“Kristal Abşeron” şirkəti ilə bağlı prezidentə şikayət edildi  – MƏTN
Cəmiyyət
27.12.2020 23:55
625

“Kristal Abşeron” şirkəti ilə bağlı prezidentə şikayət edildi – MƏTN

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, məcburi köçkünlər üçün inşa edilən “Qobu Park-2” yaşayış massivinin sakinləri “Kristal Abşeron” şirkətindən şikayətçidir.


MediaBaku.az Correct.az-a istinadən xəbər verir ki, sözügedən massivdə yaşayan bir qrup məcburi köçkün ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya açıq şikayət məktubu ünvanlayıblar.


Məcburi köçkünlər ölkə başçısına və birinci xanıma müraciət edərək işğal altında olan ərazilərdə aparılan tikinti işlərinə “Kristal Abşeron” şirkətinin cəlb edilməməsini xahiş ediblər. Onlar əlavə ediblər ki, adıçəkilən şirkətin Lökbatan qəsəbəsində inşa etdikləri binalar bir il keçməsinə baxmayaraq yaşanılmaz və rahatsız vəziyyətə gəlib.


Həmin müraciəti oxucularımıza təqdim edirik:


“Ölkə başçısı və birinci xanıma Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” yaşayış massivinin bir qrup sakinləri tərəfindən müraciət.


Cənab prezident və birinci xanım, əvvəla sizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızın azad olunmasında ortaya qoyduğunuz iradə və qətiyyətə görə məcburi köçkünlər adından sizlərə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.


Möhtərəm prezident və birinci xanım, yazıb sizdən təvəqqe edirik ki, işğaldan azad olunan torpaqlarımızda yeni binaların inşasını “Kristal Abşeron” şirkətinə həvalə etməyəsiniz və onları tikinti işindən uzaq tutasınız. Çünki hazırda məskunlaşdırıldığımız “Qobu Park 2” yaşayış massivində durum heç də ürəkaçan deyil.


Belə ki, “Qobu Park 2” yaşayış massivində xeyli müddət su problemi yaşadıq, böyük narazılıqdan sonra problem həllini tapdı, daha sonra binaların üzlüyü qopub başımıza tökülməyə başladı. Onun çıxış yolunu isə üzlüyü binaya “şuruplamaqla” gördülər. İndi həmin “şuruplar”ın yerindən binaya su sızmağa başlayıb və divarlar nəmişlikdən göyərir. Bu azmış kimi binaların üstü də keyfiyyətsiz, başdangetdi tollandığı üçün 10-cu mərtəbədə yaşayanların evlərinin tavanları kiflənməyə, evlərdən üfunət qoxusu gəlməyə başlayıb.


Aidiyyəti alt quruma müraciət etsək də problemin köklü həll olacağına inanmırıq. Xahiş edirik ki, sözügüdən şirkət barəsində ölçü götürülməsi üçün göstəriş verəsiniz. Və bizim yaşadıqlarımızı onlarla, yüzlərlə, hətta minlərlə sakinə yaşatmaması üçün “Kristal Abşeron” şirkətini tikinti prosesindən kənarda saxlamağınızı sizdən xahiş edirik”.


Qeyd edək ki, məcburi köçkünlərin şikayəti və səsləndirdikləri iddialarla bağlı “Kristal Abşeron” MTK-ya informasiya sorğusu göndərilib. Onların da mövqeyini dərc etməyə hazırıq.

Loading...