Məşhurlar 2021-ci ili belə qarşıladılar -  FOTOLAR
Maqazin
01.01.2021 13:52
303

Məşhurlar 2021-ci ili belə qarşıladılar - FOTOLAR

Uzun illər sonra şou nümayəndələri Yeni ili ilk dəfə ailələri ilə, evlərində qarsalayıblar. Dünyanı cənginə alan koronovirus infeksiyasının qarşısının alınması məqsədilə restoranların bağlanması sənət adamlarını da işsiz qoyub. Tanınmışlar 2021-ci ili qarşılama anlarının görüntüsünü sosial şəbəkədə yayımlayıb.


MediaBaku.az Axşam.az-a istinadən məşhurların Yeni il fotolarını və arzularını təqdim edir:

Xalq artisti Miri Yusif ailəsi ilə olan şəklini yayımlayaraq bu sözləri yazıb:

"Həyatımızın ən çətin ilini geridə qoyduq. Amma bu il çətinliklə birlikdə bizə böyük qələbə gətirdi. Uğrunda minlərlə şəhidin canından keçdiyi, minlərlə əsgərin şücaət göstərdiyi, minlərlə qazinin başımızı ucaltdığı ağır və şərəfli bir qələbə. Ali Baş Komandanımızın ətrafında daha sıx birləşdik, gücləndik, qalib olduq. Bu gün hər birimiz həmrəyliyimizi şanlı qələbəmizə borcluyuq. Həmrəyliyimiz daimi olsun, əziz həmvətənlərim!".

 

Müğənni Roza Zərgərli də bayramı övladları ilə birlikdə keçirdiyi fotosunu sosial şəbəkədə yayımlayıb və ürək sözlərini bölüşüb:

"Yola saldığımız il yaddaşımıza şanlı zəfər ili kimi əbədi həkk olunacaq. Bu zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy, bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin. Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm".

 

Aparıcı Xoşqədəm Hidayətqızı ailə fotosunu yayımlayaraq "2020-nin son fotolarından olsun. Bu il nələr yaşadıq nələr... Kədərlə sevincin bir arada yaşandığını ilk dəfə gördüm və yaşadım. Covid 19 bəlası ilə savaşdığımız bu dönəmdə az qala hər gün bir insanımızı itirdiyimiz vaxtda Qarabaş savaşımız başladı. Tez bitməsini istədiyimiz 2020-ci il qələbə ili kimi tariximizə düşdü. Buna görə də 2020-ci ilə minnətdaram, torpaq həsrətimiz məhz bu ildə bitdi" sözlərini vurğulayıb.

 

Rəqqasə Fatimə Fətəliyeva isə bayramı Salyanda keçşirib. "Ailəmlə oğlumun ata yurdunda Salyanda doğmalarımızla siçan ili ilə sağollaşdıq. Yeni gələn ilimiz düşərli olsun. Allah Hüseynimin babasına da rəhmət eləsin. Hər zaman övladlarımı xoşbəxt görüm" deyə, sənətçi vurğulayıb.

 

Aktrisa Xəyalə Quliyeva isə 2020-ci ilin ondan anasını aldığını bildirib:

"Bu dünyada şirin şey bir anadır, bir vətən... Uşaqlıqdan dilimizin əzbəri olan bu sözlər... 2020 vətən sevincini yaşatdı, torpaqlarımız işğaldan azad olundu. Amma bunun sevincini tam yaşaya bilmədən, anamı aldı. İki şirinliyi bir arada duya bilmədim. Bu səbəbdən 2020-ci ildən nə razıyam, nə narazı. 2021-ci il hamımıza düşərli olar. Qadasız-bəlasız, xəstəliksiz, ölümsüz-itimsiz, şad-xürrəm bir il arzulayıram hamınıza! 2021-ci il, lütfən, hamıya sağlamlıq gətir".

 

Aktyor Nicat Rəhimov "Bu il hər birimiz üçün həm kədərli, həm qürurdolu oldu. Bu il hər birimizi sınadı: kimi ruzu, kimi xəstəlik, kimi itki ilə. Amma bəxş etdikləri də az olmadı: vətənimizə qovuşdurdu. Hər kəsə arzu edirəm ki, hər gələn ildə ötən ili yada salanda üzümüz yalnız gülsün" sözləri ilə izləyicilərini təbrik edib.

 

Müğənni Elnarə Xəlilova isə yeni şəklini yayımlayaraq "Bizi tək bu gün deyil, bundan sonra hər gün həmrəy görmək istəyirəm! Sizi çox sevirəm və hər birimizin bundan sonra çox xoşbəxt və firəvan yaşamağını diləyirəm. Biz sağlam və xoşbəxt yaşamağa layiq xalqıq və bunu qazanmışıq. Hər zaman belə firəvan və xoşbəxt yaşamaq arzusu ilə. Neçə bundan da gözəl illərə".

Loading...