Mədəniyyət Nazirliyi 400 min vəsaiti necə göyə sovurub?
Mədəniyyət
11.05.2022 15:10
1566

Mədəniyyət Nazirliyi 400 min vəsaiti necə göyə sovurub?

2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, daha heç nə əvvəlki olmayacaq. Bununla da hakimiyyətin bütün qollarını – icraedici, qanunverici, məhkəmə sahələrini əhatə edən kompleks islahatlar prosesinin əsası qoyuldu. Dövlət başçısının da bəyan etdiyi kimi, instusional islahatların əsas məqsədi idarəetməyə yeni nəfəs gətirmək, şəffaflığa nail olmaq, müasir dövrün çağırşları ilə ayaqlaşmaqdır. Təsadüfi deyil ki, son dörd ildə bir çox məmurlar vəzifələrindən azad edilərək, yeniləri ilə əvəz olundular. Bundan sonra cəmiyyətdə ciddi dəyişikliklərin və yeniliklərin olacağına böyük ümidlər yaransa da, bir çox hallarda bu gözləntilər özünü doğrultmadı.


Prezident İlham Əliyevin ilin əvvəlində yerli televiziyalara müsahibəsi zamanı söylədiyi fikirlər də bunun bariz nümunəsidir. SİTAT – Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatları həyata keçirilib. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıb. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə səbəb olmur. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır – SİTATın sonu.


Mədəniyyət Nazirliyində baş verənlər, dövlət sifarişlərini təyinatı üzrə xərcləmədiyi barədə səslənən idddialar bir daha sübut edir ki, ya bəzi yeni nazirlər sələflərinin yolu ilə gedir, ya da idarəetmədə buraxdığı boşluqlar səbəbindən baş verənlərdən xəbərsizdirlər.


Mədəniyyət Nazirliyi tərəfindən hüquqlarının pozulduğunu bildirən “Balta” animasiyasının prodüseri Nicat Manafovun sözlərinə görə, nazirlik animasiya xidmətləri üzrə “dövlət satınalması” həyata keçirib. Qanuna müvafiq olaraq bunun üçün tender müsabiqəsi təşkil edilməli olsa da, bundan imtina edilib. Nazirlik dədə-baba qaydası, centlmen sazişi ilə bu layihəni həyata keçirməyi “AzanFilm”ə həvaləedib. Sonradan isə onlar bundan imtina edirlər. İddialara görə, şirkətin bundan imtina etməsinin əsas səbəbi ayrılan vəsaitin nazirlik rəsmiləri ilə bölüşdürülməsi tələbi olub. “AzanFilm”in imtinasından sonra yeni bir animasiya şirkəti peyda olub və “dövlət sifarişi” ona yönəldilib.


Ən dəhşətlisi isə odur ki, bu məqsədlə 400 min manat vəsait ayrılan şirkətin nə animatoru, nə də animasiya sahəsində ixtisaslaşmış kadrı yoxdur. Üzərinə “ağır yük” qoyulduğunun fərqinə varan “Salnamə” başlayıb elanla animator və animasiya mütəxəssisi axtarışına. Hansı ki, bunu nazirlik də həyata keçirə bilərdi. “Dövlət satınalmaları haqqında” qanuna müvafiq olaraq ona görə tender tələbi qoyulur ki, dövlət vəsaitləri mənimslənilməsin və ortaya normal iş qoyulsun. Beləcə işin bir ucu gəlib çıxır “Qarınqulu” adlı animasiya layihəsinə ayrılan vəsaitin yoxa çıxmasına.


Ortaya haqlı suallar çıxır. “Qarınqulu” animasiya layihəsinə bu qədər vəsait ayırmağa dəyərdimi və bu cəmiyyətə nə verəcək? Dövlət büdcəsindən 400 min manat vəsait yönəldilən bu layihə niyə tendersiz verilib və Dövlət satınalmaları haqqında” qanunun tələbləri niyə pozulub? “Salnamə” studiyasının bunu icra edəcək komandası yoxdursa, niyə onun üzərində dayanılıb? Ortada hansı qaranlıq məqamlar olub ki, animasiya studiyası olan “AzanFilm” bu layihədən niyə imtina edib?


N.Manafov deyir ki, bu Mədəniyyət Nazirliyinin fəaliyyətində ilk belə “təcrübə”deyil: “Bu, mədəniyyət cameəsi üçün nə ilkdir, nə də son. Lakin bir məsələ də var ki, rəqabət şəraiti olmadan keyfiyyətli ekran əsərlərinin ərsəyə gəlməsi mümkün deyil. Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin rəhbəri Rüfət Həsənovun bu layihə ilə əlaqəli mənimlə bir neçə dəfə “kofeşop”da qeyri-rəsmi görüş keçirib. Ona ünvanladığım “Niyə bu layihə tendersiz verilib, niyə başqa animatorlar və şirkətlər dəvət olunmayıb” sualına isə tutarlı cavab ala bilməmişəm. Digər cavabını tapa bilmədiyim sual isə Rüfət Həsənovun bu layihədəki marağıdır.” – deyə prodüser bildirir.


Qeyd edək ki, Hokm.az Mədəniyyət Nazirliyinə sorğu ilə müraciət etsə də, Nazirliyin rəsmisi məsələnin mübahisəli olduğu üçün cavab verə bilməyəcəklərini bildirdi.


Etibarlı mənədən aldığımız məlumata görə, Rüfət Həsənov bir neçə gün öncə dövlət başçısının sərəncamı ilə yaradılan Azərbaycan Kino Agentliyinin sədri olmaq istiqamətində çalışır və artıq bu məqsədlə müəyyən dairələrlə anlaşdığı da söylənilənlər arasındadır.


Mikayıl Mirzəzadə


Hokm.az

Loading...
Loading...