Müharibənin ortaya çıxardığı həqiqətlər  – Azərbaycanlılar və ermənilər arasındakı mühüm fərq nədir?
Siyasət
05.12.2020 01:29
146

Müharibənin ortaya çıxardığı həqiqətlər – Azərbaycanlılar və ermənilər arasındakı mühüm fərq nədir?

Vətən Müharibəsi başa çatsa da, Azərbaycanın qələbəsi və ümumilikdə müharibə hələ də müzakirə olunur. Azərbaycanın bu müharibədəki qələbəsi təkcə Azərbaycan və Ermənistanda deyil, eyni zamanda dünyanın tanınmış ekspertləri, hərbi və siyasi mərkəzlərində də hələ uzun müddət araşdırılıb, öyrəniləcək.

Ermənistan cəmiyyəti məğlubiyyətini siyasi səbəblərdə, hakimiyyətin səriştəsizliyi, beynəlxalq siyasətdəki gerilik və sairə ilə izah etməyə çalışır. Həmçinin Azərbaycanda və eləcə də xaricdəki ekspertlər Azərbaycanın qələbəsini müharibəyə yaxşı hazırlaşma, Bakının apardığı uğurlu xarici siyasət,  ordu quruculuğu, müasir hərbi texnikadan istifadə və digər bu kimi amillərlə izah edirlər.

Təbii ki, bu faktorların hər birinin ayrılıqda ciddi rolu və təsiri vardır. Lakin eyni zamanda, bu savaşın qələbə ilə bitməsində çox mühüm və incə bir detal var: xalqların ənənəsi və təcrübəsi.

Məsələ ondadır ki, Azərbaycanda hər kəs o fikirdədir ki, birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərindən biri Azərbaycandakı siyasi vəziyyət, konkret olaraq dövlət quruculuğunun möhkəm olmaması, siyasi anarxiya və qeyri-sabitlik olub. Məlumdur ki, dövlət yeni yaranırdı, siyasi institutlar, dövlət orqanları hələ oturuşmamışdı, bunun üzərinə xarici təsirlər və siyasi qüvvələr arasındakı münaqişəni də gəldikdə məlum vəziyyət alındı. Nəticədə isə Azərbaycan döyüşü uduzdu, torpaqlarının bir qismini itirdi.

Lakin deyilə  bilər ki, 90-cı illərdə eyni vəziyyət Ermənistanda da mövcud idi. Orda da dövlət yeni yaranırdı, dövlət qurumları, siyasi qüvvələr hələ oturuşmamışdı, Azərbaycanda olduğu kimi. Orda da siyasi münaqişələr vardı. Amma buna baxmayaraq, ermənilər qalib gəldi.

Düşünürəm ki, burada xalqların strukturunun böyük rolu oldu. Məsələ ondadır ki, erməni xalqı uzun bir tarixi dövr ərzində, ən azı son minillikdə dövlətə sahib olmayıb və varlığını icmalar üzərindən qoruyub, saxlayıb. Erməni kilsəsi və daha sonra yaranan millətçi təşkilatlar xalqın əsas aparıcı qüvvəsi və lokomotivi rolunu oynayıb. Bu səbəbdən də regionda hər dəfə mövcud dövlətlər zəifləyəndə və dağılanda, icma olaraq hazırlıqlı olan ermənilər iddialı şəkildə ortaya çıxaraq, hədəflərini reallaşdıra biliblər. Bu, ötən əsrin əvvəllərində Osmanlı və Rusiyanın dağılması prosesində, 20-ci əsrində sonunda isə SSRİ-nin dağılması zamanı özünü göstərib.

141023114624_kurdish_fighters_afp_624x351_afp_nocredit.jpg (41 KB)

Yeri gəlmişkən, bu, yalnız erməni xalqına xas istedad deyil, dünyada bir çox bu cür xalqlar var. Məsələn, Yaxın Şərqin ən böyük xalqlarından biri olan kürdlər də hər dəfə siyasi xaos və dövlətlərin dağıldığı dövrdə parlayırlar. Birinci və İkinci dünya müharibələri, həmçinin İraqın işğalı və son olaraq, Suriyada başlayan vətəndaş müharibəsi, İŞİD hadisəsi vaxtı kürdlər regionda “parladılar”. Bütün bu hadisələr zamanı kürd dövlətləri ortaya çıxsa da, sonradan mövcudluğunu qoruyub saxlaya bilmədilər. Hətta İraqın şimalında qurduqları muxtariyyət belə uzun illərdir iki və daha çox hakimiyyətlilik yaşayır. Çünki çox vacib bir detal - dövlət ənənəsi zəifdir.

Azərbaycan xalqı isə ermənilərdən fərqli olaraq dövlət ənənəsi olan və buna bağlı xalqdır. Bu səbəbdən də hər dəfə regionda siyasi xaos və böhranlar zamanı azərbaycanlılar müvazinət və torpaqlarını itirirlər. Azərbaycan ərazilərində xaos yaranır. Bir neçə kiçik dövlətlər və ya iddialılar ortaya çıxır, hər qrup və ya qüvvə özünü hakimi-mütləq görür, nəticədə isə ümumi planda məğlubiyyət yaşayır.

Başqa sözlə, güclü dövlət azərbaycanlı şüurunda əsas yeri tutur. O, güclü dövlətin qəhrəman əsgəri, zərbəçi əməkçisi, fədakar vətəndaşı ola bilir. Amma dövlət zəifləyəndə o ümidsizləşir, icma olmadığı üçün pərakəndə və xaotik olur.

ÜEE.jpg (82 KB)

Orta əsrlərdə yaranmış “Şahsevən millət” sözü də bir mənada bunu nəzərdə tutur. Şah o zaman həm də dövlət demək idi. Azərbaycanlı isə şaha, yəni dövlətə bağlı idi.

Bu mənada müharibə Azərbaycan xalqının bu xüsusiyyətini ortaya çıxardı. Güclü dövlət həm də güclü xalq deməkdir. Dövlət güclü olanda xalq bütün hədəflərinə nail ola bilir. Necə ki bu müharibədə nail oldu. 

Musavat.com

Loading...
Loading...