Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyində 20 Yanvar şəhidləri anılıb – FOTOLAR
Cəmiyyət
24.01.2022 20:15
822

Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyində 20 Yanvar şəhidləri anılıb – FOTOLAR

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyində 20 Yanvar şəhidləri anılıb.


Anım mərasimində Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, birliyin üzvü Günay Məmmədova, Şəhid, XTQ giziri Əli Seyidovun anası Lalə Seyidova, Şəhid, Baş leytenant Hikmət Səfərovun qardaşı qızı Nərmin Səfərova, Vətən müharibəsi qaziləri Ramin Şirinov, Hüseyn Hüseynov və Samir Hüseynov iştirak ediblər.


Tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.


Dövlətin Şəhid ailələrinə qayğısından danışan Ə. Məmmədov tədbir iştirakçılarını Salamlayaraq Prezident İlham Əliyevin Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə necə həssallıqla yanaşmasından söz açıb:


“Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu da Cənab Prezidentin şəxsən nəzarətindədir. Prezidentimiz bunu hər zaman diqqətdə saxlayır”.


Şəhidin anası Lalə Seyidova da öz növbəsində özü və ailəsi adından tədbir iştirakçılarına, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinə, xüsusilə, dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlğını ifadə edib.


Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri çıxış edərək ordu quruculuğu, Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyindən və gənclərin müharibə vaxtı göstərdiyi şücaətdən danışaraq Azərbaycan xalqının 30 illik əsarətdən necə xilas olduğunu bir daha xatırladıblar.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.


Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.


Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.


Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.


Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.


1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.


Loading...
Loading...