Koronavirus bəlası bitmir:  18 yanvardan sonra bizi nə gözləyir?
Ölkə
12.01.2021 09:34
371

Koronavirus bəlası bitmir: 18 yanvardan sonra bizi nə gözləyir?

Həkim qaydaların yumşaldılmasının tərəfdarıdır: “Metro da açılmalıdır, digər obyektlər də”

Dünyada koronavirusa yoluxma halları pik həddə çatıb. Belə ki, biz bu materialı hazırlayan zaman dünyada ümumilikdə 90 milyon 748 min adam yoluxub. Onlardan 1 milyon 944 nəfəri dünyasını dəyişib. Bu zamana qədər müalicə alaraq sağalanlar isə 64 milyon 892 nəfərdir. Ötən sutka koronavirusa 612 min 446 nəfər yoluxub. 8 min 893 nəfər isə son 24 saatda  bu virusdan dünyasını dəyişib. Hər iki göstərici ötən aylarla müqayisədə yüksəkdir. Koronavirus hazırda dövrünün ən pik həddini yaşayır. Bundan sonra nələrin olacağı isə məlum deyil.


İndiyə qədər COVİD-19-la bağlı bir neçə dəfə proqnozlar verilib və bildirilib ki, hazırda koronavirusa yoluxma pik həddədir. Əksər mütəxəssislər hesab edirdilər ki, getdikcə bu rəqəm enən xəttə keçəcək. Lakin son zamanlar bunun əksini müşahidə etdik.


Hazırda dünyada vaksinasiya prosesi başlayıb. Bununla bağlı hər gün yeni məlumatlar verilir və Azərbaycanın da yaxın günlərdə vaksinasiya prosesinə başlayacağı gözləniləndir. İlk olaraq risk qrupuna daxil olan şəxslərə (tibb işçiləri, 65 yaşdan yuxarı olan şəxslər və sairə) vaksin vurulacaq. Bu barədə daha öncəki saylarımızdan detallı məlumatlar yazdığımız üçün bu barədə xırdalıqlara getmirik.


Hazırda Azərbaycanda hər kəsi maraqlandıran məsələ ölkəmizdəki sərt karantin rejiminin nə zaman qaldırılacağıdır. Nazirlər Kabinetinin qərarına əsasən ölkədə 18 yanvara qədər sərt karantin rejimi tətbiq edilib. Yəni bu zamana qədər sərt karantin rejiminin aradan qaldırılacağı real görünmür. Heç bu barədə hansısa rəsmi açıqlama da mövcud deyil. Gözləntilər bu tarixdən sonraya aiddir. Hazırda ölkədə demək olar ki, obyektlərin hamısı online xidmətə keçib. Bir çox sahələr istisna olmaqla, iş fəaliyyətləri xeyli məhdudlaşdırılıb.


Yoluxma sayında isə karantindən əvvəlki dövrlə müqayisədə azalma görürük. Son göstəriciyə görə (10 yanvar) Azərbaycanda 13 min 61 nəfər aktiv koronavirus xəstəsi var. Yoluxma ən çox Bakının payına düşür (52.1 faiz).


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sonxeber.az saytına bildirib ki, 18 yanvardan sonra karantinin yumşaldılması ilə bağlı onda heç bir məlumat yoxdur:


“Hazırda yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq edilir. Sərt karantin rejimi ilə bağlı hər hansı məlumat çıxarsa, tərəfimizdən bu barədə ictimaiyyətə məlumat veriləcək”.


Onu da qeyd edək ki, artıq dünyanın bir çox yerində Miladla bağlı tətbiq edilən sərt karantin rejimi aradan qaldırılıb. Məsələn, İtaliyada Milad və Yeni il bayramları ilə bağlı tətil dövrü başa çatdıqdan sonra ölkədə karantin qaydalarında yeni mərhələ başlayıb. Yanvarın 11-dən etibarən İtaliyanın regionları səviyyəsində tənzimlənmiş işıqfor sistemi yenidən qüvvəyə minib və 20 regiondan 15-i “sarı zona” elan edilib. Bu isə o deməkdir ki, həmin regionlarda epidemioloji vəziyyət qastronomiya obyektlərinin yenidən fəaliyyət göstərməsinə icazə verib. Həmin regionlarda kafe və restoranların fəaliyyətinə icazə verilməsi 220 min obyektin qapılarını öz müştəriləri üçün açmasına imkan yaradıb.


Ölkənin beş regionu (Lombardiya, Emiliya-Romanya, Veneto, Karabriya və Siciliya) isə yoluxma səviyyəsi yüksək olduğuna görə “narıncı zona” elan edilib.


Karantin qaydalarının yumşaldılması ilə bağlı ən böyük xaos isə təhsil sistemində hökm sürür. Nazirlər Kabineti yanvarın 11-də bütün ölkə üzrə yuxarı siniflər üçün tədrisin bərpa olunacağını nəzərdə tutsa da, Lombardiya və bir sıra böyük regionların hökumətləri tədrisin distant formada davamına qərar veriblər. Məktəblərin açılışının hər regionda fərqli tarixdə nəzərdə tutulması valideyn və müəllimlər arasında narazılıqla qarşılanıb. Hökumətin koronavirus böhranında yürütdüyü təhsil siyasətinə etiraz olaraq ötən həftəsonu ölkənin müxtəlif regionlarında şagirdlərin maraqlarını təmsil edən təşkilatlar aksiyalar təşkil ediblər.


Həkim Qalib Əsədov “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda da karantin rejimi tamamilə ləğv edilməlidir:


“Sərt karantin rejimini tətbiq etməyən Belarus, Koreyanın, İsveçrənin göstəriciləri ilə bizim göstəricilərimizi müqayisə etsək görərik ki, karantin yoluxmanın qarşısını almaq üçün həll yolu deyil. Koreyada 600 nəfər, bizdə isə 3 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Ona görə də karantin rejimi tamamilə götürülməli, insanlar əvvəlki həyatlarına qayıtmalıdırlar. Dünyada hazırda vaksinasiya prosesi gedir və bir yandan da mutasiya xəbərləri  gəlir. Artıq sübut olunub ki, hazırkı vaksinlər mutasiyaya uğrayan viruslara da təsir edir. Lakin bu cür təşkilatçılıqla mənə elə gəlir ki, prosesi uzatmaq istəyirlər. Ciddi işlər görülməlidir. Belə təşkilatçılıq olmaz. Əgər bizdə sərt karantin olmasaydı, koronavirusa yoluxma ölkəmiz üçün çoxdan bitmişdi. İnsanlarda kollektiv immunitet yaranardı və biz daha yaxşı yaşayardıq”.


Həkim hesab edir ki, dünya bizim yolumuzla getmir:


​“Dünyanın heç bir yerində SMS-lə küçəyə çıxılmır, 10 aylıq sərt karantin rejimi olmayıb, ölkədaxili gediş-gəliş bu cür məhdudlaşdırılmayıb, çimərliklər bağlı saxlanılmayıb və sairə. Ona görə də biz karantini ləğv edib, metronu açmalıyıq. Cəmiyyət əvvəlki şəraitinə qayıtmalıdır. Yalnız bundan sonra koronavirusa qalib gələ bilərik”.

Loading...