Siyasət
31.12.2020 11:21
523

"Könüllülük hərəkatı gənclər arasında həmrəyliyin inkişafında müstəsna rol oynayır" - AÇIQLAMA

"Vətənpərvərliyin, insansevərliyin, xoş niyyətliliyin təbliği olan Könüllülüyün daha geniş vüsət alması, gənclərdə fərdi inkişafın formalaşması məqsədilə ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan olundu. Xeyirxahlıq, təmənnasız yardım kimi ənənələr xalqımız tərəfindən əsrlərlə davam etdirilməkdədir. Əslində hadisələr gözlənilmədən elə bir xarakter aldı ki, 2020-ci ilin könüllülük hərəkatı həm də döyüş cəbhəsində öz ifadəsini tapdı". 

MediaBaku.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalı deyib.


Onun sözlərinə görə, sentyabr ayının 27-də Ermənistanın təxribatına qarşı əks-hücüm əməliyyatına keçən Silahlı Qüvvələrimizə 10 minlərlə könüllü qoşuldu: "Onlar rayonların Səfərbərlik qurumlarına gedərək təkidlə döyüş cəbhəsinə getmək istədiklərini bildirdilər. Xeyli gənclərimiz bu istəklərinə çatdılar, 30 ildir düşmənin işğalı etdiyi torpaqlarımızda böyük qəhrəmanlıq və şücaət göstərdilər. Könüllülük bu günə qədər sosial proqramların həyata keçirilməsində, idman yarışlarının reallaşmasında, humanitar vəzifələrin icrasında özünü ifadə edib, təsdiqini tapmışdısa Vətən Müharibəsində istər oğlan, istərsə də qız gənclərimiz könüllü şəkildə erməni işğalçılarına qarşı apardığımız müharibə meydanında mərdliklə döyüşdülər, Zəfərin əldə edilməsində danılmaz imzalarını atdılar və tariximizə şərəfli səhifələr yazdılar".


G.Ağamalı vurğulayıb ki, Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin 44 gün apardığı "Dəmir yumruq" hərbi əməliyyatı xalqımıza Zəfər sevincini yaşatdı: "Xalqımızın 30 illik həsrətinə son qoyuldu, torpaqlarımız öz əbədi sahibinə qovuşdu. Könüllülük hərəkatı mahiyətcə həm də, gənclər arasında həmrəyliyin yaranmasında və inkişafında müstəsna rol oynamaqdadır. Həmrəylik günümüz mübarək, əziz soydaşlar!".

Loading...
Loading...