Lavrovdan Tehrana
Siyasət
13.12.2020 04:55
313

Lavrovdan Tehrana "Qarabağ cavabı": Rusiya İranı sakitləşdirmək istəyir

Qarabağdakı Vətən Müharibəsinin qələbə ilə başa çatmasından sonra Bakıda keçirilmiş Zəfər Paradında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi şeir İranda birmənalı qarşılanmayıb.

İran rəsmiləri, siyasətçiləri və ictimai xadimlər mərhum Bəxtiyar Vahabzadənin şeirindən iqtibası "İranın daxili işlərinə qarışmaq, İrana qarşı ərazi iddiaları" qismində dəyərləndirilib.

İranın XİN başçısı Cavad Zərif Twitter akkauntunda mövqeyini bəyan edərək "İranın ərazilərinə kimsə göz dikə bilməz" yazıb.

İran parlamentinin deputatı Əli Əsgər Hani isə Twitter hesabında Səddam Hüseynin edamından fotolar paylaşaraq yazmışdı: "İran torpaqlarına göz dikən son şəxsin aqibəti bu idi".

Twitter bu paylaşımı silib.

Türkiyənin Tehrandakı səfiri Derya Örs İran XİN-ə çağırılıb. İran XİN-nın sözçüsü Səid Xətibzadənin dediyinə görə, nazirin müavini səfirdən Ərdoğanın Bakıdakı açıqlamalarıyla bağlı izahat gözlədiyini söyləyib.

Bu arada Türkiyə XİN-ə çağrılan İran səfiri Məhəmməd Ferazməndə bildirib ki, İran XİN rəhbəri Cavad Zərif öz iradını başqa yollarla da Türkiyəyə bildirə bilərdi, lakin o, açıq şəkildə öz Twitter hesabında bunu yazmaqla İran və Türkiyə arasındakı isti münasibətlərə zərər gətirib.

Səfirə İranın Xarici İşlər naziri Cavad Zərifin tvit paylaşımına, sonra isə Türkiyənin Tehrandakı səfiri Derya Örsün İranın Xarici İşlər Nazirliyinə çağırılmasına, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana yönələn əsaslandırılmamış iddiaların ortaya atılmasına və beləliklə, İranda Türkiyəyə yönəlik nifrət kampaniyasına başlanılmasına narazılıq ifadə edilib.

Rəsmi Tehran Qarabağ münaqişəsinin çözüm prosesindən də narazıdır. Belə ki, İran, prosesdən kənarda qaldığını, daha doğrusu "kənarda saxlanıldığını" və Rusiyanın önə düşdüyünü sətiraltı mesajlarla Moskvanın diqqətinə çatdırıb.

Təbii ki, Rusiya bu messiclərə laqeyd qalmayıb.

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan-Rusiya formatında nizamlanması İranın maraqlarından yan keçmək şərtilə nizamlanmayıb".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Teleradio Şirkətinə (İRİB) verdiyi müsahibəsində belə deyib.

Lavrov söyləyib ki, münaqişə tərəflərinin özləri Rusiyanın vasitəçi olmasında maraqlarını izhar ediblər: "Burada heç bir "arxa fikir" yoxdur. İndi kimin nizamlanmaya kömək etdiyini və ya kimin etmədiyini düşünmək gərək deyil. Bir daha qeyd edirəm: formatın seçimi Azərbaycanla Ermənistandan asılı idi. Üçtərəfli bəyanatın iştirakçılarının heyəti məhz bununla bağlıdır. Bunu İranın və ya Türkiyənin maraqlarını nəzərə almamaq, onların hesabına etməklə bağlı heç bir cəhd olmayıb, ola bilməzdi".

Qarabağ münaqişəsinin çözülməsində "Astana formatı"nın yeni versiyasının məqbul olacağını vurğulayan İranın təklifləri də Rusiyanı qıcıqlandırıb.

Belə ki, Rusiyanın XİN başçısı müsahibəsində daha sonra vurğulayıb ki, Qarabağ münaqişəsinin kontekstində nizamlanma uğuru qismində "Astana formatı"nın (Rusiya, İran, Türkiyə) müsbət nəticələrindən bəhs olunursa, burada söhbət məhz proses iştirakçıları olan ölkələrdən getmir.

"Mövqeyimiz belədir: bu və digər böhranlı regiondakı situasiyaya təmin imkanlarına malik ölkələr - hətta onlar fərqli, bütün məqamlarda üst-üstə düşməyən yanaşmalara malik olsalar belə - münaqişə tərəflərinə qan tökülməsinin qarşısını almağa yardım etmək qərarına gəlirlərsə və səylərini birləşdirirlərsə, bu, yaxşı nümunədir. "Astana formatı"nın dəyəri budur", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, İranın maraqları heç bir halda qulaqardı edilməyib və Azərbaycanla Ermənistanın münasibətlərinin İranın tranzit maraqlarına necə təsir edəcəyi ilə bağlı Tehranın narahatlığını anlayır. Bu maraqlar ABŞ-ın sanksiyaları şəraitində xüsusi əhəmiyyət kəsb edir: "Uzun illər boyu hamı tərəfindən təqdir edilən əsas prinsipdən imtina etmək mümkün deyil: münaqişənin sonucu bütün regionda münasibətlərin normallaşması olmalıdır".

Bundan başqa, S.Lavrov hesab edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı münaqişənin ən qızğın dövründə İranın regional yanaşma təklif edən təşəbbüsü ilə uyğundur.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Cənubi Qafqazın üç ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstanla onların üç qonşusu - Rusiya, Türkiyə və İran - arasında əməkdaşlığın normallaşmasının mümkünlüyynü vurğulayanda oxşar baxışı nümayiş etdirib. Bu, səthi sayıla biləcək müşahidədir. Hamımız qonşuluqda yaşayırıq və indi, Cənubi Qafqaz ölkələri arasındakı problemlər həll olunmağa başlayanda biz qonşu dövlətlər kimi prosesə yardım etməliyik", - Sergey Lavro vurğulayıb.

O, Tehrana aşkar messic də ünvanlayıb: "Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri postunda olduğum illərdəki fəaliyyətim ərzində iranlı həmkarlarımızla çoxsaylı təmaslar zamanı Qarabağ mövzusu onları maraqlandırması, məsləhətləşmələr və danışıqlarımız zamanı səslənməsi yadıma gəlmir".

... Azərbaycan heç bir halda Rusiya və İranla münasibətlərinin hansısa formada sərinləşməsini istəmir. Tam əksinə, rəsmi Bakı Moskva və Tehranla əlaqələrini ən geniş müstəvidə, genişmiqyaslı inkişaf etdirməkdə qərarlıdır.

Bu səbəbdən də düşünürük ki, İrandakı son proseslər məntiqi sonluqla bitəcək, Azərbaycanla təmasların inkişaf istiqamətlərində yeni mərhələlər bəlirlənəcək və Tehranla Ankara arasındakı əlaqələrdə yaranmış son insident çözüləcək.

Elçin Alıoğlu
Milli.Az


Loading...