Milli Həmrəylik Partiyası Bakıdakı Türk məzarlığını ziyarət etdi - FOTO
Siyasət
15.09.2021 17:53
867

Milli Həmrəylik Partiyası Bakıdakı Türk məzarlığını ziyarət etdi - FOTO

1918-ci il sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsi uğrunda aparılan döyüşlərdə canlarından keçmiş qəhrəmanların xatirəsi Milli Həmrəylik Partiyasının (MHP) üzvləri tərəfindən anılıb. 

Bu barədə MHP-nin mətbuat xidmətindən məlumat verilib. 

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov, eləcə də partiyanın İdarə Heyətinin üzvləri - Oktay Ərgünəş və Telman Mirzəyev 15 sentyabr şəhidlərinin ruhuna ehtiram və sayğı əlaməti olaraq bu gün Şəhidlər Xiyabanında yerləşən Türk məzarlığını ziyarət ediblər. 

Onlar şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül qoyub və şəhidlərimizin ruhları üçün dualar oxuyublar. 

Ə.Hüseynov MHP mətbuat xidmətinə verdiyi açıqlamasında bildirib ki, 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də əfsanəvi sərkərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Türk-İslam Ordusunun Azərbaycan Korpusu ilə birlikdə Bakını bolşevik-daşnak işğalından azad etməsi nəticəsində erməni daşnaklarının və bolşeviklərin Bakı və ətraf bölgələrdəki ağalığına son qoyuldu, xalqımız yenidən öz tarixi paytaxtına qovuşdu:

"Bakının erməni-bolşevik işğalından azad edilməsi tamamilə haqlı olaraq 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri sayılır. Həm də ona görə ki, çünki məhz bu şanlı tarixi hadisənin sayəsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtını Gəncədən Bakıya köçürmək mümkün oldu. 15 sentyabr xalqımızla paytaxtımızın qovuşduğu gündür".

Partiya sədri daha sonra vurğulayıb ki, bu döyüşlərdə 1130 nəfər türk əsgəri qəhrəmancasına şəhid olub. 

"Bu gün Azərbaycanın bir çox bölgələrində həmin şəhid türk əsgərlərinin məzarlarına rast gəlmək mümkündür. Qədirbilən xalqımız o məzarlara da, o məzarlarda yatan şəhid türk əsgərlərinin ruhlarına da həmişə böyük ehtiram və sayğı ilə yanaşır. Biz əziz şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik",- deyə MHP sədri bildirib.

Əlisahib Hüseynov 1918-ci il sentyabrın 15-də Bakının işğalçılardan azad olunmasının Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının böyük sınaqdan müvəffəqiyyətlə çıxması baxımından da olduqca mühüm əhəmiyyət daşıyan bir hadisə olduğunu qeyd edib: "Odur ki, hər il sentyabrın 15-də bu tarixi hadisə dövlətimiz və xalqımız tərəfindən yüksək səviyyədə qeyd edilir, şəhid əsgərlərin xatirəsi dərin hörmətlə anılır. Dövlət səviyyəsində təşkil olunan anım tədbirləri Azərbaycan-Türkiyə qardaşlığının real təzahürüdür". 

Milli Həmrəylik Partiyasının sədri həmçinin Azərbaycan-Türkiyə qardaşlığının bütün dünya üçün müsbət örnək olduğunu diqqətə çatdırıb. 

"Ulu Öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” ifadəsi bu gün bu iki qardaş ölkənin münasibətlərində öz əyani təsdiqini tapır. Və bu gün bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında sıx dostluq və strateji müttəfiqlik müstəvisində davam etdirilir. Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün müsbət nümunədir. Və bizim bu qardaşlığımız əbədi olaraq davam edəcək. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və dönməzdir",- deyə Əlisahib Hüseynov bildirib.


Loading...
Loading...