MHP sədri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik etdi
Siyasət
31.12.2020 15:10
474

MHP sədri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik etdi

Milli Həmrəylik Partiyasının (MHP) mətbuat xidmətinin verdiyi məlumata görə, partiyanın sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciət edib, bütün soydaşlarımızı təbrik edib.


Təbrik müraciətində deyilir:


“Əziz həmvətənlər!


Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı və uğurlar arzulayıram. 
Biz dünyanın yeganə xalqıyıq ki, hər ilimiz Milli Həmrəylik ruhu ilə başa çatır. Hər ilin son günü bütün azərbaycanlıar bir nöqtədə birləşib, bir nota köklənərək, Həmrəylik Gününü ümummilli səviyyədə qeyd etməklə bir daha öz milli identikliyini, milli mənsubiyyətini təsdiqləmiş olurlar. 
Həmrəylik Günü bir dəyərdir. Həmrəylik bayramı ildə bir dəfə bizi toplum olaraq format edən, yeniləyən bir prosesdir, sosial hadisədir. 31 dekabrda dünyanın harasında olmağımızdan asılı olmayaraq hamımızın nəzərlərimiz bir-birimizə və bütün azərbaycanlıların vahid dövlətinə - müstəqil Azərbaycan Respublikasına yönəlir. Başqa sözlə desək, 31 dekabrda biz hamımız saatlarımızı Bakı vaxtı ilə qururuq. Artıq 31 ildir ki, bu bir oturuşmuş ənənə halını alıb.


Bildiyimiz kimi Həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (o vaxtkı SSRİ-İran sərhədlərinin) dağılması ilə qoyulub. Həmin vaxt Quzey  və Güney Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Beləliklə, iki əsrlik ayrılıqdan sonra, ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra Azərbaycan parlamentində Dünya azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərar qəbul edildi.
Daha sonra, 1993-cü ildə isə Ümummilli lider və dövlət başçısı Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub. Bu xronoloji faktları xatırlatmaqda məqsədim odur ki, xalqımızın milli birlik bayramının necə araya-ərsəyə gəldiyini orta və yaşlı nəslin nümayəndələri bildikləri kimi gənc nəsil də bu şərəfli tarixdən xəbərdar olsun. 


Biz bu il ilk dəfədir ki, Həmrəylik Günümüzü "gələn il bayramı Qarabağda qeyd edərik" kimi şablonlaşmış deyimə ehtiyac olmadan qeyd edirik. Düzdür, 2020-ci ildə çox çətinliklər ortaya çıxdı, çox sınaqlarla üzləşdik. COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi bizim də həyatımızın düzənini pozdu, yaşam tərzimizi kökündən dəyişdi. Ancaq bütün çətinliklərə rəğmən dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar bu il sözün tam mənasında Qarabağ üçün, Azərbaycan üçün həmrəy oldular, birləşdilər, “Dəmir Yumruğ”a çevrilməyi bacardılar.
44 günlük Vətən Müharibəsi bütün dünyaya Azərbaycan xalqının və dövlətinin qüdrətini göstərdi, milli həmrəylik performansını nümayiş etdirdi. 1989-cu ildə “İlin xalqı” kimi adını tarixə yazdıran xalqımız 2020-ci ildə yenidən bütün dünyaya həmrəy xalq düsturunu təqdim etdi. Xalqımız pandemiyaya qarşı “Biz birlikdə güclüyük!” şüarı ilə mübarizə apardı, erməni faşizminə qarşı mübarizədə isə“Dəmir yumruq”prinsipi ilə hərəkət etdi. Bütün dünya Azərbaycan xalqının birliyindən doğan gücü gördü. Xalq öz Ordusuna qucaq açdı. Xalq öz Ali Baş Komandanının ətrafında birləşdi. 


Xalq-Ordu-Ali Baş Komandan triumviratı tariximizin işğal səhifəsini qapadıb, ən yeni tariximizi – Zəfər tariximizi yazmağa başladı. Biz həmin 44 gün ərzində Azərbaycan xalqının qüdrəti ilə fərəhləndik. Sözlərlə anlada bilməyəcəyimiz tarixi anlara şahid olduq. Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik məharəti, hərbçilərimizin yenilməz  gücü, siyasi qüvvələrin həmrəyliyi  və xalqın birliyi 30 illik işğalın buxovlarını, maneələrini söküb atmağımız, haqqımızı bərpa etməyimiz üçün zəmin yaratdı, işğal altında qalan tarixi torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün artıq üç aydır ki, rəşadətli Azərbaycan Ordusunun  işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. 
Mən fürsətdən istifadə edib Vətənimizin müstəqilliyinin, ərazi bötövlüyünün qorunması naminə əsl fədakarlıq göstərən, öz canlarından keçən bütün şəhid əsgər və zabitlərimizin xatirəsini böyük ehtiram hissi ilə yad edir, onların ruhuna Allahdan rəhmət diləyirəm. Eyni zamanda şəhid valideynlərinin, şəhid  ailələrinin, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizin, qazilərimizin qarşısında baş əyirəm! Biz uzun bir aradan sonra, məhz şəhidlərimizin, qəhrəman əsgərlərimizin, könüllülərimizin şücaəti sayəsində son 30 ildə ilk dəfədir ki, Həmrəylik bayramımızı ərazi bütövlüyümüzə nail olmuş ölkə kimi, xalq kimi doğma Qarabağımızla birlikdə qarşılayırıq.


Əziz soydaşlar!


10 noyabr Bəyanatının imzalanması ilə müharibənin aktiv fazası bitsə də və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, lakin bütövlükdə isə siyasi-diplomatik davamız, ideoloji mücadiləmiz, informasiya savaşımız hələ bitməyib. Bu baxımdan qarşıdakı mərhələdə daxili ictimai-siyasi sabitliyə, milli həmrəyliyə daha çox ehtiyacımız olacaq. Çünki xalqımızın, dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli bunsuz mümkün deyil. İnanın ki, milli həmrəylik gələcək bütün qələbələrimizin əsas zəmini, həlledici amili ola bilər. Odur ki, sizi qarşıdakı ümummilli hədəflərimizin  gerçəkləşməsi naminə daha sıx birləşməyə, 44 günlük savaş dönəmindəki birlik ovqatımızı qoruyub saxlamağa çağırırıq. Təcrübə onu göstərdi ki, biz birləşəndə həqiqətən də sarsılmaz gücə çevrilirik. 


Mən Milli Həmrəylik Partiyasının sədri olaraq bütün soydaşlarımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən  təbrik edir, hər bir azərbaycanlıya ölkəmizin gələcək uğurlarının fəal iştirakçısı olmağı arzu edirəm. Bayramınız mübarək olsun, əziz həmvətənlər! Yaşasın Azərbaycan!


Hörmətlə:Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri”

Loading...