Media sahəsində islahatlar başladı - Yeni qurum yaradıldı
Cəmiyyət
13.01.2021 00:23
610

Media sahəsində islahatlar başladı - Yeni qurum yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.


MediaBaku.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan bu yeni qurum KİVDF-nin bütün hüquqlarına sahib olacaq.


"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Trend-ə açıqlamasında bildirib ki, son dövrdə informasiya məkanında arzuolunmaz halların sayı çoxalmışdı, bu da mənfi nəticələrə gətirib çıxara bilərdi: "2-ci Qarabağ Müharibəsi zamanı media məkanında çoxdan bəri müşahidə olunan problemlər daha da kəskinləşdi. Söhbət informasiya təhlükəsizliliyindən, informasiya çirkliliyindən və KİV üzərindən həyata keçirilən təxribat əməllərdən gedir. Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, müxtəlif şəxslərə, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır".


Jurnalist hesab edir ki, Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı: "MEDİA jurnalistika sahəsində keyfiyyət dəyişikliklərinə olan ehtiyacları tamamilə aradan qaldıracaq. KİV haqda Qanun dövrün tələblərinə cavab vermədiyi üçün təkmilləşdirilməlidir və yeni qurum qarşısında qoyulan başlıca vəzifələrdən biri də mövcud olan "Kütləvi informasiya vasitələri" haqqında köhnələnqanunun əvəzinə "Media haqqında" qanun layihəsi hazırlamaqdır".


Qeyd edək ki, yeni yaradılan qurumun nizamnamə fondu 285405 manatdır və bu vəsait dövlət büdcəsi hesabına formalaşır. Agentlyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.


B. Quliyev həmçinin qeyd edib ki, yeni qurum jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də tədbirlər görəcək: "MEDİA-nın səlahiyyətləri arasında çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək də var".

Loading...
Loading...