” sözügedən şikayətlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildirilib ki, tərxislə bağlı suallara Müdafiə Nazirliyi cavab verməlidir.


Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov “MediaPost”a açıqlamasında məsələyə aydınlıq gətirib:


“Prezidentin sərəncamına əsasən, tərxis edilməli olan şəxslər siyahısına daxil olan hərbi qulluqçuların sənədləri səfərbərliyə təqdim edilir. Səfərbərlik bizə həmin sənədləri göndərən kimi onları tərxis edirik”.


Orduda xidmət aparan könüllülərin aprel ayına qədər tərxis edilməyəcəyi ilə bağlı suallara da cavab verib:


“Bütün bunlar dildən-dilə ötürülən məlumatlardır. Cənab Prezidentin, Ali Baş Komandanın bununla bağlı sərəncamı olacaq. Həmin sərəncama uyğun olaraq növbəti mərhələdə kimlər sərəncama düşəcəksə, onlar da tərxis olunacaq”.


Hərbi ekspert Ramil Məmmədli də tərxisin növbəti mərhələsi ilə bağlı öz ehtimallarını bölüşüb:


“Yeni çağırışdan (yanvar) sonra hər şey öz qaydasında olarsa, ehtimal edirəm ki, könüllü gedənlərin tərxis edilməsi ilə bağlı məsələyə baxılacaq”.


Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev tərxislə bağlı sərəncam imzalamışdı.

Loading...