Nə qədər ziyan vursalar da, yenə də biz o yerlərdə Cənnət yaradacağıq - FOTO
Cəmiyyət
22.12.2020 20:55
177

Nə qədər ziyan vursalar da, yenə də biz o yerlərdə Cənnət yaradacağıq - FOTO

Mənfur düşmənlərimizin məğlubiyyəti onları necə deyərlər, yandırdı, külə döndərdi. 30 ildir ki, kök saldıqları əzəli və əbədi torpaqlarımızı tərk edərkən o yerlərə əllərindən gələn ziyanı vuraraq getdilər. Onlara elə gəldi ki, illərin, əsrlərin ağaclarını yandırmaqla bizə ziyan vuracaqlar. Daha bilmədilər ki, nə qədər ziyan vursalar, nə qədər ağacları, meşələri yandırsalar, tarixi abidələrimiz məhv etsələr də, biz yenidən orada həyata başlayacağıq və yenidən o yerləri cənnətə çevirəcəyik.

MediaBaku.az xəbər verir ki, elə bu məqsədlə də dekabr ayının 17-də Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin və Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf  Mərkəzinin Ekologiya şöbəsinin təşkilatçılığı ilə Dağlıq Qarabağ və işğaldan azad olunmuş ətraf rayonlarımızın tarixi, flora və faunasının təbliği mövzuzunda dəyirmi masa keçirildi. 

Tədbirdə qonaq qismində Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli məktəbin direktoru Tahirə Səfərova və müəllim kolektivi, Sumqayıt şəhər 1 nömrəli UGİM direktoru Əntiqə Rzayeva və müəllim kollektivi, Almaniya beynəlxalq əməkdaşlıq cəmiyyətinin “Almaniya Qafqaz şəhərlər şəbəkəsinin “Azərbaycan üzrə məsləhətçisi Hacıəhmədova Şəfiqə, 4 nömrəli Sumqayıt şəhər Ekologiya idarəsinin əməkdaşı Namiq Quliyev iştirak edirdi.

Tədbiri açıq elan edən 1 nömrəli UGİM ekologiya şöbəsinin əməkdaşı Musayeva Sevinc sözü 22 nömrəli məktəbin İbtidai siniflərində təlim-tərbiyə işləri üzrə direktor müavini və məktəbin biologiya müəlliməsi Billurə xanım Mehdiyevaya verdi.

Dəyirmi masa arxasında Billurə Mehdiyeva əvvəlcə tədbir iştirakçılarını salamlayıb sonra da çıxışına başladı:

- Məlum 1988-ci ildə Ermənistan tərəfindən başladılmış müharibədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda ərazidə bitki və heyvanlar aləminin məhv edilməsinə, bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğalçılıq dövründə qanunsuz yol tikintiləri, meşələrin kütləvi surətdə qırılması, bombardumanlar və yanğınlar nəticəsində Qazax, Tovuz, Gədəbəy, Zəngilan, Qubadlı, Kəlbəcər, Xanlar rayonlarının və DQMV-nin meşələrindən 0,5 milyondan artıq ağac və kollar, 152 ədəd relikt ağac növləri, 13197,5 hektar qiymətli meşə sahələri, 665 hektar təbii bərpa meşələri, 75 hektar süni meşə salma materialı, təbiət abidəsi statusu almış 5 geoloji obyekt vəhşicəsinə dağıdılmış və kommersiya məqsədləri üçün isdifadə edilmişdir.

İşğal altında olan, xüsusi ilə Ağdam rayonu ərazisinə Ermənistandan gətirilən radioaktiv tullantılar yerləşdirilib. Ümumilikdə Dağlıq Qarabağda 250 min hektar meşə sahəsi nüvə tullantıları ilə çirkləndirilmişdir. Qazax rayon isdiqamətində Murov dağ silsiləsi boyu, Ağdərə rayon isdiqamətində Talış, Gülüstan, Baranbart meşələrində, Qubadlı rayonunun Əyin, Hərtiz, Zor, Fərcan meşələrində 100 hektarlarla sahədə fısdıq, saqqız, şam, palıd, qoz və.s çoxillik ağaclar kəsilib. Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazisini əhatə edən məhsuldar fısdıq meşələri, Laçın rayonunun Şəlvə dərəsində ki, dekorativ oduncaqlı, iri gövdəli, qırmızı palıd meşələri, Kəlbəcər meşə təsərüfatındakı ayı fındığı ağacları, Zəngilan rayonunun 107 hektar ərazisində yerləşən qoruq demək olar ki, yer üzündən silinib. Çinarlıqlar hissə-hissə İran mebel fabriklərinə və başqa tikinti sənaye fabriklərinə satılıb. 2000-ci ildə Zəngilanda 70 çinar ağaclarının hər biri 100 ABŞ dollarına Tehran qubernatoruna satılıb. 110 çinar ağacı kökündən çıxarılaraq Göyçə (Sevan) gölünün sahillərinə və Yerəvan şəhərinin ətrafına küçürülüb. Bəsit çay qoruğundaki möhtəşəm çinar və qoz ağacları Ermənistan tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılıb. Bəsit çay dövlət təbiət qoruğundaki şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatırdı. Onların gövdələrinin diametri 4m, hündürlüyü 54 m-dən yuxarı idi. Avropada analoqu olmayan bu ağaclar tamamilə məhv edilmişdi. Beləliklə Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən-obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən 31,72 milyard manat məbləğində ziyan dəymişdir. Ancaq nə qədər ziyan vursalar da, biz yenidən o yerlərdə yaşayışı bərpa edəcəyik. Onların məğlubiyyəti bizim qələbəmiz oldu. Biz bu qələbəni müzəffər ordumuzun və hörmətli prezidentimizin sayəsində yaşadıq. Yeri gəlmişkən hörmətli prezidentimiz cənab İlham Əliyevin bu yaxınlarda doğum gündür. Mən şəxsən öz adımdan və bütün məktəbimizin pedaqoji kollektivi adından cənab prezidentimizi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram.

​Sonra söz işğaldan azad olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan olan şagirdlərə verildi. Şagirdlər öz ata-baba yurdlarının tarixi, flora və faunasından və onlara dəymiş ziyanlardan, yaranmış ekoloji problemlərdən danışdılar. Sonda tədbirin qonaqları Tahirə Səfərova, Əntiqə Rzayeva, Şəfiqə Hacıəhmədova və Namiq Quliyev vətən müharibəsindəki qələbə münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər və şəhidlərimizi hörmətlə andılar.


Loading...